Vaxt çatdı: Qarabağ prosesində yeni məqam Siyasət

Vaxt çatdı: Qarabağ prosesində yeni məqam

"Rusiya son zamanlar Cənubi Qafqazda hakimlik uğrunda açıq siyasət yürüdür"

Qarabağ danışıqlarını Rusiya ilə aparmağın vaxtı çoxdan çatıb. Rusiya Ermənistana İsgəndər-M raketlərini göndərdikdə biz bu addımı atmalı idik. Rusiyanın bir quberniyasına çevrilən Ermənistanla danışıqların artıq heç bir əhəmiyyəti yoxdur.
Bu sözləri politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Dağlıq Qarabağın tənzimlənməsi ilə bağlı danışıqların Ermənistanla aparılmasının sadəcə vaxt itkisi olduğu qənaətindədir:
"Rusiya son zamanlar Cənubi Qafqazda hakimlik uğrunda açıq siyasət yürüdür. Moskva bir növ bütün məsələlərin onunla razılaşdırılmasının siqnallarını verir. Rusiya ATƏT həmsədri kimi bölgədə vəziyyəti düzəltmək, münasibətləri qaydaya salmaq yerinə xeyli destruktiv mövqedən çıxış edir. Rusiya Ermənistanı dəstəkləməklə öz siyasi xəttini nümayiş etdirir. Düzdür, bu şəraitdə Rusiya ilə açıq danışıqlara başlamaq bir qədər çətindir. Ancaq bunun vaxtı çoxdan çatıb. Biz Rusiya Ermənistana İsgəndər-M raketlərini göndərdiyi vaxt bu addımı atmalı idik. Rusiyanın bir quberniyasına çevrilən Ermənistanla danışıqların artıq heç bir əhəmiyyəti yoxdur".
Bu prosesin hansı formada olacağına gəlincə, politoloq hesab edir ki, ilk növbədə Rusiyaya onun bölgədə oynadığını destruktiv rolu anlada biləcək xüsusi bir formanı axtarıb tapmaq lazımdır:
"Rusiya ilə Qarabağ məsələsinin müzakirəsini açıq formada etmək olmaz. Gizli diplomatik kanallar vasitəsilə Rusiya ilə müəyyən danışıqlar aparmaq olar. Azərbaycan tədricən Rusiyanın bölgədə oynadığı rolu beynəlxalq təşkilatlara daşıya bilər. Bunun üçün əlverişli vəziyyətin yetişməsi də olduqca önəmlidir. Yəni Moskva ilə danışıqlar aparıb bu məsələlərlə bağlı müəyyən bir səviyyəyə nail olduqdan sonra Azərbaycan ya beynəlxalq təşkilatlara müraciət etməli, ya da özünə yeni tərəfdaşlar tapmaq üçün hərəkətə keçməlidir. Proses birbaşa Rusiya ilə mümkün danışıqların nəticəsindən asılı olacaq. Azərbaycana vədlər verib, Ermənistanı da özündən çıxartmağa çalışmaq perspektivi olan bir siyasət deyil. Bir reallıq da var ki, Rusiya hazırda təklənib".
Q.Hüseynlinin fikrincə, Türkiyə ilə də bu istiqamətdə danışıqlar aparmağa ehtiyac var:
"Türkiyə Rusiya ilə barışığın doğurduğu əhval-ruhiyyənin təsirindən çıxa bilməyib. Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatları, hələ ki, vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək iqtidarında deyil. Hər halda Türkiyə yaxın müttəfiqdir və maraqlarımızı bilir. Kifayət qədər təhlükəli olan bu situasiyanı Türkiyə ilə müzakirə edib ortaq bir anlaşmaya gəlmək mümkündür. Türkiyə ilə hərbi saziş imzalanmalı, ölkəmizdə türk hərbi bazalarının yaradılmasına başlanılmalıdır".
Politoloq onu da bildirib ki, açıq surətdə Azərbaycanla hər cür strateji əməkdaşlığa hazır olan Pakistanla da bu istiqamətdə danışıqlar səmərə verə bilər".
Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Rusiya-Ermənistan hərbi əməkdaşlığını müzakirə edən deputatlar Kremlin bu siyasətinə etirazlarını bildiriblər. Maraqlı təkliflərdən biri isə danışıqların artıq Ermənistanla deyil, Rusiya ilə aparılması ilə bağlı olub. Bu fonda isə Minsk Qrupunun Azərbaycanla Rusiya arasında vasitəçilik etməli olduğu bildirilib.