“Danışıqlar bərpa olunmasa, hərbi gərginlik arta bilər” Siyasət

“Danışıqlar bərpa olunmasa, hərbi gərginlik arta bilər”

Rasim Musabəyov: "Və bu aprel hadisələrindən də şiddətli olar"

"Azərbaycanın Avrasiya İttifaqına daxil olması ilə bağlı məsələ hələlik gündəlikdə yoxdur. Təbii ki, bizim torpaqlarımızı işğal edən dövlətlə ittifaqa girmək ağlasığan məsələ deyil. Ona görə də, belə bir məsələ gündəlikdə durmur". Bunu millət vəkili, politoloq Rasim Musabəyov bildiirb. O diqqətə çatdırıb ki, ikincisi, hər bir qərarın zərurəti olmalıdır: "Söhbət siyasi və iqtisadi zərurətdən gedir. Hələlik siyasi zərurət yoxdur. Çünki torpaqlarımızı işğal edən Ermənistan bu qurumda təmsil olunur. Həm də iqtisadi baxımdan zərurəti yoxdur. Azərbaycanın Avrasiya İttifaqına daxil olan ölkələrlə Ermənistanı çıxmaq şərti ilə mehriban və yüksək münasibətləri var. Bu münasibətlər inkişaf edir və bundan sonra da edəcək. Sadəcə olaraq, biz bu münasibətləri ikitərəfli qaydada tənzimləyirik. MDB çərçivəsində qəbul edilən qərarlar isə imkan verir ki, bu münasibətləri qarşılıqlı güzəşt əsasında quraq".
O deyib ki, əsas odur ki, bu ittifaqda təmsil olunmaq Azərbaycana nəsə verir və ya vermir:"Əgər vermirsə, bu ayrı məsələ. Cənab prezident, ondan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov da qeyd edib ki, bizim Avrasiya İttifaqına allergiyamız yoxdur. Sadəcə olaraq bu quruma daxil olmaq üçün iqtisadi və siyasi zərurət olmalıdır. Bu zərurət olmadığı halda biz bunu aktual formada müzakirə aparmağa lüzum görmürük. İndi kim bunu istəyəcək, kim istəməyəcək, bu, artıq ikinci dərəcəli məsələdir. Həm də vacib məsələ ondan ibarətdir ki, Avrasiya İttifaqının daxilində kifayət qədər ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aradan qaldırılacaq, bu ittifaq inkişaf edəcək və ya etməyəcək kimi məqamlar açıqdır. Odur ki, Azərbaycanı tələsik hansısa ittifaqa daxil olmağa heç nə sövq etmir".
Politoloq deyib ki, Rusiya aprel döyüşlərində təşəbbüslə çıxış etdi və müharibə dayandırıldı: "Rusiya qərargah rəislərini Moskvaya dəvət etdi və sonra cəbhədə aktiv olan döyüşlər dayandı. Rusiya bunu edəndə cəbhədə şübhəsiz ki, Azərbaycanın üstünlüyü var idi. Biz irəliyə də gedə bilərdik və münaqişə genişlənə bilərdi. Təbii ki, cəbhədə aktiv fəaliyyətin dayandırılması müqabilində danışıqlar prosesində fəallığın artırılacağı, Rusiyanın erməniləri ağıllandırmaq üçün səylər göstərəcəyi gözlənilirdi. Əslində biz bu səyləri müşahidə etdik. Amma sonda heç bir nəticə olmadı. İndi bəhanə edirlər ki, ermənilər işğal edilən ərazilərdən geri çəkilməkdən boyun qaçırırlar. Ona görə ki, belə olacağı halda özlərini təhlükəsiz hiss etməyəcəklər və orada qurduqları müdafiə sistemi dağılacaq, bu zaman Azərbaycan qarşısında aciz qalacaqlar. Bunu bəhanə edərək, Rusiya ermənilərə əlavə təminatlar verir. O cümlədən də silahlar. Yəni qorxmayın, bu ərazilərdən çıxsanız, təhlükəsizliyiniz təmin ediləcək. Amma biz görürük ki, Ermənistan bunun müqabilində nəinki ağıla gəlir, əksinə, qudurur, loğva-loğva hədələrlə çıxış edir. Bütün bunların məsuliyyəti olmalıdır. Nəzərə alın ki, Rusiyanın da Azərbaycandan müəyyən istəkləri var, Azərbaycanın dəstəyinə ehtiyacı var. Yəni təkcə birtərəfli olaraq bizim onların dəstəyinə ehtiyacımız yoxdur. Təbii ki, münasibətlərin hansı şəkildə qurulmasından, o cümlədən Azərbaycanın Rusiya ilə münasibətlərdə perspektivləri ortaya çıxır. İndi Rusiya ilə Ermənistan birgə ordu birliyi yaradırlar. Hər halda bunları müzakirə etməyə ehtiyac var. O mənada ki sən gedib Ermənistanda belə şeylər edirsən, raketlər verirsən. Sabah mən ondan da uzaq məsafələrə gedə bilən raketləri Pakıstanda və ya Belarusdan gətirib quraşdırsam, xoşunuza gələcəkmi? Axı bu raketlər ancaq Ermənistana çatmayacaq, bütün dairəni nişana almaq iqtidarında olacaq. Yox, əgər sən bunu istəmirsənsə, onda o silahları niyə gətirib Ermənistanda yerləşdirirsən? Bu sualları verib onlara cavablar istəmək lazımdır. İkincisi, əgər sən orada birgə hərbi birləşmə yaradırsan, bəs onda bizim də Naxçıvanda Türkiyə ilə birgə belə bir ordu birliyi yaratmağımız xoşuna gələrmi? Bu halda sənin bizim bu addımımıza qarşı çıxmağa haqqın çatmayacaq. Yəni hər şey qarşılıqlıdır...".
R.Musabəyov vurğulayıb ki, Rusiya vasitəçi libasında çıxış edir, ancaq həm də bu konfliktin iştirakçısıdır: "Gərginliyin artması və münaqişənin alovlanması yaxşı heç nə vəd etmir. Ancaq kimsə düşünürsə ki, Azərbaycanı həm Rusiyanın istəklərini, həm də ermənilərin iddialarını təmin etməyə razı salacaqlar, bunu heç vaxt görməyəcəklər. Danışıqlar bərpa olunmasa, bu danışqlarda müsbət perspektivlər olmasa, hərbi gərginlik arta bilər və bu aprel hadisələrindən də şiddətli ola bilər".