“Freedom House”in növbəti riyakarlığı Siyasət

“Freedom House”in növbəti riyakarlığı

Ermənilərdən maliyyələşən bu təşkilat Azərbaycana qarşı qeyri-obyektiv münasibətdə ənənəsinə sadiq qalıb

Cavid

"Freedom House" beynəlxalq insan haqları təşkilatı 2013-cü il üzrə mətbuat azadlığı hesabatı yayıb. Bu dəfə də bu təşkilat Azərbaycanı azad olmayan ölkələr sırasında (100 mümkün baldan 84 bal) göstərib. Azad sayılmayan qonşulardan Ermənistan və Türkiyə 62, Rusiya 81, İran 90 bal alıb.
Qismən azad ölkələr bölümündə qərar tutan Gürcüstanın balı 47-dir. Keçmiş SSRİ məkanı ölkələrindən Ukraynaya 63, Belarusa 93 (hər ikisi qeyri-azad), Estoniyaya 16, Litvaya 24, Latviyaya 27 (hər üçü azad), Moldovaya (qismən azad) 53 bal verilib. Qırğızıstanın 66, Tacikistanın 80, Qazaxıstanın 85, Özbəkistan və Türkmənistanın 95 (hamısı qeyri-azad) balı var.
Göründüyü kimi, bu dəfə də adıçəkilən təşkilat Azərbaycana qarşı ikili standartlardan çıxış edib, Azərbaycanda mətbuat və söz azadlığı barədə yanlış təsəvvürlər formalaşdırmağa çalışıb. Təbii ki, "Freedom House"in belə hesabatları ictimaiyyət tərəfindən qınanılır.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də "Freedom House"-un yaydığı hesabata münasibət bildirərək qeyd edib ki, Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzlidir: "Bu təşkilat həmişə Azərbaycan haqqında neqativ məlumatlar yayır. Mətbuat azadlığı üzrə reytinq cədvəlində Azərbaycanın son sıralarda yerləşdirilməsi qərəzlidir".
Onun sözlərinə görə, Azərbaycanda mətbuat inkişaf edir, dövlət tərəfindən KİV-ə dəstək göstərilir.
Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki,
Azərbaycanda mətbuat azadlığı yetərincə təmin edilir: "Hesabatda göstərilənlər qətiyyən reallığı əks etdirmir. Azərbaycanda, kimliyindən asılı olmayaraq, istənilən vətəndaşın mətbuatda öz sözünü sərbəst demək imkanı var. Ölkədə bu sahədə kifayət qədər uğurlu addımlar atılıb. Bu halda "Freedom House"un hesabatında əks olunanlar qərəzli, subyektiv və kimlərinsə sifarişi ilə ifadə olunan fikirlərdir. Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycanda söz, fikir və mətbuat azadlığının tam təmin olunması nəticəsində hazırda 4000-dən çox kütləvi informasiya vasitəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Onu da qeyd edək ki, "Freedom House" məhz o təşkilatdır ki, bir tərəfdən Azərbaycanı "azad olmayan" dövlət adlandırır, eyni zamanda, öz əməkdaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə göndərərək, Azərbaycanın zəbt edilmiş torpaqlarında mövcud olan qondarma rejimi və onun Ermənistandakı ağalarını "yarımazad" elan edir. 25 min azərbaycanlının qanı, evindən-eşiyindən didərgin salınmış 1 milyondan çox region sakininin fəlakəti üzərində qurulmuş həmin qurumun "yarımazad" olmasından necə danışmaq olar?! Azadlıq yüz minlərlə insanı ata-baba yurdundan zorla qovub çıxarmaq, fundamental hüquq və azadlıqları kobud şəkildə pozmaqdırmı?! Ermənistanda vətəndaşların paytaxt küçələrində güllələndiyi bir vaxtda bu ölkənin "yarımazad", Azərbaycanın isə "azad olmamasından" necə danışmaq olar?!
Tənqidə və ittihamlara baxmayaraq, Azərbaycan inkişaf edir və edəcəkdir. ABŞ prezidenti Barak Obamanın bu ilin yanvarında "Ölkədə vəziyyət haqqında" ənənəvi müraciətində dediyi sözlər yada düşür: "Bizim azadlığımız, bizim demokratiya heç vaxt bizə asanlıqla başa gəlməyib. Bəzən geri çəkilirik, səhvlərə yol veririk, məyus oluruq və ya ruhdan düşürük. Lakin yaratmaq, qurmaq və hər bir insanın imkanlarını genişləndirmək üçün biz iki yüz ildən çoxdur ki, bütün bunları bir kənara qoyub tərəqqinin çarxını birgə səylərlə hərəkətə gətiririk ki, banilərimizin kağız üzərində yazdıqları sözləri hər bir vətəndaş üçün reallığa çevrilsin". Əgər ABŞ iki yüz ildən çox müddət ərzində tam demokratiyaya və azadlıqlara nail olmayıbsa, Amerika hələ də səhvlərə yol verirsə, deməli, bu, hər hansı digər ölkədə, o cümlədən inkişaf etməkdə olan Azərbaycanda da mümkündür".
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədlinin fikrincə, "Freedom House"un fəaliyyəti, onun hesabatları bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi, mənşəyi bilinməyən müxtəlif fondlar tərəfindən maliyyələşdirilən bu təşkilatın bir sıra ölkələrdə, məsələn Latın Amerikası dövlətlərində çıxardığı oyunlar sayəsində qazandığı çirkin reputasiya "Freedom House"un nəyə xidmət etdiyini açıq göstərir. Buna görə də onu beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmaq yanlışdır və insan haqlarına hörmətsizlikdir".
