Nalbandyan susduruldu Siyasət

Nalbandyan susduruldu

Helsinki Universitetində Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyanın iştirakı ilə keçirilən "Dağlıq Qarabağ Münaqişəsində Son Vəziyyət" adlı konfransa Finlandiya- Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Vaasa Universitetinin tələbəsi Fərid Zülfiqarov, Aalto universitetində Kimya Mühəndisliyi üzrə tədqiqatçı Karhan Özdenkçi də qatılıb.
Azərbaycan diaspor nümayəndələrinin konfransda iştirakının məqsədi Ermənistan Xarici İşlər nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsassız iddia və fikirlərinə qarşı çıxmaq, bölgədəki son hərbi vəziyyətlə bağlı həqiqətləri konfransa qatılanların diqqətinə çatdırmaq olub.
Finlandiya-Azərbaycan Assosiasiyasının nümayəndə heyətindən Fərid Zülfiqarov çıxış edərək Nalbandiyanın işlətdiyi Dağlıq Qarabağın Sovetlər dönəmində Azərbaycana verilməsi ilə bağlı ifadəsinin tamamilə yalnış fikir olduğunu vurğulayıb. Bildirib ki, hələ 1918-ci ildə Qafqaz ölkələri öz müstəqilliklərini əldə edərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olub. O çıxışında qeyd edib ki, Nalbandiyanın səsləndirdiyi "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ" əslində Dağlıq Qarabağın işğalından başqa bir şey deyildir və bu işğal faktı BMT və Avropa Parlamantinin müvafiq qətnamələri ilə tanınır. F.Zülfiqarovun Ermənistan rəhbərliyinin danışıqlar prosesindən çəkilməyi ilə bağlı sualını isə erməni nazir cavablandıra bilməyib. Həmçinin, o Ermənistan rəhbərliyinin həmişə Minsk Qrupunun, digər dövlətlərin və beynəlxalq qurumlarım təklif etdiyi həll yollarından imtina etməsi ilə bağlı da nazirə sual ünvanlayıb.
Aalto universitetinin tədqiqatçısı Karhan Özdenkçi Xocalı qırğınını xatırladaraq 1992-ci il fevralın 25-dən 26-a keçən gecədə altı yüzdən çox insanın, uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə açıqlama verilməsini, Ermine Nagdalyanın Ermənistan Parlamentində söylədiyi "Dağlıq Qarabağ Ermənistana aid deyil və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir" fikrinə münasibət bildirilməsini istəyib.
Nalbandyan verilən suallara hər zamankı kimi, aiddiyyatı üzrə olmayan cavablar verərək əsas mövzudan yayınmağa çalışıb.