10:41
1 029
“Rusiya tərəfi Zelenskinin vəzifədən istefa verməsini arzulayır. Ancaq burada bir məsələ var ki, Ukrayna hazırda müharibə vəziyyətinə davam edir və belə görünür ki, Zelenski istefa verməyə çox da ehtiyac görmür”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O bildirib ki, hazırkı variantda sadəcə hökumətin dəyişdirilməsi məsələləri geniş şəkildə müzakirə olunur: “Demək olar ki, hər il baş nazir və nazirlər dəyişdirilir. Ancaq ümumilikdə prezidentin istefa verməsi Ukraynada müəyyən dərəcədə çaşqınlıq yaradar və hakimiyyət böhranına gətirib çıxara bilər. Yəni ölkədə siyasi çaxnaşma yarana bilər. Buna görə də mərkəzi hakimiyyət maksimum şəkildə çalışır ki, öz gücünü qoruyub saxlaya bilsin. İnanmıram ki, Zelenski istefa versin və Ukraynada yeni seçkilər keçirilsin. Çünki Ukraynada seçkinin keçirilməsi üçün mühit yoxdur”.
Z.Əmrəliyevin sözlərinə görə, müharibənin aktiv fazası davam edir, Ukrayna şəhərləri günbəgün Rusiya tərəfindən bombalanır və Ukraynada təhlükəsiz bir şəraitdə seçkinin keçirilməsi mümkün deyil: “Ölkə əhalisinin yarısından çoxu qaçqın vəziyyətinə düşüb. Hətta ölkənin xaricinə gediblər və seçki məntəqələrinin qurulması mümkün deyil. Yəni demək olar ki, Ukraynada salamat şəhər qalmayıb. Belə bir vəziyyətdə hökumət yalnız Kiyev və onun ətrafında müəyyən dərəcədə seçki keçirə bilər. Ancaq belə bir anda hansısa bir formada seçkinin keçirilməsi çox da inandırıcı görünmür. Buna görə mən Prezident Zelenskinin istefa verəcəyini güman etmirəm. Rusiya tərəfindən müəyyən açıqlamalar verilir, xüsusilə Dövlət Dumasının Beynəlxlaq Əlaqələr Komitəsinin rəhbərliyi tez-tez bu məsələlərə münasibət bildirir və indiki Ukrayna hakimiyyətini qeyri-legitim göstərməyə çalışırlar. Həmçinin Ukraynada yeni hakimiyyətin qurulmasına və özlərinə sadiq, özləri ilə dil tapa biləcək insanların hakimiyyətə gəlməsinə çalışırlar. Lakin indiki şəraitdə nə qədər ki müharibənin aktiv fazası davam edir, mən heç bir halda seçkinin keçiriləcəyinə inanmıram”.
Röya İsrafilova