Qüdrət Həsənquliyev: “Ermənistan ölümcül zərbə almayanadək güzəştə getməyəcək” Siyasət

Qüdrət Həsənquliyev: “Ermənistan ölümcül zərbə almayanadək güzəştə getməyəcək”

Son zamanlar cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi hər bir vətəndaşı narahat edir. Azərbaycan 22 ildən sonra yenidən başlayan bu döyüşlərdə revanşını ala biləcəkmi? Müharibədə rus izi varmi və bu, tərəflərə nə qazandıracaq? Beynəlxalq qurumlar tərəfdən təqdim olunan sülh sazişləri milli maraqlarımıza nə qədər cavab verir?

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimiz də bu suallar ətrafında oldu. Deputatın Strateq.az-a müsahibəsini təqdim edirik:

– Serj Sarkisyanın bu yaxınlarda verdiyi bəyanat müharibə elanı kimi idi. Onun sözlərindən belə çıxırdı ki, erməni tərəfi heç bir güzəştə getməyəcək. Ermənilərin güzəştlərdən imtinası qarşı tərəfi, konkert halda Azərbaycanı müharibəyə, öz torpaq bütövlüyünü bərpa etməyə sürükləyir. Ermənistan prezidenti Rusiyanın ona qarşı planından xəbərdardırsa və bilirsə ki, ona məğlubiyyət daddırıb istefaya məcbur etmək ssenarisi həyata keçirilir, niyə buna həm də özü əsas yaradır?

– Sarkisyan şahin bəyanatlar verməyə məhkumdur. Hiss etdirsə ki, güzəştə meyllənib, onu "satqın prezident" kimi devirəcəklər. Faktiki olaraq Ermənistan prezidentinin 2 yolu var: ya öz əvvəlki mövqeyindən geri addım atmadan prinsipial, "vətənpərvər" dövlət adamı, ya da "satqın" kimi devrilmək. Görünür, o, qarşı-qarşıya qaldığı iki faciəvi sonluq arasında ən şərəfli olanı seçib. Amma bu qədər aqressiv görünməsinə baxmayaraq, onun müharibəyə gedəcəyinə inanmıram. Əgər müharibə başlayacaqsa, hər şey yenə onun iradəsindən kənarda olacaq. Müharibəyə o yox, erməni ordusundakı Rusiyaya bağlı generalitet başlayacaq. Elə bu səbəbdən də Sarkisyan bu təhlükəni aradan qaldırmaq üçün orduda kadr islahatları aparmağa çalışır. Rusiyaya bağlı qüvvələri öz postlarından uzaqlaşdırıb, yerlərinə öz adamlarını gətirir.

Bilirsiniz ki, Serj Sarkisyan vaxtilə Müdafiə və Təhlükəsizlik naziri olub. Orduda və təhlükəsizlik orqanlarında kimin hara işlədiyini gözəl bilir, bu orqanlarda öz dayaqlarını da gücləndirib.

Digər tərəfdən, kimliyindən asılı olmayaraq, erməni siyasi iradəsinin həqiqi güzəştə getməsini yalnız Azərbaycanın ortaya qoyacağı hərbi iradə müəyyənləşdirəcək. Son zamanlar bizim onlara vurduğumuz zərbə isə sarsıdıcı olsa da, ölümcül deyil. Ermənistan ölümcül zərbə almayana qədər güzəştə də getməyəcək. Necə ki, vaxtilə biz də 6 rayonumuz işğal ediləndən sonra məcbur qalıb ermənilərlə atəşkəs müqaviləsi imzaladıq. Azərbaycan həmin rayonları almayana qədər Ermənistanın geri addım atmasını gözləyə bilməz. Biz, ən azı, ərtaf rayonları öz hərbi gücümüzlə azad etməliyik ki, Dağlıq Qarabağın öz tərkibimizdə qalmasına, torpaq bütünlüyümüz çərçivəsində status almasına Ermənistan razılıq versin. Bunun üçün Azərbaycan növbəti əlverişli məqamda Ermənistana daha ciddi zərbə vurmalıdır.

