Politoloqlarımız və “dərin təhlil”lər Siyasət

Politoloqlarımız və “dərin təhlil”lər

Amerikadakı seçkilər göstərdi ki, Azərbaycanda ciddi siyasi ekspert çatışmazlığı var. Dərin təhlili bacaran politoloqlar barmaqla sayılacaq qədərdir. Əksəriyyəti isə daha çox ümumi sözlərdən istifadə etməklə prosesləri "şərh" edirlər. Məsələn Türkiyə TV-lərininn birində Metin Tuncer adlı bir ekspert ABŞ-dakı seçkilərə təsir edən amillər, respublikaçılar və demokratlara aid şirkətlər, o cümlədən müxtəlif biznes sahələri, müxtəlif qruplaşmalar və onların kəsişən maraqları, kəşfiyyat orqanlarının istəkləri, Amerika dərin dövlətinin strateji xətti, ABŞ geosiyasətinə kosmetik dəyişikliklər və digər bu kimi məsələləri incəliklərinə qədər izah etdi, dəqiq statistik rəqəmlər sadaladı... Buna qədər isə bəzi tanınmış ekspertlərimizin bəsit "analizləri"ni oxumuşdum. Əksəriyyət Amerika mediasının və sorğu təşkilatlarının oyununa aldanaraq birmənalı şəkildə Hillari Klintonun qalib gələcəyini deyirdilər. Bu isə sübuta yetirir ki, bizim hörmətli ekspertlərimizin əksəriyyəti Amerikanın siyasətinə təsir edən amillər barədə heç bir bilgiyə sahib deyil. Təəssüf...
Amma məsələnin digər tərəfi də var. Onları məlumatsız olduqları bir proses barədə şərh verməyə kimsə məcbur etməyib. Yəni bu adamlar məlumatsız olduqları prosesləri şərh etmək zorunda deyillər. Belə olduğu halda sadəcə susmaq, yaxud hər kəsin bildiyi məlumatları çeynəməklə itirilən vaxtdan daha səmərəli istifadə etmək olar.
Əslində beyin mərkəzləri əksər dövlətlərdə proseslərin yaranmasında, idarə olunmasında mühüm rol oynayırlar. Ona görə də bütün dünyada, o cümlədən böyük dövlətlərdə bu sahəyə xüsusi önəm verilir. Beyin mərkəzlərinə çox ciddi maliyyə ayrılır. Onların hesabatlarından istifadə olunur. Bizdə isə beyin mərkəzlərinə ciddi önəm verilmədiyindən bu sahə qeyri ciddi duruma düşüb. Ona görə də proqnozlaşdırma məsələsində axsayırıq.
Azərbaycanda analitik sahənin qeyri ciddi durumda olmasının səbəblərindən biri gənc nəslin gündəmə gəlmək üçün "politoloq" kimi mediaya üz tutmasıdır. Təbii ki, ekspert qıtlığı olduğu üçün media həmin "ekspert"lərin xidmətindən yararlanmaq zorundadır. Nəticədə təcrübəsiz, informasiyasız, dərin təhlil qabiliyyətinə malik olmayan, prosesləri belə düz əməlli izləməyən "politoloqlar" Azərbaycan təhlilçiləri ilə bağlı qeyri ciddi imic formalaşdırılar.
Bundan başqa uzun illər politoloq kimi tanınan eskpertlərimiz də öz üzərlərində işləmir, prosesləri dərindən bilmir və yetərli qədər, eyni zamanda bir neçə ölkənin informasiya resurlarından izləmirlər. Bu səbəbdən də ortaua bəsit analizlər qoyurlar.
Digər tərəfdən bu sahə maliyyə problemləri ilə üz üzədir. Yəni şərait olarsa əminlikə söyləmək olar ki, Azərbaycanda məhdud sayda da olsa ciddi beyin mərkəzləri formalaşdırmaq olar. Həmin beyin mərkəzləri, onların əməkdaşları hazırladıqları məhsulu yaxşı qiymətə sata biləcəklərsə, eyni zamanda ciddi maliyyə təminatına sahib olacaqlarsa o zaman beyinlərində başqa fikirlər də olamayacaq və beyin mərkəzləri də ciddi quruma çevriləcək. Öz üzərlərində daim işləyəcəklər və nəticədə bu sahənin inkişafına şahidlik edəcəyik.
Analitik sahənin qeyri ciddi duruma düşməsinin bir səbəbi də ixtisaslaşma ilə bağlıdır. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi ekspertlər Yaxın Şərq, Ortya Asiya, Rusiya, ABŞ və s. kimi mövzuların hamısını şərh etmirlər. Çünki hər hansı bölgəni şərh etmək üçün həmin bölgənin demoqrafik, dini, etnik durumu, iqtisadi, siyasi vəziyyətindən tutmuş coğrafi şəraitinə, xarici, daxili investisiya yatırımına, əhalinin mədəni, sosial durumuna qədər qədər hər şeyi bilməlisən. Bu səbəbdən də bir insan bütün dünyanı analiz etmək qabiliyyətinə malik ola bilməz.
Uzağa getməyək, qardaş Türkiyədə ekspertlər bu və digər sahələr üzrə ixtisaslaşıblar. Niyə? Çnüki onların maliyyə təminatı var, bu işdən özlərini təmin edəcək qədər pul qazanırlar və nəticədə öz üzərlərində daim işləyir, dil öyrənir, bir mövzu ilə bağlı informasiyanı bir neçə mənbədən, bir neçə dildə yayımlanan fərqli ölkələrin mediasından alırlar.
Bu baxımdan, Azərbaycanda bu sahə ciddiyə alınmalı, ekspertlər ixtisaslaşmalı, ümumi sözlərlə "şərh"lər, statistikadan başqa heç nə deməyən "beyin mərkəzləri" sıradan çıxmalı, bu sahənin inkişafına nail olunmalıdır. Yalnız bundan sonra ciddi proqnozlaşdırmanın şahidi ola bilərik. Bundan qazanan isə yalnız dövlət olacaq...

Əli Zülfüqaroğlu