QMİ-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib Siyasət

QMİ-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq "Xocalı soyqırımı!!! Xocalıya ədalət!" adlı tədbir keçirilib. Tədbirdə QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər dini konfessiya başçıları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin Dini qurumlar və ictimai birliklər Komitəsinin sədri Siyavuş Novruzov, deputatlar, Xocalı sakinlərinin bir qrupu və digər qonaqlar iştirak ediblər.
Tədbir "Qurani Kərim"dən ayələrin oxunması ilə başlanıb. Allahşükür Paşazadə qeyd edib ki, Xocalı soyqırımını əksər ölkələr tanıyır: "Azərbaycanın 20 faiz torpağının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalıda soyqırımı baş verdi, amma bu o demək deyil ki, Azərbaycan xalqı əyilib. Buna misal olaraq, ötən ilin aprelində baş verən döyüşlərini göstərmək olar. Biz işğal altında olan Lələtəpə yüksəkliyini azad etdik. Əminik ki, prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad ediləcək. "Xocalıya ədalət" kampaniyası çərçivəsində mühüm işlər görülüb".
QMİ sədri fevralın 24-dən başlanaraq Xocalı faciəsi ilə bağlı ölkədəki məscidlərdə dualar oxunacağını, ehsan veriləcəyini deyib.
M. Qurbanlı, S. Novruzov, deputatlar Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Aqil Abbas və dini icma rəhbərləri çıxış edərək bildiriblər ki, Xocalıda baş verənlər insanlıq əleyhinə cinayətdir, dünya buna tam olaraq hüquqi qiymət verməlidir.