“169-cu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır” Siyasət

“169-cu maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır”

Qüdrət Həsənquliyev: "Alternativ sanksiyalı normalarla bağlı ümumiyyətlə ibtidai istintaq dövründə həbs qətimkan seçilməməlidir"

Dünən Milli Məclisdə Cinayət Prosessual Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxarılıb. Dəyişikliklərlə bağlı deputatlara Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri bildirib ki, CPM-yə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi: "48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama anlayışı genişdir. Məsələn, Danimarka və Norveçdə bu müddət 3 gündür. Elə ölkələr var ki, orada müddət 6 gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın".
Müzakirələr zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təklif etdiyi dəyişiklikləri dəstəklədiyini bildirib: "Hesab edirəm ki, bu dəyişikliklər çox müsbətdir. Lakin Cinayət Prosessual Məcəlləsinin 148.7-ci maddəsində Cinayət Məcəlləsinin 169-cu maddəsilə bağlı, yəni toplantıları keçirmə qaydasını pozmağa görə nəzərdə tutulmuş dəyişikliklə razı deyiləm. Məsələnin mahiyyəti nədən ibarətdir? Əvvəla mən hörmətli millət vəkillərinin, eləcə də komitə sədrinin diqqətinə çatdırmaq istəyirəm ki, toplantıların keçirilməsi qaydası ilə bağlı 169-cu maddə insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulub. Əslində toplantının keçirilməsi elə insan və vətəndaşın konstitusion hüququdur. Yəni onun azadlığı əleyhinə olan cinayətlər fəslinə belə bir maddənin salınması hesab edirəm ki, doğru deyil və bu ümumiyyətlə Cinayət Məcəlləsindən çıxarılmalıdır".
Millət vəkili qeyd etdi ki, toplantının keçirilməsi qaydasını pozan şəxslərə qarşı inzibati hüquq pozmaları haqqında məcəllədə cərimə və inzibati həbs qaydasında cəza nəzərdə tutulur: "Buna görə cinayət məsuliyyətinin nəzərdə tutulması hesab edirəm ki, absurddur. Bundan başqa 148.7-ci maddədə toplantıların keçirilməsi qaydası ilə bağlı dəyişikliklərə görə iki gün müddətində ittiham elan oluna bilmirsə, yəni saxlanılan şəxs məhkəməyə çıxarıla bilmirsə, bu halda müddət prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə daha gün uzadıla bilər. Amma nəzərə almaq lazımdır ki, 169-cu maddə alternativ sanksiyalı normadır. Burada cərimə də nəzərdə tutulur, iki ilədək müddətə islah işləri də, azadlıqdan məhrumetmə növündə cəza da. Ağır cinayətləri, məsələn, qəsdən adam öldürmə, terrorçuluq, adamları girov götürmə, banditizm, dəniz quldurluğu, kütləvi iğtişaş və s. - bunları başa düşmək olar. Amma bu 169-cu maddənin bura salınmasını mən şəxsən başa düşə bilmirəm. Tutaq ki, saxlanılan şəxs 4 gün saxlanılır, bəlkə ona məhkəmə cərimə təyin edəcək. Əgər alternativ sanksiyalı normadan söhbət gedirsə, ümumiyyətlə prokurorluq orqanlarına da, digər istintaq orqanlarına da, məhkəmələrə də tövsiyyə olunmalıdır, lazımdırsa qanunvericilik qaydasında da bu əksini tapmalıdır ki, alternativ sanksiyalı normalarla bağlı ümumiyyətlə ibtidai istintaq dövründə həbs qətimkan seçilməsin. Ona görə də təklif edirəm ki, 169-cu maddə ilə bağlı müddəa buradan çıxarılmalıdır. 169-cu maddənin 2-ci hissəsində göstərilir ki, toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu, soyuq silah, yaxud partlayıcı maddələr və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşayaları gəzdirmə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Qüdrət Həsənquliyev xatırlatdı ki, onsuz da Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əleyhinə cinayətlərlə bağlı ayrıca maddə var: "228-ci maddədə odlu silah, soyuq silah, partlayıcı maddələr saxlamağa görə məsuliyyət nəzərdə tutulur. Yəni bu halda əlavə olaraq 169-cu maddənin Cinayət Məcəlləsində ümumiyyətlə bir norma kimi nəzərdə tutulmasına ehtiyac yoxdur. Bu həm də ona imkan verir ki, bəzi bizim əleyhimizə olan və bəhanə axtaran beynəlxalq qurumlar Azərbaycanı yersiz və əsassız şəkildə tənqid etsinlər. Ona görə də mən ağır olmayan cinayətlərlə bağlı 169-cu maddənin bura salınmasının əleyhinəyəm və təklif edirəm ki, toplantıların keçirilmə qaydasını pozma ilə bağlı məsuliyyət nəzərdə tutan maddə nəinki Cinayət Prosessual Məcəlləsinin 148.7-ci bəndinə daxil edilməməlidir, həm də ümumiyyətlə Cinayət Məcəlləsindən çıxarılmalıdır".

Cavanşir Həsənli