“Çox azsaylı ölkələrdə orijinal dərman preparatlarının istehsalı mövcuddur” Siyasət

“Çox azsaylı ölkələrdə orijinal dərman preparatlarının istehsalı mövcuddur”

Cavanşir Feyziyev: "Bu, ilk növbədə fundamental əczaçılıq elminin, onun ənənələrinin mövcud olduğu ABŞ, Yaponiya və bir neçə Qərbi Avropa ölkələridir"



Milli Məclisin deputatı, uzun illər əczaçılıq sahəsində çalışmış Cavanşir Feyziyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

-Bu günlərdə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib ki, 2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək. Bunun perspekivini necə görürsünüz? Bu zavodlar Azərbaycan əhalisinin dərman təminatında hansı rol oynaya bilər?
-Hazırda ölkəmizin əczaçılıq bazarında olan dərman preparatlarının sayı 10 mindən bir qədər artıqdır və bunların demək olar ki, hamısı idxal olunur. Bununla belə, mütəxəssislər tərəfindən yaxşı tanınan və ən çox istifadə olunan dərmanların sayı təxminən 500-dür. Çox güman ki, tikilməkdə olan və ya tikiləcək istehsal müəssisələri ilk növbədə müalicə və profilaktika sahəsində geniş şəkildə tətbiq olunan assortimenti əhatə edəcək.
Bu baxımdan, ilk növbədə, istehsal ediləcək məhsullar üzrə idxaldan asılılığın aradan qalxmasına nail olunacaq ki, bu da müxtəlif səbəblərdən vaxtaşırı olaraq əczaçılıq bazarında hiss olunan qıtlıq problemini həll edəcək.
Həmin zavodların ölkəmiz üçün faydalı olacağı təkcə bununla bitmir. Bu həm də yeni iş yerlərinin yaranması, ölkə daxilində mümkün xammal ehtiyatlarının istehsala cəlb olunması ilə yeni xammal istehsalı sahələrinin yaranmasını stimullaşdıra bilər. Nəticə etibarilə, həmin məhsulların xaricdən alınması üçün tələb olunan və bu məqsədlə ölkədən çıxan valyuta həcmində beynəlxalq valyutaya tələbatın azalması, bu da öz növbəsində manatın kursuna olan təzyiqin azalmasına yardım edə bilər. Yəni idxal olunan hər bir əmtəə kimi, dərman preparatlarının da yerli istehsalla əvəzlənməsi təkcə səhiyyədə deyil, ümumiyyətlə, ölkə iqtisadiyyatında müsbət meylləri gücləndirməyə xidmət edəcək.
- Hansı dərmanların istehsalını mümkün sayırsınız və yerli istehsal qiymət dəyişiminə səbəb ola bilərmi?
- Əlbəttə, orijinal dərman preparatlarının istehsalından danışa bilmərik. Çox azsaylı ölkələrdə orijinal dərman preparatlarının istehsalı mövcuddur. Bu, ilk növbədə fundamental əczaçılıq elminin, onun ənənələrinin mövcud olduğu ABŞ, Yaponiya və bir neçə Qərbi Avropa ölkələridir. Bu ölkələrdə əczaçılıq sahəsində uzun illər ərzində elmi tədqiqatlar aparılır, müxtəlif təyinatlı dərman preparatlarının kimyəvi-bioloji formulası icad olunur, bir neçə mərhələdən ibarət sınaqlardan keçirilir və daha sonra onun istehsalına qərar verilir.
Həmin institutların müəlliflik hüququnu qoruyan patent müddəti ərzində həmin tərkibli dərman preparatı yalnız patent sahibinin icazə verdiyi istehsal müəssisəsində istehsal oluna bilər. Adətən, bütün patent dövründə həmin dərman preparatı ən baha qiymətə satılır və onun tapılması üçün onilliklər ərzində çəkilən tədqiqat xərcləri geri qaytarılır. Bu müddət başa çatdıqdan sonra preparatın kimyəvi tərkibi bütün istehsalçılar üçün açıq elan olunur və o tərkibli dərman preparatı bu fəaliyyət üçün müvafiq icazəsi olan istənilən istehsalçı tərəfindən istehsal oluna bilər.
Bu şəkildə istehsal olunan dərmanlar generik dərman preparatları adlanır və ölkəmizdə tikilən zavodlarda da generik dərman preparatları istehsal olunacaq. Məsələn, keçmiş sovetlər ərazisində orijinal dərman preparatı istehsal edən müəssisə olmayıb və bu gün də yoxdur.
Qiymətlə bağlı sualınıza gəldikdə, onu deyə bilərəm ki, hər bir əmtəənin maya dəyərini formalaşdıran bir sıra amillər var ki, bu, istehsal xərcləri, əmək qüvvələrinin ödənilməsi səviyyəsi, vergi yükü, nəqliyyat və logistika xərcləri və sairdən ibarətdir. İndiki halda, dərman preparatlarının maya dəyərini aşağı səviyyədə saxlamağa yönəlmiş tədbirlər artıq görülüb.
Bildiyiniz kimi, yeni yaradılan sənaye zonalarında fəaliyyət göstərəcək istehsal müəssisələri ilk 7 il müddətinə bütün vergilərdən azaddır. Digər tərəfdən, məhsulların Bakıda istehsalı onun nəqliyyat və logistika xərclərini minimuma endirir. Ona görə düşünürəm ki, yerli müəssisələrdə istehsal olunan istənilən əmtəə növü, o cümlədən dərman preparatları idxal olunan qiymətlərdən kifayət qədər aşağı ola bilər.
-Bu yaxınlarda Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib, bu ay İranla birgə əczaçılıq zavodunun təməli qoyulacaq. İran və Rusiya ilə birgə əczaçılıq zavodunun yaradılmasına münasibətiniz necədir?
-Azərbaycan hökuməti bir çox sahələrdə, o cümlədən, əczaçılıq sahəsində istənilən ölkənin Azərbaycanda istehsal müəssisəsi yaratmaq təşəbbüsünü dəstəkləyir və həm də təşviq edir. Ona görə əminəm ki, digər ölkələrdən, o cümlədən, Avropa ölkələrindən də analoji təşəbbüs gələrsə, bu, mütləq müsbət qarşılanacaq.
Görünür, bu günə bu sahəyə sərmayə qoymağa maraq göstərənlər ilk növbədə qonşu ölkələrdir. Həm İranda, həm də Rusiyada generik dərman preparatlarının istehsalı üzrə çoxsaylı müəssisələr var. Hər iki ölkə bu sahədə kifayət qədər təcrübəlidir, ona görə burada qeyri-adi heç nə yoxdur.
Amma mənə məlumdur ki, Yaponiya və İndoneziya kimi ölkələrdən də Azərbaycan əczaçılıq sənayesinin yaradılmasında iştirak etməyə maraq göstərən şirkətlər var və onlar da hələlik bazar araşdırmaları aparırlar. Ona görə də bu istiqamətdə işlərin get-gedə daha da genişlənəcəyini da gözləmək olar.