Cümhuriyyətə atılan güllə Siyasət

Cümhuriyyətə atılan güllə

"Teokratizm türklər üçün baş bəlası olan bir zehniyyətdir"
Zeki Velidi Toğan


Rusiya səfiri niyə öldürüldü?
Sual bir, cavablar isə müxtəlifdi.
İlk ağıla gələn iddia qətlin sifarişinin Türkiyə-Rusiya münasibətlərinin inkişafını arzulamayan xarici güclər tərəfindən verilməsidir. Şübhəsiz ki, terror aksiyasının sifariş olub-olmadığını istintaq müəyyənləşdirəcək. Bir qayda olaraq, xüsusi xidmət, yaxud kəşfiyyat, əks-kəşfiyyat orqanlarının gerçəkləşdirdiyi qətlərin üstü açılmır. Açılsa da pərdə arxasındakı oyunçuların adları ictimaiyyətə açıqlanmır.
Daha öncə qeyd etdiyim kimi, sual bir, cavablar müxtəlifdir...
Məsələn, səbəblərdən biri ərəb ölkələrinin gündəminin Türkiyəyə daşınması, Fələstin, İraq, Suriya "cocuqları" üçün axıdılan göz yaşları, bu göz yaşlarına səbəb olanlara qarşı körüklənən nifrət kampaniyası, din faktorunun siyasi gündəmi iflic etməsi, müstəqil düşünməyi, hadisələri təhlil etməyi bacarmayan əli dəsmallıların görəv başına gətirilməsi, iddiaların imkanları dəfələrlə üstələməsidir.
Başqa bir səbəb orduya, kəşfiyyat strukturlarına, polisə, bütövlükdə güc strukturlarına olan yanaşmadır. Peşəkar kadrların mülayimlik maskası taxmış radikal dinci zehniyyətlə əvəz olunması, dini ideoloji amillərin konstitusion normaları, dünyəvi dövlətçilik prinsiplərini alt-üst etməsi, Vahid Dövlət-Vahid Millət şüarının Vahid Ümmət-Vahid Lider tezisi ilə əvəz olunması, cəhalətin zəka və idrak üzərindəki təntənəsidir.
Dinçi düşüncədə, ümmətçi yanaşmada dövlətçilik heç zaman ön planda ola bilməz. Bu düşüncənin ardıcılları üçün dövlət onların liderlərindən ibarətdir. Bu səbəbdən də dinçi zehniyyət dövləti deyil, öz liderini qoruyur. Dövlət və dövlətçilik milli düşüncənin məhsuludur.
Bu fikirlər sadəcə mənim qənaətim deyil. Bununla bağlı Türk Dünyasının böyük mütəfəkkiri, Başqurd türkü Zeki Velidi Toğanın 1914-cü ildə İstanbulda yayımlanan "Bilgi" dərgisində Yusuf Akçuranın Osmanlı ləhcəsində çevirərək yayımladığı mülahizələrinə nəzər salaq:
1. Teokratizm türklər üçün baş bəlası olan bir zehniyyətdir.
2. Biz Qərb mədəniyyətinə inteqrasiya etdiyimizdə islamiyyət də ona uymalıdır.
3. Türklər tarix boyu dövləti xilafətdən ayırı tutublar.
4. Türk və moğolların idarə sistemində dinlə bağlı heç bir şey yoxdur.
5. Çingizin Yasa sisteminin tətbiqi islam aləmində yeni bir dövr açıb. Bu yasa Türkiyədə də (Osmanlı yasası və "damğa" sistemi) izlər buraxıb.
6. Din ilə hökumət tamamilə ayrı olmalıdır.
7. Quranın ehkamı dünyəvi ehkamla əvəz edilməlidir.
8. Bir şərq millətinin insan cameəsi olaraq avropalılardan heç bir fərqi yoxdur.
9. Orta Asiyadakı müsəlman məmləkətlərinin Rusiayaya əsir olmalarının əsas səbəbi onların Çingiz Yasasından ayrılaraq şəriətə üz tutmalarıdır...
Zeki Velidi Toğan bu qənaətə 24 yaşında gəlmişdi. Atatürk 24 yaşlı bu gəncin qənaətlərini bölüşür və təqdir edirdi.
Qosqoca Türkiyə Cümhuriyyətinin 93 yaşı var... Və bu yaşa Atatürkün bölüşdüyü qənaətlər əsasında gəlib çatıb.
Tanrı uzun ömür versin!

Elçin Mirzəbəyli