Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub Siyasət

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub

Arif Rəhimzadə: "Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb"

Milli Məclisin dünən keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.
Bu haqda ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. Məruzədə qeyd edilib ki, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib. 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə tövsiyyələr verilib. 3 halda kiçik maliyyə pozuntusu aşkarlanıb ki, bu zaman vurulan ziyanın da ödənilməsi təmin edilib. Müraciətlər üzrə 18 fakt üzrə ciddi pozuntu aşkarlanıb və bu barədə materiallara hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, il ərzində istintaq orqanlarına 58 material göndərilib. Ötən il bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsi tədbirlərinin sayı 87 faiz artıb. Bu tədbirlərdə iştirak edən bələdiyyə üzvləri və qulluqçularının sayı isə 71 faizi ötüb. 14 metodiki vəsait hazırlanaraq bələdiyyələrə göndərilib. 3 ayda proqramda 500 mindən çox vergi və ödəniş ödəyiciləri sistemdə qeydiyyatdan keçib. 2015-ci ilin 9 ayında vergi və ödənişlər üzrə gəlirlər 8 milyon 219 min 300 manat idisə, ötən ilin 9 ayında bu göstərici 17,5 faiz çox olub. Lakin bələdiyyələrin yığm səviyyəsində artım olsa da, görüləcək iş hələ çoxdur.

"Bu formal münasibətdir, belə etmək olmaz"


Daha sonra illik məruzə haqqında müzakirə aparılıb.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi illik məruzəyə münasibət bildirib. Deputat illik məruzə ilə bağlı təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu xatırladıb: "Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?".
Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrin inkişafını təmin etmək lazımdır və məhkəmə qərarları icra olunmalıdır. Komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: "Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman".
A.Rəhimzadə subvensiya və dotasiya məsələsinə toxunub. O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmır: "Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?".


"Bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır"


Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı və tərkibi azaldılmalıdır. Deputat deyib ki, kiçik kəndləri bir bələdiyyədə birləşdirmək mümkündür: "Dünya praktikasında da belə təcrübələr var. Qanunla bələdiyyələrə kifayət qədər status verilib. Lakin indi bələdiyyələrin fəaliyyətlərinin istiqamətləndirilməməsi üçün tövsiyələr verilməlidir və bunlar yerinə yetirilməlidir. Bələdiyyələr haqda elə fikir formalaşıb ki, guya bələdiyyələr torpaq alveriylə məşğul olmalıdır. Bir sıra kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunlar bələdiyyələr vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən mənimsənilib. Bu təəssüfləndirici haldır. Qanunvericiliyə uyğun bələdiyyələrin fəaliyyət mexanizmləri qurulmalıdır".
Millət vəkili Q.Paşayeva Milli Məclisdə Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın illik məruzəsi ətrafında keçirilən müzakirələrdə çıxış edərək bələdiyyələrin fəaliyyətindəki problemlərdən danışıb, təkliflərlə çıxış edib: "Görünür ki, bizdə hələ də bələdiyyələrin çoxu bələdiyyə institutunun mahiyyətini bilmir. Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın bizə təqdim etdiyi hesabatda deyilir ki, vətəndaşların müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində birinci yerdə bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarların qəbul edilməsi dayanır. Bu o deməkdir ki, bu sədrlər özlərini idarə müdiri kimi hiss edir və hələ də bələdiyyə institutunun əsl mahiyyətindən xəbərləri yoxdur. Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın hesabatında bələdiyyələrin fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində ikinci yerdə dövlət mülkiyyəti olan torpaqlar üzərində sərəncam verilməsi, üçüncüsü isə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsidir dayanır. Demək ki, hələ bələdiyyələrin bir çoxu mülkiyyətlərində hansı torpaqların olub-olmamasını bilmir. Bu çox mənfi haldı. Yox, əgər bilərəkdən bu addımları atıblarsa, bu daha dəhşətlidir. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır".

