“Moskva ikili oyun oynayır” Siyasət

“Moskva ikili oyun oynayır”

Elxan Şahinoğlu: "Rusiya Xəzərin statusunu müəyyənləşdirməkdə maraqlı deyil"
Qabil Hüseynli: "Rusiya Transxəzər qaz kəmərini istənilən yolla əngəlləməyə çalışacaq"

Rusiyanın hərbi dəniz donanması Xəzərdə əvvəlcədən elan olunmayan hərbi manevrələrə başlayıb. Verilən xəbərlərə əsasən, hərbi manevrlər bir həftə davam edəcək. Təlimlərdə Rusiyanın Xəzər donanmasının 10 gəmisi və 400-dən çox dənizçisi iştirak edir.
Qeyd edək ki, Rusiya Ukrayna ilə bağlı gərginliyin yaranmasından sonra bu cür qəfil hərbi manevrləri artırıb. Krıma xüsusi təyinatlıların yeridilməsinin ardınca Rusiyanın iri hərbi kontingenti Ukrayna ilə sərhədlərdə irimiqyaslı təlimlər keçirdi. Manevrlərə qatılan qoşun qruplaşmalarının əsas hissəsi hələ də Ukrayna ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətindədir. Həmçinin Rusiya ABŞ-ın Florida sahillərinə iki atom sualtı qayığı və onları müşaiyət edən nəhəng yedək gəmisi göndərib. Eyni vaxtda Rusiyanın nüvə raketləri daşıyan strateji aviasiyası Yaponiyanın hava məkanının yaxınlığında günlərlə uçuşlar həyata keçirib.
Rusiyanın Xəzər donanmasının hərbi təlimlərə hazırlaşdığı barədə aprelin 10-da "İnterfaks" agentliyi Cənub Hərbi Dairəsindəki mənbələrə istinadən xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, hərbi təlimlərdə gəmilərin ekipaj üzvləri həm havadan edilən hücumları, həm də şərti düşmən gəmilərini zərərsizləşdirmək üçün müxtəlif manevrlər həyata keçiricəklər.
Ekspertlərin sözlərinə görə, Xəzər hövzəsi alternativ enerji mənbələrindən biri hesab olunur. Rusiya əlində olan bütün imkanlardan yararlanaraq ilk növbədə Avropaya enerji daşıyıcılarının satışı sahəsində monopolist rolunu qoruyub saxlamağa çalışır. Xəzər hövzəsində yerləşən ölkələrin enerji daşıyıcılarının Avropaya çatdırılması maneəsiz olaraq təmin edilsə, bu, Avropanın Rusiyanın qaz asılılığından azad edə bilər. Enerji daşıyıcılarından asılı olan Rusiya üçün bu ağır zərbə kimi qiymətləndirilir. Rusiya Krımı işğal edəndən sonra bu ölkənin Qərblə münasibətləri olduqca gərginləşib. Avropa çox ciddi şəkildə Rusiyadan qaz asılılığını azaltmaq qərarına gəlib. Avropa rəsmiləri Xəzər hövzəsi ölkələri ilə bu sahədə əməkdaşlığa böyük önəm verməyə başlayıblar. Bu amili nəzərə alan Rusiya Xəzərin hüquqi statusu həll olunmadan enerji daşıyıcıları ilə bağlı məsələlərin həllinə mənfi münasibət bəslədiyini açıq şəkildə bəyan edir. Heç bir şübhə yoxdur ki, Rusiya bundan sonra da Xəzərin hüquqi statusunun həlli ilə bağlı prosesin yekunlaşmamasına çalışacaq.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bəzi KİV-lərin Rusiyanın Xəzərdəki bu yoxlamasının son iyirmi ildə müşahidə edilmədiyilə bağlı məlumatları reallığa uyğun deyil. Onun sözlərinə görə, son bir neçə ildə, xüsusilə Sergey Şayqu Rusiyanın müdafiə naziri təyin olunmasından sonra Xəzərdə dəfələrlə hərbi təlimlər, yoxlamalar keçirilib: "Amma ümumilikdə Rusiya son zamanlar hərbi sahədə Xəzərlə bağlı çox ciddi addımları atır. Rusiya Xəzərdə tam nəzarəti ələ keçirmək üçün əlindən