“Bu görüşün müsbət nəticəsinin olacağını təsəvvür etmək çətindir” Gündəm

“Bu görüşün müsbət nəticəsinin olacağını təsəvvür etmək çətindir”

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.
Bu görüş Rusiya-Ukrayna müharibəsinin həllinə dair yeni imkan yarada bilər?

Mövzu ilə bağlı xalqcebhesi.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, ola bilsin ki, Zelenski görüşmək istəyər: “Amma bu görüş nəyi dəyişəcək? müharibə öz tempində davam edirsə, Rusiya tutduğu əraziləri geri qaytarmaq istəmirsə, Ukrayna işğal olunmuş ərazilərini Rusiyaya güzəştə getmək istəmirsə, tərəflər konkret addım atmırsa, o zaman bu görüşü keçirməyin nə mənası var? Birinci iş odur ki, konkret təkliflər irəli sürülməlidir. Ukraynada bu yoxdur, Rusiyada isə tamamilə yoxdur. Yəni hər iki tərəf açıq şəkildə müharibənin qarşı tərəfin güzəşti əsasında dayandırılmasını istəyir. Heç biri güzəştə getmək istəmir. İşğala məruz qalan da, işğalçı da özünü haqlı bilir. Hətta G20 sammitində görüş baş tutsa belə bunun müsbət nəticəsinin olacağını təsəvvür etmək çətindir”.

Röya İsrafilova