"Kənd bələdiyyələrinə vəsait ayrılsın"

O əlavə edib ki, eyni zamanda, belə vəziyyətdə vətəndaşın hüquqlarının müdafiəsinə daha böyük diqqət yetirmək lazımdır: "Vətəndaş pulunu verib torpaq alır, bələdiyyə onlara sənədləri verir o da gedib torpağında ev tikir, sonra bir gün deyirlər ki, bələdiyyə səhv edib, qanunsuzluq edib, o torpağı verə bilməz və həmin bələdiyyə qərarı bir çox hallarda məhkəmə tərəfindən də ləğv edilir. Bəs vətəndaş? O neyləməlidir belə vəziyyətdə? O vətəndaş bələdiyyə dövlət qurumudur və bu prosesi o aparır deyə gedib müraciət edib sənədlərini alıb işini görür və bir gün məlum olur ki, bələdiyyə qanunsuzluq edib, o qərar ləğv edilir. Biz vətəndaşların mənafelərini qorumalıyıq. İnam da azalır bələdiyyəyə belə hallar artınca. Eyni zamanda Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabatında deyilir ki, bələdiyyələrin fəaliyyətindəki pozuntular arasında birinci yerdə torpaq qanunvericiliyinin pozulması və bələdiyyə maliyyə vəsaitinin qanunsuz xərclənməsi dayanır. Məsələn elə təkcə bircə bələdiyyə, sənəddə də qeyd olunan Qobu bələdiyyəsi ilə bağlı qeyd olunur ki, 900 min manata yaxın pul vəsaiti qanunsuz silinib və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 20 Ha torpaq sahəsi satılıb. Sənəddə bu cür mənimsəmələrə yol verən bir xeyli belə bələdiyyənin adı çəkilir. Məsələn elə Qobuda bizim jurnalistlər yaşayır və daim oranın problemləri barədə yazırlar. 900 min manat Qobunun problemlərinin həlli üçün böyük vəsaitdir. Eləcə də digər bölgə və kəndlərin. Bu vəsaitin qanunsuz xərclənməsinə cavabdeh şəxslər işlərindən uzaqlaşdırılır, müəyyən məsuliyyətə cəlb olunur. Bəs vəsait o necə? Məsələn 900 min vəsaitdən nə qədər geri qaytarılıb, bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Çünki o vəsaitlərə bölgələrdə, kəndlərdə böyük ehtiyac var. Və sonda mən də kənd rayonlarından birini təmsil edən millət vəkillərindən biriyəm. Yaxşı işləyən bələdiyyələrlə pis işləyən bələdiyyələri fərqləndirmək, yaxşı işləyən bələdiyyələrə dəstəyin artması lazımdır. Kənd bələdiyyələri tərəfindən 70-dən çox layihə təqdim olunub amma onlarla bağlı heç bir subvensiya verilməyib. Kənd üçün vacib konkret layihələr təqdim edən kənd bələdiyyələrinə vəsaitin ayrılması yaxşı olmazmı? Subvensiyalar məsələsinə yaxın gələcəkdə təkrar baxılacaqmı? Çünki kəndlərdə buna çox böyük ehtiyac var".
Deputat Adil Əliyev isə bildirib ki, Bakının rayonlarında bir çox təşkilatların binaları var və onlarda kommunal xidmətlər yoxdur. Deputat təklif verib ki, həmin problemlərlə bələdiyyələr məşğul olsa yaxşıdır: "İcra hakimiyyətləri deyir ki, bura xüsusi təyinatlı binalardır. Komendantlar isə camaatı soyur, ancaq pul yığırlar. Bu quldurluğa son qoyulmalıdır. Yaxşı olar ki, həmin binaların problemlərini bələdiyyələr həll etsin. Bununla həm də bələdiyyələrin işi olar".
Müzakirələrdən sonra illik məruzə qəbul edilib.

Əli