"Rusiyanı Ukraynanın tam təslim olması qane edəcək" Dünya

"Rusiyanı Ukraynanın tam təslim olması qane edəcək"

"Bu müharibədə qalib olmayacaq. Yalnız insan həyatını xilas etmək naminə hərbi əməliyyatların dayandırılması mümkündür", – deyə V. Zelenski bildirib. Nəhayət ki, ağlabatan bir fikir. Mən bu barədə müharibənin ilk günündən bəri yazıram. Halbuki günlər, aylar və illər ərzində təbliğat maşını bizə "qələbə"dən car çəkir, hakimiyyət isə bununla bağlı planlar qururdu. Əgər vəziyyətə lap əvvəldən – hələ 2022-ci ilin yazında İstanbulda keçirilən ilkin danışıqlar zamanı – real yanaşa bilsəydik, görəsən, nə qədər insan həyatı xilas edilər və nə qədər dağıntının qarşısı alınardı?

Bunu xalqcebhesi.az-a Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.

"Deyə bilərsiniz ki, Rusiyanın buna heç bir istəyi yox idi. O, hətta indi də müharibəni uzatmağa çalışır. Çünki o, bütün Ukraynanı ələ keçirmək istəyir – necə ki, Zelenskinin özü də bu gün bunu bir daha vurğuladı.

Rusiya yalnız qismən ərazi güzəştləri ilə kifayətlənməyəcək; yalnız Ukraynanın tam təslim olması onu qane edəcək. Daimi müharibə tərəfdarlarımızın mövqeyi belədir. Burada mübahisəli məqam yoxdur: bu qanlı müharibəni Kreml başladıb və Vladimir Putin bir tərsliklə "Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə" nail olmağın zəruriliyindən danışmaqda davam edir. Bəs müharibə carçılarımız həmin o əzbərlənmiş "təslim olma" sözü ilə əslində nəyi nəzərdə tuturlar? Bu ifadəyə əvvəlki İstanbul razılaşmalarında və ya sonrakı Ankoric danışıqlarında harada rast gəlmək olardı?

Bəzən elə görünür ki, müharibədən qazanc götürənlərimiz və "faydalı vətənpərvərlərimiz" "kapitulyasiya" və "bütün Ukrayna" şüarları arxasında münaqişəni ağlabatan bir sonluğa çatdırmaq istəməmələrini gizlədirlər. Bu baxımdan — istər bilərəkdən, istərsə də bilməyərəkdən — onlar özlərini Putinin ətrafındakı qruplaşma və Kremlin "şahinləri" ilə eyni cəbhədə tapırlar. Bəs görəsən, burada əsl "gizli agent" və ya "kapitulyasiya tərəfdarı" kimdir? Lakin çox yaxşı haldır ki, Zelenski — ümid etdiyim kimi — həqiqətən də ölkəni və xalqı xilas edə biləcək yeganə yol olan realizm kursuna doğru irəliləyir. Qoy Mannerheymin ruhu ona yardımçı olsun. Biz artıq kifayət qədər "Çörçill" rolunu oynadıq" - o, vurğulayıb.

Cavid