“Hərbi yol ən çox Ermənistana zərbə vuracaq” Siyasət

“Hərbi yol ən çox Ermənistana zərbə vuracaq”

"Bu gün bölgədə Azərbaycan və Ermənistan arasındakı hərbi güc balansının nisbəti çox dəyişib. İnanıram ki, qarşıdakı günlərdə Azərbaycanın işğalçı Ermənistana qarşı təzyiqləri daha da artacaq".
Bu fikirləri Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.
Türkiyəli general deyib ki, artıq Qarabağ münaqişəsi həllinin vaxtı yetişib. Onun sözlərinə görə, indi bölgədə Azərbaycan Ermənistandan qat-qat güclü dövlətdir: "İndiyədək Rusiya-Ermənistan münasibətləri və Qərbin ikili standartlı siyasəti Qarabağın həll olunmasına imkan vermirdi. Bütün bunlar Qarabağ münaqişəsini "dondurulmuş" vəziyyətə gətirmişdi. Bu münaqişənin həlli ilə ciddi olaraq Azərbaycan və Türkiyədən savayı maraqlanan dövlət yox idi. Ancaq son vaxtlar münaqişənin həllində irəliləyişlərin olması barədə xəbərlər eşidirik. Təbii ki, bu bizi çox sevindirir. İnşallah tezliklə Qarabağ münaqişəsi də ədalətli həllini tapar, Cənubi Qafqazda da sülh və sabitlik dövrü mövcud olar. Əks halda bu münaqişənin hərbi yolla həlli ən çox Ermənistana zərbə vuracaq. Çünki hazırda Ermənistan iqtisadiyyatı çökmək üzrədir. Eyni zamanda da Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumi büdcəsindən qat-qat çoxdur".
Kürşat Atılgan qeyd edib ki, adətən, müharibənin qalibi daha çox müdafiəyə sərf olunan xərclər və hərbiçilərinin peşəkarlığı ilə ölçülür:
"Türkiyə də Azərbaycan müstəqillik qazandıqdan bəri bu ölkəyə ciddi hərbi dəstək verir, ordu quruculuğu və kadr hazırlığı işində yaxından köməklik göstərir. Çünki Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ona görə də Türkiyə bölgədə Azərbaycanın öz suverenliyini təmin etmək üçün müdafiəsi işinə böyük dəstək göstərir".
General vurğulayıb ki, hazırda Azərbaycan ordusu bölgənin ən güclüsünə çevrilib: "Ötən günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunması ilə bağlı mediada məlumatlar yer alıb.
Türkiyə hər zaman Azərbaycanın tarixi parçası və ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün dəstəyi verir və bu dəstək bundan sonra da davam etdiriləcək. Azərbaycan torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi Türkiyə üçün vacib əhəmiyyət kəsb edir. Çünki Dağlıq Qarabağ türk dünyasının bir hissəsidir. Ermənistan beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycan torpaqlarını işğal edib. Bu işğalın tezliklə sona çatmasını təmin etmək lazımdır. İnşallah Azərbaycan ordusu daha da irəli gedərək, Ermənistanın işğal etdiyi torpaqları geri qaytaracaq. Burada əsas məsələni hərbi güc təyin edir ki, Azərbaycanın da kifayət qədər hərbi büdcəsi var. Azərbaycan milli hərbi sənayesini daha da genişləndirməlidir. Bilirsiniz ki, Türkiyənin hərbi sənaye sahəsində böyük təcrübəsi var. Azərbaycan bu sahədə Türkiyə ilə daha yaxından əməkdaşlıq etməli, birgə layihələrdə təmsil olunmalıdır. İnşallah ən yaxın zamanda Azərbaycanın haqlı mübarizədən qalib ayılacağına hər birimiz şahidlik edəcəyik".
Sabiq millət vəkili vurğulayıb ki, Ermənistanın hərbi işğalı nəticəsində Qarabağdan çıxarılan azərbaycanlıların başına gətirilən faciələrə son qoyulmalıdır: "Ona görə də bu işğala dünya birliyi də artıq "yox" deməlidir. İnanıram ki, Azərbaycan ən yaxın zamanda işğal altındakı torpaqlarını azad edəcək".