gələni edir. Putin bunu bir neçə dəfə bəyan edib ki, Xəzərlə bağlı Rusiya müdafiə nazirliyi hansı təklifləri irəli sürsə dövlət onları dəstəkləyəcək. Son vaxtlar Rusiya Xəzərdə xeyli hərbi katerlər, gəmilər yerləşdirir. Bu isə onu deməyə əsas verir ki, Xəzərlə bağlı Rusiyanın ambisiyaları gələcəkdə daha qorxunc bir şəkilə keçə bilər. Biz bunu unutmamalıyıq və Azərbaycan da bu istiqamətdə addımlar atmalıdır". Azərbaycanın Xəzər dənizində təhlükəsizliklə bağlı ABŞ və NATO ilə əməkdaşlıq etməsinin Rusiyanı qıcıqlandırdığını deyən Üzeyir Cəfərov vurğuladı ki, bundan başqa ABŞ Xəzərdə təhlükəsizlik tədbirləri üçün Azərbaycana 10 milyon dollar civarında yardım ayırıb: "Xəzərlə bağlı Rusiyanın ambisiyaları get-gedə bir az da genişlənir. Bunu qətiyyən diqqətdən qaçırmaq olmaz. Eyni zamanda Xəzərlə bağlı İranın, Türkmənistanın, Qazaxıstanın da bir sıra tədbirləri var. Baş verənlərin fonunda Lavrovun bəyan etməsi ki, Xəzərin statusu ilə bağlı çox böyük irəliləyişlər əldə olunub, nəsə reallıqla səsləşmir".
Politoloq Qabil Hüseynli vurğuladı ki, Rusiya Transxəzər qaz kəmərini istənilən yolla əngəlləməyə çalışacaq: "İki il əvvəl Xəzər donanmasına yeni gəmilər gətiriləndə də burada təlimlər keçirilmişdi. Rusiya Xəzərdə yalnız təlimlər keçirə bilər. Əslində bu təlimlər Transxəzər qaz layihəsi ilə əlaqədar Azərbaycan və Türkmənistanın əldə etdiyi razılığa görə başlayıb. Bu razılaşmalar əldə edilmək ərəfəsindədir. Türkmənistan prezidentinin Azərbaycana səfəri gözlənilir və bu səfər zamanı Transxəzər qaz kəməri layihəsinin gündəmin əsas müzakirə mövzusu olacağı gözlənilir. Döyüş hazırlığı vəziyyəti, hərbi təlimlər həm Türkmənistan, həm də Azərbaycana təzyiqin bir formasıdır. Çünki Rusiya bəyan edib ki, Xəzərin dibindən keçən istənilən kəmər digər Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "bu bir daha göstərir ki, Rusiya Xəzərin statusunu müəyyənləşdirməkdə maraqlı deyil",- deyə vurğuladı: "Moskva Xəzərdəki hərbi gücünü artırır. Əgər Moskva Xəzər sahili ölkələrlə münasibətlərində problem olmadığını bilrdirirsə, bu güc və geniş hərbi təlimlər nəyə lazımdır? Deməli, Moskva ikili oyun oynayır".
Politoloq Vəfa Quluzadə deyib ki, Xəzər artıq sektorlara bölünüb və hər bir ölkənin burada öz payı var: "Dövlətlər tamamilə müstəqil sürətdə bu ərazi çərçivəsində iş aparmaq hüququna malikdir. Suyun səthi isə ümumidir və sərhədlər yoxdur. Bundan başqa, Rusiya Xəzərdə güclü hərbi donanma saxlayır. Rusiya istəyir ki, hərbi donanması beynəlxalq hüquq normalarını pozmadan, təcəvüzdə ittiham edilmədən Xəzərdə istədiyi yerə göndərmək imkanı olsun. Daha doğrusu, Rusiya Xəzərdə də hökmranlığa nail olmaq istəyir. Belə olan halda dənizin altı da gərək konsensusla həll olunmalı və suyun dərinliyində görülən hər bir işə ümumi razılıq olmalıdır. Bu məsələ konsesusla həll olunanda Rusiya və İranın burada veto hüququ olur. Beləliklə Rusiyanın icazəsi olmadan Xəzəryanı dövlətlər bir-birləri ilə suyun altında heç bir əlaqə yarada bilməyəcəklər. Mən burada əsasən neft və qaz boru kəmərləri ilə bağlı məsələni nəzərdə tuturam".