– Dərd burasındadır ki, bizə təklif edilən sülh müqaviləsi də mübahisəyə açıqdır. İstər Madrid, istərsə də onun əsasında formalaşdırılan Kazan prinsipləri 5+2+status formulunu ehtiva edir. Yəni erməni tərəfi 5 rayonumuzu qaytarır, iki rayonumuzun taleyi müəmma olaraq qalır. Bunun əvəzində biz Dağlıq Qarabağın hansısa statusuyla razılaşırıq. Ən pisi isə qaytarılan 5 rayon sülhməramlıların nəzarətinə keçir. Böyük ehtimalla, həmin sülməramlılar da rus ordusuna mənsub hərbi birliklər olacaq. Azərbaycan üçün ərazisinin rus və ya ermənilərin əlində olmasının o qədər ciddi fərqi yoxdur. Sizcə, bu şərtlər altında torpaq azad etməyin mənası nədir? Dədə Qorqudun sözü olmasın, əkməyəcəyin torpağı almağa, qoruya bilməyəcəyin torpağı isə əkməyə dəyməz…

– Madrid prinsipləri müharibəsiz həll planını nəzərdə tutur. Yəni sizin dilə gətirdiyiniz formulda status-kvo dəyişməzsə, tərəflər üçün yol planı təklif edilir. Azərbaycan öz ərazilərini azad edəcəksə, öz hərbi gücü sayəsində torpağını geri qaytaracaqsa, beynəlxalq qüvvələr hansı əsasla bizə "torpağını qoruma, yaxud bu missiyanı bizə həvalə et" deyə bilər? Bu tələb, həm beynəlxalq hüquq normalarına zidd olar, həm də inanmıram ki, Azərbaycan ordusu, xalqı və rəhbərliyi həmin tələblə razılaşar. Əvvəla, onu deyim ki, 3 günlük müharibənin bizim üçün ən müsbət tərəfi ordumuzun qələbəni dadması oldu. Bu qısamüddətli savaş bizim düşüncəmizə hakim kəsilmiş məğlubiyyət sindromunu dağıtdı, xalqın öz gücünə inamını geri qaytardı. Etiraf edək ki, I Qarabağ müharibəsini ermənilər Azərbaycana sarsıdıcı zərbə vuraraq qazanmışdılar. Təkcə Qarabağı yox, onun ətrafındakı 7 rayonu da faktiki işğal etmişdilər və bizdə çatışmazlıq kompleksi yaratmışdılar. 3 günlük müharibədən sonra ordumuz və xalqımızın üzərindən bu kompleks götürüldü. Bundan sonra artıq ordu da, xalq da önünə gətirilən hər təkliflə, təslimçi sülh müqavilələriylə razılaşmayacaq. Mən əminəm ki, ordunun bu 3 gündə əldə etdiyi uğurlar, xalqın iradəsi Ali Baş Komandanın da danışıqlarda əlini gücləndirdi. Bundan sonra beynəlxalq qurumlar Azərbaycanın iradəsinə və potensialına uyğun təkliflərlə danışıqlara gələ bilməyəcəklər. Eynilə, ermənilər də danışıqlarda bu nüansları nəzərə almalı olacaqlar. Anlayacaqlar ki, güzəştə getməsələr, ağır itkilərlə üzləşə bilərlər. Bu baxımdan 3 günlük qələbə Azərbaycan üçün hava və su qədər əhəmiyyətli idi. Mən bunun üçün deyirəm ki, həmin rayonları özümüz azad etsək, status-kvonu da öz xeyrimizə dəyişərik.

– Yəni sizin fikrinizcə, ətraf rayonları işğaldan azad etsək, ATƏT-in Minsk qrupunun həmsədrləri "geri çəkilin, bölgəyə bizim sülməramlılar nəzarət etsinlər" deməyəcəklər?

