“Türkmənistanla tam razılıq əldə olunmayıb“ Siyasət

“Türkmənistanla tam razılıq əldə olunmayıb“

Xələf Xələfov: "Gələn ay Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası olacaq"

Gələn ilin yanvar ayında Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq.
Bu barədə xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, görüşdə Xəzərin hüquq statusuna dair danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısına hazırlıq mələləri də müzakirə olunacaq.
Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadi olaraq aparılır: "İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakiər olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü də təşkil etsin. Artıq belə bir təşəbbüs var. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun".
Xələf Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixini demək çətindir.
Nazir müavini bildirib ki, bu barədə nazirlərin görüşündən sonra nəsə demək mümkün olacaq: "Eyni zamanda baxacağıq ki, konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı vəziyyət hansı səviyyədədir. Onu deyə bilərəm ki, nazirlərin görüşünün Astanada keçirilməsi nəzərdə tutulur".
Xələf Xələfov Türkmənistanla ikitərəfli danışıqlar formatının saxlanıldığını, ara-sıra məsləhətləşmələrin keçirildiyini bildirib.
Xələf Xələfov deyib ki, Xəzərin hüquq statusuna dair Azərbaycanla Türkmənistan arasında tam razılıq əldə olunmayıb.