“Bu yol Cocuq Mərcanlıdan başladı” Siyasət

“Bu yol Cocuq Mərcanlıdan başladı”

Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncam imzalaması cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Bu, Azərbaycan Ordusunun ötən ilin aprelində göstərdiyi qəhrəmanlığın real nəticəsidir. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu hərbi əməliyyat zamanı kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edildi və bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün yenidənqurma işlərinin başlanmasına şərait yarandı. Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev deyib.
BAMF-ın sədri qeyd edib ki, dövlətimizin başçısı vəziyyəti düzgün qiymətləndirərək bu Sərəncamı imzaladı. Sərəncam cəmiyyətimizdə, xüsusən məcburi köçkünlərdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, onların işğal altındakı bütün torpaqlarımızın geri qaytarılacağı ilə bağlı inamını daha da artırdı. Dövlətimizin başçısı bu Sərəncamı imzalamaqla Cocuq Mərcanlıya qayıtmaq istəyən 190-dan çox ailənin arzusunu reallaşdırdı.
"Biz inanırıq ki, işğal altındakı torpaqlarımızı gec-tez geri qaytaracağıq və həmin torpaqlar üzərində suveren hüququmuz bərpa olunacaq. Bu yol Cocuq Mərcanlıdan başladı. Bu gün artıq hər bir Azərbaycan vətəndaşı əmindir ki, Cocuq Mərcanlı böyük yolun başlanğıcıdır", - deyə Umud Mirzəyev vurğulayıb.