Ankarada Xocalıyla bağlı tədbir keçirilib Siyasət

Ankarada Xocalıyla bağlı tədbir keçirilib

Elmar Məmmədyarov: "Ermənilərin azərbaycanlılara qarşı cinayətləri beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır"



"Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən "Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb: "Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya,Slaveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi "Xocalıya ədalət!" kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır".
Nazir təəssüflə qeyd edib ki, ermənilər uzun illərdir tarixi saxtalaşdıraraq, uydurma "erməni soyqırımı"nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər: "Bu istiqamətdə erməni diasporunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Uydurma tarixlərinin beynəlxalq təşkilatlarda, müxtəlif konfrans və toplantılarda "erməni soyqırımı" kimi gündəliyə çıxarılmasında, heç bir tarixi faktlara, sənədlərə əsaslanmayan yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında erməni diasporunun məqsədyönlü fəaliyyəti danılmazdır. Türkiyə dövləti dəfələrlə onlara arxivlərin açılmasını, erməni və türk tarixçilərinin birgə araşdırmalar aparılmasına dair təkliflər irəli sürsə də, ermənilər və onların havadarları iç üzlərinin ifşa olunmasından qorxaraq buna razı olmayıblar. Səbəb sadədir. Çünki onlar həqiqətdən qorxurlar.
Fürsətdən istifadə edib, Türk Şurası çərçivəsində fəaliyyət göstərən üzv ölkələrin diaspor təşkilatlarının türk dünyasına qarşı yönəlmiş erməni propaqandasına qarşı birgə fəaliyyət göstərmələrini tövsiyə etmək istərdim".


"Xocalı insanlıq terrorudur, bu, Ermənistanın kimliyini tanıdır"

Tədbirdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib:"Biz Azərbaycanla münasibətimizi qorumağa, bir çox layihələrimizi gerçəkləşdirmək üçün çalışırıq. Tanap, Tap, Bakı Qars Dəmir Yolu layihəsi yaxında gerçəkləşəcək. Layihədə bir az gecikmələr oldu. Ancaq yaxında Dəmir Yolu açılacaq".
M.Çavuşoğlu deyib ki, Qafqaz bölgəsinin sabitliyi üçün ən böyük problem Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalıdır: "Bir çox təşkilatlar bu mövzuda susur. Xocalı insanlıq terrorudur. Bu Ermənistanın kimliyini tanıdır. Biz Xocalını unutmuruq".
Türkiyə XİN rəhbəri əlavə edib ki, biz illərdir Ermənistanın iftiraları ilə üz-üzəyik: "Ermənistana təklif edirik ki, arxivləri açaq. Ancaq bu onların işinə gəlmir deyə istəmirlər. Xocalı gerçəkdir. Belə vəhşiliyi onlar boyunlarına alır. Bu gün Ermənistanı idarə edənlərin insanlıqdan anlayışı budur. Ən son Fransa məhkəməsinin aldığı qərar ermənilərə bir sillədir. Biz gələcəkdə də yorulmadan təbliğatımızı davam etdirəcəyik".


"İnsanlıq Xocalı soyqırımına biganə qala bilməz"



"Son 100 ildə türklərə edilən soyqırımı tək Xocalı deyil, bunu hər kəs bilir. Xocalıda oğlunun başı gözlərinin önündə kəsilən, əsir yolu gözləyən analar üçün dünyaya səslənirəm: Varmısınız Xocalıya ədalət deməyə?" Bu sözləri isə əslən Azərbaycandan olan professor Aygün Attar çıxışı zamanı bəyan edib.
A.Attar bildirib ki, Xocalı ermənilər tərəfindən törədilən ən böyük soyqırımı deyil, həm də ən ağır soyqırımıdır: "Xocalıya ədalət diləyirəm. 1918-ci ilə ermənilərin etdiyi özbaşnalıqlar da hamıya məlumdur. Bu soyqırımına dair bütün sübutlar Azərbaycanın arxivlərində var. 1987-89-cu ildə 230 min Azərbayxan türkü İrıcandan köçürüldü. Təəssüf ki, böyük bir qismi oranı tərk edə bilmədi. Ermənilər tərəfindən vəhşicəsinə öldürüldülər. Mən bir qadın olaraq sual vermək istəyirəm: Aydınların vəzifəsi nədir? Barış üçün çalışmaqmı, yoxsa qan tökməkmi?
Professor vurğulayıb ki, Xocalıda bir soyqırımı hadisəsidir: "Onu edənlər əminəm ki, öz cəzasını alacaqdır. "Xocalı nədir?" – deyə mənə sual versəniz deyərdim ki, ağ qarların üstünə günahsız uşaqların tökülən qanıdır. Məncə insanlıq Xocalı soyqırımına biganə qala bilməz və qalmamalıdır".
Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.