“Bu, Ermənistan tərəfinin növbəti hiyləsidir” Siyasət

“Bu, Ermənistan tərəfinin növbəti hiyləsidir”

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Müdafiə Nazirliyinin məlumatına görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Yeni il və dünya azərbaycanlılarının həmrəylik gününə 2 gün qalmış cəbhədə erməni təxribatının güclənməsi nəyə işarədir?
Hərbi ekspert Üzeyir Cəfərov bayram ərəfəsində belə bir təxribatın baş verməsinin gözlənilən olduğunu deyir: "Bu, çoxdan planlaşdırılmışdı. Sadəcə, bunun reallaşdırılması üçün zaman yox idi. Həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin toplantısından qayıdan Serj Sarkisyan çox məyus idi. Məyusluq da Ermənistan rəhbərliyinə, cinayətkar dəstəsinə işğal olunmuş ərazilərdə deyil, məhz, Tovuz istiqamətində təxribatı həyata keçirmək üçün lazım idi. Ona görə də belə bir təxribata əl atdılar. ATƏT-in Minsk qrupu çox çalışırdı ki, ilin sonuna qədər iki ölkəni bir araya gətirsin. Amma alınmadı. Bir növ ATƏT qarşısında Ermənistanın götürdüyü öhdəlik yerinə yetirilməmiş kimi qaldı. Ona görə də onlar çalışırdılar ki, təxribat bir qədər geniş xarakter alsın".
Ekspertin sözlərinə görə, Azərbaycan heç bir halda ermənilərin təxribatına getməyəcək: "İnanıram ki, vəziyyət səngiyəcək. Azərbaycan heç bir halda ermənilərin bu təxribatına getməyəcək və tez bir müddətdə d ə məsələ səngiyəcək. Ermənilər birinci dəfə deyil ki, belə təxribat həyata keçirirlər. Belə məsələlərdə diqqətli olmalıyıq. Bu, Ermənistan tərəfinin növbəti hiyləsidir. Onlar çalışırlar ki, Azərbaycan tərəfi təxribata uysun və buna da böyük dövlətlər münasibət bildirsin. Məqsəd budur".
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı artıq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən silahlı insidentə münasibət bildirib. Təşkilatın Baş katibi Nikolay Bordyuja baş verən hadisəni təxribat adlandırıb: "KTMT-ya üzv ölkənin ərazisində baş verən bu hadisəni təxribar kimi dəyərləndiririk. Gözlənilirdi ki, münaqişə tərəfləri və bir sıra dövlətlərin rəhbərləri tərəfindən başladılan səylər Dağlıq Qarabağ münaqişəsini daha aktiv mərhələyə gətirə bilərdi. Lakin son vaxtlar təmas xəttindən hərbçilərin ölümləri ilə bağlı gələn xəbərlər ciddi təşviş doğurur".