“Azərbaycanlı icması Qarabağa qaytarılmalıdır” Siyasət

“Azərbaycanlı icması Qarabağa qaytarılmalıdır”

Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakla görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin gələcək perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Azərbaycanın Bosniya və Herseqovina ilə qarşılıqlı maraqlara əsaslanan və hər iki ölkəyə fayda gətirəcək bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin və XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıb.
Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmkarına geniş məlumat verib, Bosniya və Herseqovinanın münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tutduğu ədalətli mövqeyinin təqdir edildiyini bildirib.
İqor Çrnadak isə Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin göstəriləcəyinə əminliyini ifadə edib. O, 2014-cü ildə Cənub-Şərqi Avropa ölkələrində baş vermiş daşqınlar zamanı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın Bosniya və Herseqovinaya humanitar dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və sərmayə qoyuluşu ilə bağlı məsələləri müzakirə ediblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə də toxunub. Nazir qeyd edib ki, son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir.
O bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətində aparılması sirr deyilir. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".
Məmmədyarov qeyd edib ki, rəsmi Bakı imitasiya üçün danışıqlar aparmır.
Nazir Ermənistan tərəfinin hələ də Hamburq görüşü ilə bağlı cavab vermədi.