“Ermənistanın təxribat törətməsində məqsədi danışıqlardan yayınmaqdır” Siyasət

“Ermənistanın təxribat törətməsində məqsədi danışıqlardan yayınmaqdır”

Fikrət Sadıqov: "Ermənistan danışıqların nəticəsinin onlar üçün xeyr gətirməyəcəyini çox yaxşı anlayır"

Zaur Məmmədov: "Azərbaycan ordusu İrəvana qədər getməyə qadirdir"

Rasim Musabəyov: "Cəbhədə davam edən gərginliyi aprel döyüşləri ilə eyniləşdirmək olmaz"

Elman Məmmədov: "Gərgin durum hər an şiddətli müharibəyə çevrilə bilər"

"Ermənistanın təxribat törətməsində genişmiqyaslı məqsədi Dağlıq Qarabağ danışıqlarından yayınmaqdır. Ermənistan danışıqların nəticəsinin onlar üçün xeyr gətirməyəcəyini çox yaxşı anlayır". Bunu politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bir tərəfdən Ermənistanın başını sığallasalar da, digər tərəfdən işğal olunmuş torpaqların Azərbaycana məxsus olduğunu da yaxşı bilirlər". Politoloq bildirib ki, Ermənistan Xocalı soyqırımı ərəfəsindən cəbhədə təxribata cəhd etməklə ölkəmizə qarşı məqsədlərini bir daha yada salmaq istədi: "Bununla Ermənistan Xocalı vəhşiliyi kimi faciələri hər zaman törətməyə hazır olduğunu ortaya qoydu. Bundan əlavə, Ermənistan dünyaya bəyan etmək istəyir ki, guya onlar sülh tərəfdarıdırlar. Lakin Azərbaycan sülh siyasətindən uzaqlaşır, müxtəlif ölkələrdən silah alaraq onlara qarşı istifadə edir. Təbii ki, düşmən ölkə bunlarla daxili auditoriyanı sakitləşdirməyə, guya onların maraqlarını müdafiə etdiklərini göstərməyə çalışır".
"Düzdür, ola bilsin bu cür yalanlar Ermənistan vətəndaşlarının az qismində dəyişiklik yarada bilsin. Amma ümumilikdə Ermənistanda vəziyyət tamamilə dəyişib. Artıq Sarkisyan tərəfdarları yeni partiya, siyasi qüvvələr qurur, ona qarşı çıxışlar edirlər. Bu da onların bu siyasətdən doyduqlarını göstərir. Bu baxımdan Ermənistan cəbhə xəttində təxribatlara əl atmaqla daxildəki qarışıqlığın qarşısını almağa çalışır. Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır"- deyə, F. Sadıqov əlavə edib.
Politoloq Zaur Məmmədov deyib ki, artıq bir neçə gündür, ermənilər tərəfindən bütün istiqamətlərdə atəşkəs intensiv şəkildə pozulur: "Tərtərdən tutmuş Tovuza qədər ordumuzun mövqelərinə qarşı atəşkəsi pozublar. Bu saatlarda döyüşlər davam edir". Onun sözlərinə görə, seçkilərdən öncə Sarksyan keçən ilin aprel döyüşlərində itirdiyi strateji ərazilərin əvəzini çıxmaq istəyir: "Bildiyiniz kimi Ermənistanda seçkilərdən əvvəl vəziyyət ölkə başçısı üçün heç də ürəkaçan deyil. Kiçik bir qələbə ilə o xalqın rəğbətini qazanmaq istəyir. Lakin, bu ona müyəssər olmadı. Sarksyan artıq bir neçə aydır ki, bizim səbrimiz ilə oynayır. Açıq – aşkar güzəştə getməyəcəyini bəyan edir. Biz yaxşı başa düşürük ki, yaxın vaxtlardakı seçkilər öncəsi o, başqa ritorika ilə çıxış edə bilməz. Erməni xalqına yalan vədlər verməklə məşğuldur.
Düşmən Xocavənd – Fuzuli istiqamətində ordumuzun mövqelərinə hücum edərək strateji məntəqələri tutmağa cəhd edib. Xoşbəxtlikdən ordumuzun qətiyyəti nəticəsində erməni tərəfi 1 mm tormaq belə zəbt edə bilməyib.
Azərbaycan ordusu İrəvana qədər getməyə qadirdir. Sarksyan kimlərəsə arxalanıb odla oynayır. Həlak olan şəhidlərimizə Allah rəhmət eləsin".
Millət vəkili, politoloq Rasim Musabəyov vurğulayıb ki, Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin pisləşməsinin bir neçə səbəbi var.
Onun sözlərinə görə, birinci səbəb bundan ibarətdir ki, ermənilər təmas xəttini əbədiləşdirmək və oraya beynəlxalq müşahidəçiləri yerləşdirmək, monitorinqlər təşkil etmək istəyirlər: "Bu, onlara imkan verəcək ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər. Yəni təzyiqlərdən özlərini sığortalamaq istəyirlər. Çünki Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Azərbaycan həmin planı rədd edib və əvvəlcə erməni qoşunlarının işğal edilmiş ərazilərimizi tərk etməli olduğunu bildirib. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər, əks halda Azərbaycan ora heç kimi buraxmaq niyyətində deyil".
Politoloq bildirib ki, ikinci səbəb Ermənistanda keçiriləcək seçkidir: "Bu seçkiyə Serj Sarkisyanın komandası məğlub şəkildə qoşulub. Sarkisyan hakimiyyəti xalqa iqtisadi baxımdan hansısa bir müsbət nəticələr təqdim edə bilmir. Nəzərə alınsa ki, aprel döyüşlərindən də ermənilər məğlub çıxıb, ona görə indi çalışırlar ki, hansısa bir üstünlük qazansınlar. İmkan olsa, yenidən itirdikləri mövqeləri qaytarsınlar, Azərbaycana mümkün qədər zərər verməklə öz əhalisinə bir bir az əhval ruhiyyə versin".