– Əlbəttə, yox. Qarabağ Azərbaycanın ərazisidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanı məhz bu sərhədlər çərçivəsində tanıyıb. Öz ərazisini qorumaq bütün dövlətlərin suveren hüquqlarına aiddir. Üstəlik, bunu reallaşdıra bilsək, ermənilərin bizimlə razılaşmaqdan başqa çıxış yolları qalmayacaq. Məsələn, bilirsiniz ki, Xocalı Xankəndidən 7 km aralıda yerləşir. Azərbaycan ordusu Xocalını azad edəcəksə, Xankəndindəki erməni silahlıları istənilən müharibə ehtimalında özlərinin təhlükə altında hiss edəcək, sülhü ən çox arzulayan tərəf olacaq və özünüqoruma duyğusu onları güzəştə getməyə məcbur edəcək. Belə bir vəziyyətdə sülhməramlılara ehtiyac duymadan, tərəflərin qarşılıqlı anlaşması nəticəsində problem də həll olunacaq. Eyni sözləri Şuşa və ya Laçın rayonları haqqında da demək olar. Ümumiyyətlə, II Qarabağ müharibəsi I müharibədən çox fərqlənə bilər. Bu dəfə dağıntılar və itkilər daha dəhşətli olacaq. Ən çox isə ermənilər itirəcək. Biz sadəcə bu itkilərə getmək istəmirik. 3 günlük müharibə ilə onlarda potensial itkiləri barədə əyani təsəvvür yaratmağa çalışdıq. 3 günlük müharibə bu baxımdan da böyük əhəmiyyət kəsb edirdi. Bu, II Qarabağ müharibəsinin kiçik bir məşqi idi. Ermənilər nəzərə almalıdırlar ki, həmin məşq zamanı Azərbaycan ordusu öz potensialının sadəcə 2%-dən istifadə etmişdi. Özü də 3 gün kimi kiçik bir zaman ərzində…

– Qüdrət bəy, bu yerdə belə bir sual ortaya çıxır: Azərbaycan bütün hərbi qüdrətindən istifadə edib niyə öz torpaqlarını azad etmək istəmir? Bu alicənablıq, sözsüz ki, ermənilərə duyduğumuz dərin məhəbbətdən irəli gəlmir.

– Təbii ki, soyuqqanlılığımız ermənilərə görə deyil. Əvvəla, Qarabağ probleminin qloballaşması bizi beynəlxalq münasibətləri nəzərə almağa vadar edir. Görünür, Azərbaycan hakimiyyəti beynəlxalq münasəbətlərin hələ də arzuladığımız səviyyədə olmadığını düşünür. İkincisi, erməni tərəfindən nə qədər güclü olsaq belə, biz də daha böyük müharibə şəraitində az itkiylə qarşılaşmayacağıq. Bilirsiniz ki, erməniləri Rusiya silahlandırıb. Onların ordusunda hazırda rusiyalı mütəxəssislər xidmət göstərir. Açıq formada olmasa da, rus hərbçiləri erməni əsgərləri adı altında bizimlə döyüşəcəklər və bəlkə də döyüşürlər. Ermənistan ordusu da bir neçə yüz kilometri vuran raketlərlər təmin olunub. Azərbaycanda da belə raketlər saysız-hesabsızdır. Tərəflər bütün hərbi potensialları ilə müharibəyə girərsə, hər iki tərəf ciddi itkilər verər. Cəbhə bölgəsinə yaxın kəndlər və şəhərlər böyük dağıntılara məruz qalar. Kommunikasiya xətləri, neft kəmərləri sıradan çıxa bilər. İnsan itkisi çox olar. Azərbaycanla bağlı beynəlxalq layihələr təhlükə altına düşər.

