"Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub" Gündəm

"Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub"

"Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Xalqcebhesi.az xəbər verir ki, bunu millət vəkili Məzahir Əfəndiyev deyib.

O, qeyd edib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı — Azərbaycan Xalq Cümhuriyyətini elan edən babalarımızın dövlətçilik ənənələri 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyini yenidən bərpa etməsi ilə davam etdirildi. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və dövlətçilik varisliyini qoruyaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətçiliyin möhkəm əsaslarını formalaşdırmağa nail oldu.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi və həmin il Azərbaycan Respublikası Milli Məclisinə ilk deputatların seçilməsi ölkəmizin müasir dövlət quruculuğu tarixinin mühüm mərhələsini təşkil etdi. Bu tarixi hadisələr demokratik, hüquqi və dünyəvi Azərbaycan dövlətinin inkişafının əsasını qoydu və sonrakı 35 illik dövlət quruculuğu prosesinin möhkəm təməlini formalaşdırdı:

"Əlbəttə ki, bu müddətdə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçdi. 2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq 30 ildən artıq bir müddətdə torpaqlarının işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi. 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşu Ermənistanın silahlı qüvvələri kapitulyasiya edildi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Lakin, Azərbaycanın humanist yanaşması, sülh çağırışlarına məhəl qoymayan Ermənistan və onun havadarları regionda gərginliyi saxlamaq, sülh gündəliyinə zərbə vurmaq məqsədilə Qarabağ bölgəsində mövcud qeyri-qanuni erməni silahlı dəstələri vasitəsilə bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməyə davam etdilər. Törədilən hərbi təxribatlar nəticəsində hərbçilərimiz qəhrəmancasına vuruşaraq şəhid oldular, mülki şəxslər isə mina terrorunun qurbanı oldu".

2023-cü ilin 19 sentyabr tarixinə qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev müdrik Azərbaycan xalqının haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsinə dair qərar verməklə insan tələfatına davamlı qoydu, eyni zamanda ölkəmizin suverenliyini tam təmin etdi:

"Ölkə başçısının qeyd etdiyi kimi, “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”

Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.

Beləliklə, 2020-ci ildə yazılmağa başlanan Zəfər tariximiz hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə taclandı. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən artıq hər il sentyabrın 20-də böyük qürur hissi ilə qeyd olunan unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi.

Bu gün bütün regionlarımızda, xüsusilə Şərgi Zəngəzur və Qarabağda da genişmiqyaslı abadlaşdırma, quruculuq işləri aparılır. Görülən işlər çərçivəsində Böyük Qayıdışa dair II Dövlət Proqramı uğurla icra olunur, dövlətin bütün idarəedici strukturlarının əlaqələndirilməsi ilə yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır və doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdırlar.

20 sentyabr – ölkə təqvimdə 2020-ci ildə qazanılan Zəfərin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, eyni zamanda 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsindən başlayan şanlı tərəqqi tariximizi özündə ehtiva edir.

Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu müsbət dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın, dövlətimizin qarşısında duran prioritet vəzifədir".

Cavid