Rusiya-Türkiyə münasibətləri normallaşa bilər Siyasət

Rusiya-Türkiyə münasibətləri normallaşa bilər

Elxan Şahinoğlu: "Rusiya-Türkiyə münasibətlərinin hazırki gərginliyi Azərbaycanın maraqlarına cavab vermir"

Türkiyənin yeni seçilən prezident və baş nazirləri, xarici siyasət idarəsi rəhbərlərinin xarici ölkələrdən ilk rəsmi səfərlərini Azərbaycana etmələri artıq bir ənənə halını alıb. Bu günlərdə Türkiyənin yeni formalaşan hökumətinə rəhbərlik edən baş nazir Binəli Yıldırım da bu ənənəyə sadiq qaldı. Məlumat üçün qeyd edək ki, Türkiyənin yeni baş naziri Binəli Yıldırım iyunun 3-də Azərbaycana səfər zamanı prezident İlham Əliyevlə görüşdə iki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin icrasının hazırki vəziyyətini müzakirə edib. Binəli Yıldırım Bakıda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verdiyini bu sözlərlə təsdiq etdi: "Azərbaycanın dostu Türkiyənin də dostu, düşməni isə düşmənidir".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyənin baş nazirinin ilk xarici səfərini Bakıya etməsi və Azərbaycanda verdiyi bəzi açıqlamalar bəzi maraqlı məqamlardan xəbər verir: "Binəli Yıldırımın sözlərinə istinad edilsə, Rusiya Türkiyənin yenidən tərəfdaşına çevrilə bilər". Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə Yunanıstana rəsmi səfəri zamanı Türkiyə ilə münasibətlərin normallaşa biləcəyini deyib: "Ancaq Vladimir Putin bu açıqlamasına həmişəki kimi şərtini də əlavə edib: "Türkiyə Rusiya təyyarəsinin vurulmasına görə üzr istəməlidir". Aydındır ki, Ankara Putinin bu şərtini hazırki mərhələdə yerinə yetirməyəcək. Çünki, birincisi, Türkiyə hakimiyyəti Rusiya hərbi təyyarəsinin sərhədi pozduğunu vurğulayır. İkincisi, Ankara üzr istəsə Türkiyə hakimiyyəti bu addımını cəmiyyətə izah etməkdə çətinlik çəkəcək. Buna baxmayaraq, Ankara da Moskva ilə münasibətlərin normallaşdırılmasını istəyir. Çünki, münasibətlərin gərgin qalması hər iki ölkənin iqtisadi-ticarət münasibətlərinə mənfi təsir edir, böyük regional enerji layihələrinin reallaşdırılmasını sual altında qoyur. Digər tərəfdən Ankara rus turistlərin azalması səbəbindən turizm sektorunun itkilərindən də narahatdır.
Binəli Yıldırım Rusiya ilə münasibətlərin normallaşdırılmasını istəyir. Moskva təyyarənin vurulmasında Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu günahkar sayırdı. Ona görə də Kreml Binəli Yıldırmla münasibətləri yeni səhifədən başlaya bilər. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu iki ölkə arasında işçi qrupun yaradılmasını təklif edib. Qrupun məqsədi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması olmalıdır. Çavuşoğlunun sözlərinə görə qrup rəsmi və ya qeyri-rəsmi formatda fəaliyyətə başlaya bilər". Mərkəz rəhbərinin sözlərinə görə, qeyri-rəsmi formatda dialoqa başlamaq daha realdır. Elxan Şahinoğlu deyib ki, rəsmi Moskva dialoqa hazır olmasa da, rusiyalı ekspertlər və bilim adamları türkiyəli həmkarları ilə dialoq qurmağa hazırdılar: "Bu ekspertlər arasında Kremlə yaxın şəxslər də var. Bu yerdə Azərbaycanın ikitərəfli dialoqa fayda verəcəyi də mümkündür. Türkiyə Azərbaycanın müttəfiqi,
Rusiya isə tərəfdaşıdır. Ona görə də Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasını arzulayan əsas ölkələrdəndir. Dağlıq Qarabağ münaqişəsi baxımından da Rusiya-Türkiyə münasibətlərinin hazırki gərginliyi Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanlı ekspertlər həm Rusiya, həm də Türkiyə ekspertləri və akademik çevrələri ilə sıx təmasdadırlar. Azərbaycanlı ekspertlər üçlü dialoq formatı təşkil edə bilərlər. Görüşləri növbəlilik əsasında Rusiya, Türkiyə və Azərbaycan ərazisində təşkil etmək mümkündür. Əvvəlcə bu görüşlərdə qarşılıqlı ittihamlar səslənəcək. Bu normaldır. Ancaq dialoqun sonrakı mərhələsində münasibətləri normallaşdırmaq üçün yeni təklif və ideyaların ortaya çıxacağı ehtimalı yüksəkdir. Misal üçün "soyuq müharibə" illərində SSRİ-ABŞ münasibətləri də gərgin idi, iki dövlət arasında xeyli problem mövcud idi. Ancaq hətta o illərdə SSRİ və Birləşmiş Ştatlar ekspertləri və akademik çevrələri arasında dialoq var idi və bu şəxslər münasibətlərin normallaşdırılması üçün yollar axtarırdılar. Son nəticədə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün oldu. Buna görə də, azərbaycanlı ekspertlərin vasitəçiliyi ilə türkiyəli və rus ekspertlər arasında başlana biləcək dialoq da işin xeyrinə olacaq. Mümkündür ki, Türkiyə və Rusiya hakimiyyətləri ekspertlərin hazırladıqları təkliflərə diqqət etsinlər və həmin təkliflərdən istifadə etsinlər. Bunun üçün ekspertlərin münasibətləri normallaşdırmaq üçün "yol xəritəsi" hazırlaması vacibdir.