Bir sıra ekspertlər isə hesab edirlər ki, Xəzərin statusunun müəyyənləşdirilməməsində əsasən Rusiya maraqlıdır.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, Xəzərin statusunun müəyyənləşməsinin ləngiməsi bilavasitə Xəzər hövzəsində olan bəzi ölkələrin geosiyasi maraqları ilə bağlıdır: "İran Xəzərin 5 ölkə arasında bərabər bölünməsini istəyir. Ancaq göllər haqqında beynəlxaq konvensiyaya görə bu məsələ tamamilə fərqli izah olunur. Digər tərəfdən, buna indiki şəraitdə əngəl olan faktor həm də Rusiyadır. Çünki, dünənə qədər Rusiya bu məsələdə Azərabaycanın mövqeyinə yaxın mövqe tuturdu. Azərbaycan, Rusiya və Qazaxıstan quru sərhəddinə görə Xəzərin bölünməsini təklif edirdilər. Buna qarşı çıxan İran və Türkmənistan idi. Ancaq regionda dəyişən geosiyasi vəziyyətdən çıxış edərək artıq Rusiya İranın mövqeyinə yaxın mövqe nümayiş etdirir. Odur ki, bu gün Xəzərin statusunu müəyyənləşdirmək çox çətindir. Ona görə də Xəzərin hüquqi statusu haqqında Konvensiya Həştərxan sammitinədək hazır olmaya bilər".
Politoloqun fikrincə, əgər strateji sənəd imzalanmayacaqsa, onda ola bilər ki, sammit daha çox xarici işlər nazirlərinin iştirakı ilə keçsin: "Yəni, Azərbaycan, həm də digər ölkələrin prezidentləri sammitə qatılmaya bilər. Çünki, bu cür strateji sənəd imzalanmayandan sonra sammitin əhəmiyyəti çox aşağı düşür".
Politoloq Elşən Mustafayev bildirib ki, Xəzərin statusu ilə bağlı məsələ 1990-cı illərin sonundan müzakirə olunur: "Müzakirələrdə bu günə qədər əsas narazı tərəflər Türkmənistan və İran görünürdü. Söhbət ondan gedir ki, Xəzərin statsunun müəyyənləşdirilməsində bəzi Xəzəryanı ölkələr dənizin sektorlara bölünməsini təklif edirlər. Azərbaycan da daxil olmaqla bir qrup dövlətlər isə Xəzərin göl statusunda olaraq zonalara bölünməsinin tərəfdarıdırlar. Çünki, Dünya Okeanına çıxışı olmadığına görə Xəzərin rəsmi olaraq göl sayılır. Bu mövqedə Rusiyanın mövqeyi Azərbaycanla eyni idi. Azərbaycana qarşı iddia irəli sürən Türkmənistan və İran olub". Politoloqun fikrincə, hazırda Rusiyanın əvvəlki mövqeyini dəyişmə ehtimalı da ola bilər: "Rusiya açıq şəkildə digər tərəfin mövqeyini müdafiə etməsə belə, həmin mövqeyi müdafiə etmək iqtidarındadır. Eyni zamanda Xəzərin göl kimi statusunun müəyyənləşdirilməsində Rusiyanın da marağı var idi. Xəzərin statusunun müəyyənləşməməsindən gələcəkdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər. Bu gün Azərbaycanın neft yataqlarının böyük əksəriyyəti məhz Türkmənistanın təklif etdiyi varinatda neytral zonaya düşür. Amma indiki zamanda bu, riskli addım ola bilər. Ona görə də Xəzərin statusunun müəyyənləşdirilməsi baş tutmasa belə, hələlik Azərbaycan üçün elə də təhlükə yoxdur. İndiyə qədər məsələ müzakirə olunurdu və heç bir təhlükə yox idi. Əsas odur ki, bundan istifadə edilib Azərbaycana qarşı təzyiqlər olunmasın. Müzakirənin uzanmasının qorxusu yoxdur".
Qeyd edək ki, sonuncu Xəzər sammiti 2010-cu ildə Bakıda keçirilib. Xəzəryanı dövlət başçılarının növbəti sammiti isə 2014-cü ilin ortalarında Həştərxanda keçiriləcək.

Əli