"Təsəvvür edin ki, bu təşkilat ona verilən sifarişləri icra etmək üçün o qədər uzağa gedir ki, hətta konkret faktları, nüfuzlu beynəlxalq təşkilatların məlumatlarını təhrif etməkdən belə çəkinmir. Bu yaxınlarda mətbuatın araşdırması nəticəsində bəlli oldu ki, dünya ölkələrində internet azadlığı ilə bağlı hesabatın Azərbaycana aid hissəsində "Freedom House" Beynəlxalq Telekommunikasiya Təşkilatının statistikasını təhrif edib", - deyə baş redaktor vurğulayıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, bu hesabatlar subyektiv mülahizələrdən ibarətdir və Azərbaycandakı siyasi yönümlü QHT-lərin qərəzli və heç bir əsası olmayan məlumatlarına əsaslanır: "Hətta belə hallar olub ki, təşkilat radikal müxalifət mətbuatının dedi-qodusunu olduğu kimi hesabatına daxil edib və buradan da müvafiq nəticə çıxarıb. Maraqlı məsələlərdən biri də Devid Kramerin "Freedom House"nin rəhbəri vəzifəsinə təyin edilməsidir. Məlum olduğu kimi, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Devid Kramer Azərbaycanla bağlı yalnız neqativ fikirlər səsləndirib". Babaoğlunun fikrincə, təbii ki, bu şəxsin rəhbərlik etdiyi təşkilatın Azərbaycana dair obyektiv mövqe nümayiş etdirəcəyini düşünmək sadəlövhlük olardı.
"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə bildirib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsində heç bir problem yoxdur: "Azərbaycanda həqiqi mənada söz və mətbuat azadlığıdır. Bircə həftə vaxt lazımdır ki, qeydiyyatdan keçəsən, qəzet təsis edəsən, baş redaktor olub, qəzet buraxasan. Dünyanın heç bir ölkəsində belə sadə prosedura yoxdur. Kim haradan, nə istəyirsə, necə düşünürsə, yazır. Son illər ərzində bir dənə də olsun jurnalist yazısına görə həbsə atılmayıb. Əvvəlki zamanlarla müqayisə etsək görərik ki, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində nə qədər böyük irəliləyişlər var. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, dövlət müstəqil mətbuatın işinə qarışmadan, diktə etmədən, şərt qoymadan müxtəlif qrantlı müsabiqələr yolu ilə iştirak edənlərə pul ayırmaqla yazılı mediaya maddi dəstək verir. Senzura və mənəvi cəhətdən heç bir buxov yoxdur. Bütün bunların hamısını görə-görə indi mətbuatımızın durumu ilə bağlı deyilən qeyri-obyektiv fikirləri heç cür qəbul etmək mümkün deyil. "Freedom House", "19-cu maddə təşkilatı", "Sərhədsiz Reportyorlar" təşkilatı və digərləri bir qayda olaraq, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı mənfi rəylər verirlər. Şəxsən mənim qənaətimcə, onlar qərəzli, qeyri-obyektiv, real faktlarla təsdiqini tapmayan rəylərdir. Bunlar bir dəfə də olsun Mətbuat Şurasına gəlib bizimlə söhbət edib, mətbuatın problemlərini öyrənməyiblər. Orada iqtidar da müxalifət də var, müstəqillər də. Bu təşkilatlar əslində erməni milyonçularının təsiri altında olan qurumlardır. Bunlar qərəzli şəkildə mənfi rəylər verirlər".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadə də adıçəkilən təşkilatı ittihamlayıb. O, bildirib ki, Azərbaycanda mətbuat azadlığı ilə bağlı "Freedom House"un açıqlaması və Azərbaycanın mətbuat azadlığına görə son yerlərdən birində olduğunu deməsi ədalətsizlikdir: "Çünki Azərbaycanda kifayət qədər mətbuat azadlığı var. Mətbuat çəkinmədən, müəyyən hədləri aşaraq istənilən şəxslər haqqında həqiqətə uyğun olan və ya olmayan müəyyən məqamları səhifələrində çap etdirsə də, onlara qarşı heç bir tədbir görülmür". Onun sözlərinə görə, buna baxmayaraq, hər hansı məhkəmə çəkişməsi olmur, mətbuat orqanı hər hansı qaydada cəzalandırılmır: "Başqa xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da elə adamlar var ki, mətbuata qarşı dözümsüzlük nümayiş etdirirlər. Bu, hakimiyyətin mövqeyi kimi yox, ayrı-ayrı şəxslərin mövqeyi kimi qiymətləndirilməlidir. Bu hallar Avropa ölkələrində də olur, jurnalistlərə qarşı müəyyən hərəkətlər, qəsdlər də olur. Buna görə dövlətin jurnalistikaya, mətbuata olan münasibətini dəyərləndirmək düzgün olmazdı. Hesab edirəm ki, Azərbaycan mətbuatı kifayət qədər geniş imkanlara malikdir, istədiyi məsələləri qəzeti üçün, cəmiyyət üçün maraqlı olan, bəzən öz qəzetlərinin reklamı xatirinə hay-küylü məsələləri daha da şişirdərək müəyyən başlıqları qoymaqla istədikləri varianda çap etdirirlər. Söhbət 1-2 jurnalistin həbsindən gedirsə, istər jurnalist, istər rəsmi şəxs olsun, heç kim etik normalardan kənara çıxmamalı, kiminsə şəxsi həyatına müdaxilə etməməlidir".