Bununla belə, heç bir itki torpaq bütünlüyünün fövqündə deyil. Hesab edirəm ki, Azərbaycan öz torpaqlarının azadlığı üçün bu itkiləri göz önünə almalıdır. Xalq da bu itkilərə hazırdır. Çünki torpaq bir dövlətin və onu meydana gətirən xalqın şərəf və namus məsələsidir. Şərəf və namus üçün insanlar öz canlarından və əmlaklarından keçirlər, keçməlidilər də. Amma buna baxmayaraq, problemi daha asan və az itkiylə həll etmək şansını da dəyərləndirməlidir. Rəsmi Bakı da ilk növbədə buna çalışır.

– Haqlısınız. Amma yəqin ki, ermənilər də məsələyə eyni aspektdən baxırlar. Buna görə də güzəştə getmək istəmirlər. Bu da istər-istəməz problemin sonsuza qədər davamına yol açır. İki dövlət arasında kompromis variantı tapmaq mümkün deyilmi?

– Bilirsinizmi, hər bir müharibədə iki tərəf olur: haqlı və haqsız tərəf. Müharibələr də tərəflərin bu mövqeyinə görə kimisi üçün ədalətli, kimisi üçün ədalətsiz olur. Azərbaycan üçün Qarabağ müharibəsi öz torpağını azad etmək davasıdır. Ermənilər üçün isə başqasının torpağını ələ keçirmək, işğl etmək deməkdir. Artıq Ermənistan əhalisi də ədalətsiz bir müharibə apardıqlarının fərqindədir. 1988-ci illərin abu-havası indi ermənilərdə yoxdur. O zaman asan qələbə qazandıqlarını və bizim də bu vəziyyətlə razılaşdığımızı düşünürdülər. İndisə üzərindən 25 il keçdikdən sonra Azərbaycanın hələ də öz əraziləri uğrunda əzmli mübarizəsini görür və istər-istəməz öz mövqelərini dəyişirlər. Bu gün ermənilər arasında çox aydın bir üslubla Qarabağın Azərbaycana məxsus olduğunu bildirən səslər yüksək tribunalardan eşidilir. Erməni ziyalıları başa düşürlər ki, Azərbaycan xalqı heç vaxt bu haqlı mübarizəsindən güzəştə getməyəcək. Halbuki, bu zamana qədər fərqli düşüncələrə sahib idilər və bu inanışlarının tarixi əsası da var idi. Hesab edirdilər, bir halda ki, hazırda dünya dövlətləri tərəfindən Ermənistan ərazisi kimi tanınan yerlər də vaxtilə Azərbaycana aid olub və biz dədə-baba yurdumuzun ermənilərə verilməsinə "yox" deməmişik, yenə eyni hadisələr təkrarlana bilər. Rus əsarəti zamanı ermənilər bizdən alınıb onlara verilən torpaqlar hesabına 9 min kvadrat km-lik ərazilərini 27 min kvadrat km-ə gətirib çıxartmışdılar. İndi bunu bir az da artırmaq istəyirlər. Amma o dövrlə indiki dövr arasında ciddi fərq var. Bu zamana qədər əsarətdə olduğumuzdan bizim öz ərazilərimizi qorumağa qüdrətimiz çatmırdı. Bunu qorumağa nə dövlətimiz, nə də ordumuz vardı. İndi isə tarixi şərait bizim bir dövlət kimi ortaya çıxmağımıza imkan verib. Və Azərbaycan bu imkanlardan istifadə edərək, nəyin bahasına olursa olsun, ermənilərin bizim torpaqlarımız hesabımıza ərazilərini genişləndirməsiylə razılaşmayacaq. Bu həqiqəti ermənilər də anladıqlarından 1988-90-çı illərdəki illuziyaları dağılır, başqasına aid torpaqlar uğrunda döyüşmək və ölmək istəmirlər.

– Qüdrət bəy, situasiya bu qədər bizim xeyrimizə ikən, o zaman niyə 3 günlük müharibəni qələbəyə qədər davam etdirmədik?

(ardı var)