İşğalçı ölkədə siyasi vəziyyət gərginləşib Siyasət

İşğalçı ölkədə siyasi vəziyyət gərginləşib

"Moskva heç vaxt İrəvana bu qədər müdaxilə erməmişdi"

Ermənistanda parlament seçkisi öncə vəziyyət kritikləşib. Sarkisyana qarşı müxalifət düşərgəsində birlik yaranıb. Moskva isə vəziyyəti hələ kənardan müşahidə etməklə kifayətlənib.
"Tert.am" saytına açıqlamasında erməni politoloq David Şahnazaryan söyləyib ki, hələ indiyə qədər Moskvanın Ermənistandakı seçkiyə bu qədər yüksək səviyyədə qoşulması müşahidə edilməyib.
"Bu seçkinin daha bir özəlliyi siyasi fikir ayrılıqlarının olmamasıdır. Əvvəllər Ermənistanı Avropa modelinə bənzər dövlət şəklində görmək istəyən qüvvələr artıq bu məsələdə ciddi kompromisə gediblər. Buna görə də Ermənistanı Avropa dövləti kimi görmək istəyən kontingent yumşaq şəkildə desək, seçkidə aktiv iştirak etməyəcək. Üstəlik, seçkidə iştirak edən blokların çoxu özlərinin hakimiyyətdən yaxşı olduğunu göstərməyə belə cəhd etmirlər. Bu mənada onlar yalnız deyirlər ki, biz gələcəyik və hər şey yaxşı olacaq. Moskva üçün Ermənistanda ən böyük problem ölkədə antirusiya əhval-ruhiyyəsinin artmasıdır. Bu seçki vasitəsilə Moskva bu məsələni həll etməyə çalışır. Bir sözlə, yeni parlament daha çox Dumaya bənzəyəcək. Yəni burada siyasi müxalifət olmayacaq. Ən yaxşı halda parlamentə bir neçə müstəqil deputat buraxacaqlar. Ermənistanın siyasi sistemi ciddi problemdir və seçkidə iştirak edən siyasi subyektlər də bu problemin həlli yox, bir hissələridir. Bu seçki vasitəsilə Moskvanın Ermənistanın daxili siyasi proseslərinə təsiri artacaq. Yeni parlament Ermənistanın daxili siyasi stabilliyini stimullaşdıran orqan olmayacaq. Məncə, Moskvanın təsiri ilə yeni ictimai və hökumətdaxili ciddi silkələnmələr yaşanacaq", – politoloq bildirib.
Politoloq, millət vəkili Rasim Musabəyov isə deyib ki, Ermənistanda fövqəladə hadisə baş vermədiyi halda, böyük ehtimalla, Serj Sərkisyanın Respublikaçılar Partiyası parlamentdə çoxluğu qoruyub saxlaya biləcək.
Deputat Ermənistanda bu il baş tutacaq parlament seçkisinə Rusiyanın müdaxiləsini istisna etməyib:"Düzdür, hazırda müxalifət aktivləşib. Ancaq Ermənistanda fövqəladə hadisə baş verməsə, böyük ehtimalla, Serj Sərkisyanın Respublikaçılar Partiyası parlamentdə çoxluğu qoruyub saxlaya biləcək. Sərkisyan da, indiki baş nazir də birbaşa Rusiyanın adamıdır. Faktdır ki, bu gün Ermənistanda Rusiyanın adamı olmayan çox az siyasətçi var".
Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək, ölkə parlament idarə sisteminə keçəcək, baş nazirin səlahiyyətləri prezidentdən daha çox olacaq. Məhz buna görə də Sərkisyan indidən bütün opponentlərini təmizləyir.