14:23
406
“Cənab Prezidentin çıxışında Qarabağla bağlı səsləndirdiyi fikirlər göstərir ki, ərazi bütövlüyünün bərpası tarixi ədalətin təmin olunmasıdır, lakin bu, işğal dövründə törədilmiş cinayətlərin unudulması demək deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov qeyd edib ki, Xocalı soyqırımı, yüz minlərlə insanın doğma yurdlarından qovulması, şəhər və kəndlərin viran qoyulması, 65 məscidin məqsədli şəkildə tamamilə dağıdılması Ermənistanın işğal siyasətinin yalnız hərbi deyil, həm də etnik, dini və mədəni mahiyyət daşıdığını sübut edir: “”Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq” fikri qisas çağırışı deyil, milli yaddaşın qorunması, gələcək nəsillərin həqiqətləri bilməsi və eyni faciələrin bir daha təkrarlanmasına imkan verilməməsi mesajıdır. Azərbaycan bu gün Qarabağı yenidən qurmaqla dağıntılara qarşı inkişafı, nifrətə qarşı isə həyatın bərpasını ortaya qoyur”.
Siyasi şərhçinin sözlərinə görə, çıxışın digər mühüm xətti beynəlxalq münasibətlər sistemində uzun illər hökm sürmüş ikili standartların ifşası idi: “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədiyi, ATƏT və Avropa təsisatları işğala adekvat siyasi-hüquqi qiymət vermədiyi halda, Ermənistana heç bir sanksiyanın tətbiq olunmaması işğalın uzanmasına şərait yaratdı. Azərbaycan 2023-cü ildə öz suverenliyini tam bərpa etdikdən cəmi dörd ay sonra Avropa Şurasında ölkəmizə qarşı məhdudlaşdırıcı qərarın qəbul edilməsi bu ziddiyyəti daha aydın göstərdi”.
O həmçinin bildirib ki, Prezidentin Avropa Parlamentindəki korrupsiya, islamofobiya və qərəzli yanaşmalar barədə sərt fikirləri də məhz bu selektiv münasibətin tənqididir: “Bununla yanaşı, Azərbaycanın mövqeyi keçmişin girovunda qalmaq deyil: Bakı sülh prosesini və regionda uzunmüddətli sabitliyi dəstəkləyir. Lakin dayanıqlı sülh tarixi həqiqətlərin ört-basdır edilməsi deyil, cinayətlərin etirafı, qarşılıqlı məsuliyyət və Azərbaycanın suverenliyinə birmənalı hörmət əsasında qurulmalıdır”.
Röya İsrafilova