R.Musabəyov hesab edir ki, hazırda cəbhədə davam edən gərginliyi aprel döyüşləri ilə eyniləşdirmək olmaz: "Amma toqquşmalar aprel döyüşləri istiqamətində irəliləyə və daha da şiddətlənə bilər".
Politoloq ermənilərin "İskəndər" silahından istifadə edə bilməsinə də toxunub. Onun sözlərinə görə, ermənilər Azərbaycanın hansısa bir obyektini cəbhə xəttindən uzaqlığda vurduğu halda, eyni cavabı alacağını yaxşı anlayır: "Yəni həm Naxçıvandan, həm Qazaxdan ermənilərin istənilən obyekti vurula bilər. Sadəcə olaraq məqsədləri qorxu yaradıb, öz insanlarına bir az ruh verməkdir. "İskəndəri"in istifadəsi real deyil. Onlar bu məsələdə yarım addım atsalar, Azərbaycanın cavab addımlarını çox yaxşı dərk edirlər".
Politoloq Cəbrayıl Fərzəliyev isə "Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur. Aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, düşmən ölkənin bu cür təxribatlara gedəcəyi gözlənilən idi", - deyə vurğulayıb. O, bildirib ki, Azərbaycan Ordusu da qəhrəmancasına onların hücumlarının qarşısını almağa qadir olduğunu göstərir: "Bu məsələ hər hansı halda Ermənistanın xeyrinə deyil. Çünki bütün hallarda bu məsələdə ən çox zərərli çıxan Ermənistan olacaq. Azərbaycan Ordusunun bu məsələdə müəyyən itkiləri də ola bilər, amma vətənin qorunması ümdə vəzifədir. Sona qədər hər bir əsgərimiz mətanətlə döyüşəcək". Politoloq onu da qeyd edib ki,aprel ayında Ermənistanda parlament seçkiləridir və işğalçı ölkənin prezidenti Serj Sərkisyanın mövqeləri getdikcə zəifləyir: "İqtisadi-sosial vəziyyət ağırdır. Tərəfdarlarını belə itirir. Ona görə də diqqəti yayındırmaq üçün bu cür təxribatlara da Ermənistan hakimiyyəti zaman-zaman əl atır. Hesab edirəm ki, düşmən tərəfinin bütün bu təxribatlarına baxmayaraq onlar yenə hər zaman olduğu kimi məğlubiyyətə düçar olacaqlar".
Millət vəkili Elman Məmmədovun sözlərinə görə, cəbhə bölgəsində yaranmış gərgin durum hər an şiddətli müharibəyə çevrilə bilər: "Hazırda iki ordu Azərbaycan torpağında üz-üzə dayanıb: "Azərbaycan ordusu öz torpaqlarını qoruyur və işğalçı erməni ordusundan öz torpaqlarını təmizləmək istəyir. Belə bir vəziyyətdə iki ordu arasında gərginliyin yaranması gözləniləndir və hətta, istənilən anda şiddətli müharibə alovlana bilər. Bu, gözləniləndir". Millət vəkili əlavə edib ki, bu vəziyyət o vaxta qədər davam edəcək ki, torpaqlarımız işğaldan azad olunacaq və düşmən ordusu torpaqlarımızı tərk edəcək: "Ondan sonra sülhdən və yaxud, dayanaqlı sülhdən, atəşkəsdən, etimaddan danışmaq olar. Nə qədər ki, ərazilərimiz işğal altındadır, heç zaman dayanıqlı atəşkəs olmayacaq. Ermənistan hakimiyyəti öz siyasi, hərbi və digər sahələrdəki uğursuzluğunu, eyni zamanda, Azərbaycanın üstünlüyünü ört-basdır edib, özlərinin ciayətkar hakimiyyətlərinin ömrünü uzatmaq, status-kvonu saxlamaq üçün vaxtaşırı belə təxribatlara əl atır. Onlar da cavablarını yüksək səviyyədə alırlar. Dünən Xankəndindən olan bir erməni qadın sosial şəbəkədə cəbhə bölgəsində yaranmış vəziyyəti bölüşüb və erməni mediası da onun açıqlamasını yayıb. Xankəndindən olan qadın sosial şəbəkədə ermənilərin 70-dən artıq itki və onlarla yaralı verdiyini yazıb. İşğal davam etdikcə erməni ailələri hər gün belə meyit və yaralı alacaq. Təbii ki, biz tərəfdən də itkilər olacaq və bu, qaçılmazdır. Çünki müharibədir və ordu üz- üzə dayanıb. Ancaq ermənilərin itkiləri bizim itkilərdən qat-qat artıqdır"- deyə, millət vəkili vurğulayıb.Yaranmış gərgin vəziyyətdə beynəlxalq aləmi və ATƏT MQ-nin biganəliyinə, susqunluğuna görə, ittiham edən millət vəkili bildirib ki, susqunluq onların onların köhnə şakəridir: "Əslində beynəlxalq təşkilatlar, BMT və ATƏT və sairə, bunlar əksinə, bu işğala fitva verən və ermənilərin ilhamverciləridir. Onlar nə etdiklərini bilirlər". Millət vəkili sonda bildirib ki, ancaq onlar bir zaman çox peşiman olacaqlar: "Onların bu hərəkətləri sonda Ermənistana baha başa gələcək. Beynəlxalq təşkilatların, xüsusən də, ATƏT-in Minsk qrupunun bu hərəkəti sonda Ermənistanı bir dövlət olaraq məhvə gətirib çıxaracaq".

Əli