“Rusiya münaqişənin tənzimlənməsi prosesi ilə ciddi məşğul olacaq” Siyasət

“Rusiya münaqişənin tənzimlənməsi  prosesi ilə ciddi məşğul olacaq”

Fikrət Sadıqov: "Lakin Rusiyanın Ermənistanın müttəfiqi olması məsələsi yaddan çıxmamalıdır"

Dünən Rusiya XİN sözçüsü Mariya Zaxarova Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini intensivləşdirmək üçün əlindən gələn hər şeyi edəcəyini bildirib. Rusiya münaqişənin tənzimlənməsi üçün hansı səyləri irəli sürə bilər?
Bu məsələni şərh edən politoloq Fikrət Saqdıqov bildirib ki, Rusiya XİN 2016-cı ilə dair məruzəsində Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırıb. Məruzədə qeyd edilib ki, Rusiya münaqişənin nizamlanması üçün səylər göstərib və problem Rusiya tərəfindən səylərin artırılmasını tələb edir. Politoloq vurğulayıb ki, gələcəkdə də Rusiya münaqişənin tənzimlənməsi prosesi ilə ciddi məşğul olacaq.
F. Sadıqovun fikrincə, reallıq ondan ibarətdir ki, Rusiya bir tərəfdən Minsk qrupunun həmsədri kimi, digər tərəfdən isə Azərbaycanın strateji partnyoru kimi münaqişənin tənzimlənməsi məsələsi ilə həqiqətən məşğul olur: "Lakin Rusiyanın Ermənistanın müttəfiqi olması məsələsi yaddan çıxmamalıdır. Əlbəttə ki, Rusiyanın bu məsələ ilə məşğul olması o demək deyil ki, Rusiya işğal edilmiş əraziləri azad edib bizə verəcək. Bu səylərin artırılması ifadəsi hansısa ortaq məxrəcə gəlinməsi məsələsini nəzərdə tutur. Yəni müəyyən mənada həm Ermənistan razı olsun, həm də Azərbaycanın maraqları nəzərə alınsın. Tərəflər razılıq əsasında bir araya gəlsin".
Politoloq əlavə edib ki, Rusiya öz mövqeyini gizlətmir, rəsmi Moskva bunu dəfələrlə səsləndirib: "Lakin bu tam mənada bizi qane edə bilməz. Rusiyada bunu yaxşı dərk edirlər. Hətta bir neçə ay ərzində Rusiyanın münaqişənin mərhələli həll planına üstünlük verdiyi də hiss olunurdu".
F. Sadıqov hesab edir ki, bundan əlavə heç bir addım atılmayacaq: "Biz istərdik ki, Rusiya Ermənistana təzyiq etsin və torpaqlar işğaldan azad edilsin".