16 Sentyabr 23:38
10:14
434
“Mövcud vəziyyət diplomatik imkanların əvvəlki dövrlə müqayisədə genişləndiyini deməyə əsas verir. ABŞ-nin fəal vasitəçilik təşəbbüsləri, Moskva və Kiyevin yeni üçtərəfli danışıqlar ehtimalını nəzərdən keçirməsi və tərəflərin müəyyən məsələlər üzrə təmaslara maraq göstərməsi siyasi dialoqun yenidən əsas alətlərdən birinə çevrildiyini göstərir”.
Bunu xalqcebhesi.az-a politoloq Aytən Qurbanova deyib.
A.Qurbanova bildirib ki, G20 platforması isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Çünki belə bir görüş yalnız Rusiya və Ukrayna arasında ikitərəfli təmas deyil, eyni zamanda, ABŞ və digər böyük dövlətlərin diqqət mərkəzində baş verəcək siyasi hadisə olar. Həmçinin bu amil tərəflər üzərində kompromisə yönəlmiş əlavə beynəlxalq təzyiq yarada bilər. Əgər görüşə qədər atəşkəs, humanitar məsələlər və digər ilkin istiqamətlər üzrə müəyyən razılaşmalar əldə olunarsa, Zelenski–Putin görüşü daha geniş sülh prosesinin siyasi başlanğıcına çevrilə bilər”.
Onun fikirlərinə görə, lakin real nəticə üçün tərəflərdən yalnız görüşmək deyil, qarşılıqlı güzəştə hazır olmaq tələb olunur: “Əks halda, belə bir görüş daha çox siyasi mövqelərin nümayişinə çevrilə bilər. Nəticə etibarilə, Mayamidə mümkün Zelenski–Putin görüşünü müharibənin dərhal başa çatacağı nöqtə kimi deyil, sülh prosesinin yeni mərhələsinə keçid üçün mühüm fürsət kimi qiymətləndirmək daha doğru olar. Əgər Vaşinqton bu fürsətdən istifadə edərək tərəflərin mövqelərini yaxınlaşdırmağa və konkret razılaşmalar üçün siyasi çərçivə yaratmağa nail olarsa, G20 sammiti Rusiya-Ukrayna müharibəsinin diplomatik həllində dönüş nöqtələrindən birinə çevrilə bilər”.
Röya İsrafilova