Milli Məclisdə ombudsmanın illik məruzəsi dinlənilib Siyasət

Milli Məclisdə ombudsmanın illik məruzəsi dinlənilib

Zahid Oruc: "Ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır"

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib. Məruzə parlamentin bu gün keçirilən plenar iclasında təqdim edilib.
Hesabatda bildirilib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub. Məruzədə qeyd edilib ki, ötən ildə Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.
Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib.
Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.
Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra hesabat ətrafında müzakirələr aparılıb.
Deputat Zahid Oruc "bir qədər tənqidi fikirlərim var",- deyə bildirib: "İnsan haqları üzrə müvəkkilin hansı həddə qədər olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır".
O bildirib ki, icra başçılarından gələn şikayətləri araşdırmaq lazımdı: "Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Komitəsinin rəisi Mədət Quliyev dedi ki, 900-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır?".
Zahid Oruc qeyd edib ki, hesabatda kredit borcları üzərində məhkəmə çəkişmələri haqqında məsələlərin olmaması xoş deyil.
"Nəyə görə axı bunlar qeyd olunmur? Bununla yanaşı, Azərbaycanın Baş Prokurorluğunda "MTN işi" ilə bağlı istintaq tədbirləri görülür. Amma bunlar hesabatda qeyd olunmayıb. Niyə bunları deməli deyilik?! Narkotik vasitələrin hansı mənbələrdən gəldiyi bəllidir".
Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun polislərin plan doldurması ilə bağlı dediklərinə də toxunub: "Bu çox əsassız və yersiz mövqedir. Bu mövqenin real əsasları yoxdur. Ona görə ki, Azərbaycanın daxili işlər orqanları olmasaydı, bu ölkənin xaricindən Azərbaycana yönələn və bizi tranzit məkan kimi görmək istəyən hansı ki tonlarla səviyyədə olan narkotik daşımaçılığı Azərbaycan insanını udar. Bildiyimiz kimi narkotika ağ ölüm adlanır. Onun təhlükəsi ermənilərin Azərbaycan əleyhinə apardıqları müharibədən heç də az deyil. Bu, həm də prokurorluq orqanlarına ittihamdır. Bundan başqa, məhkəmələr özü də müstəqil olmalıdır axı. Çünki hər hansı bir iş onun üzərinə gəlibsə, hakimlərin müstəqil hüquqları var ki, onu ləğv etsinlər və geri qaytarınlar. Kimlərəsə qondarma ittihamlar irəli sürülübsə, məhkəmə qərar verib onları azadlığa buraxmalıdır".
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, iclasın ikinci hissəsədə davam etdirilməsi nəzərdə tutulsa da təxirə salınıb. İclasın davamı martın 10-da keçiriləcək.
Qeyd edək ki, dünənki iclasın gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i qəbul edilib.