“Mənəvi dəyərləri üstün tutacağam” Siyasət

“Mənəvi dəyərləri üstün tutacağam”

Mehriban Əliyeva: "Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam"

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası parlament sədri Oqtay Əsədov açıb.
Qeyd edək ki, iclasda Azərbaycanın birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Oqtay Əsədov deputatların adından Mehriban Əliyevanı yüksək vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib.
Spiker deyib ki, birinci xanım parlament fəaliyyətində aktiv iştirak edib. O xatırladıb ki, Mehriban Əliyeva bir sıra qanunverici təşəbbüslə çıxış edib, o cümlədən onun amnistiya verilməsi ilə bağlı təşəbbüsü xüsusilə fərqlənir. Milli Məclis sədri deyib ki, Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Onun sözlərinə görə, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında böyük işlər görüb.
Daha sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisdə çıxış edib. "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Milli Məclisdə fəaliyyətimi dayandırmalı oluram", - deyən Mehriban Əliyeva "mən 10 ildən artıqdır ki, parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi", - deyə vurğulayıb.
O bildirib ki, müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub: "Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsi millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb. Bunu müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var. O, 10 ildən artıq ki Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay, müəllim sizə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".
Deputatı olduğu Xəzər rayonu ərazisində 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında məlumat verən birinci vitse-prezident deyib: "Bu müddət ərzində Xəzər rayonunda 42 məktəb,44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib. Və əsaslı təmir edilib. 17 sənaye müəssisəsi, 10 idman obyekti o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 190 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzun müddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşadırılmasına daim ön plana çatdırmışam.
Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal deyil, hər zaman səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə olunan bütün nailiyyətlər birgə fəaliyyət nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Gələcək də də Xəzər rayonun inkişafı üçün çalışacağam.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsüm həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarı ilə bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən 10 minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək".
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva digər təşəbbüslərindən də danışıb: "Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib".
O, bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb: "Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam".
Mehriban Əliyeva bildirib ki, vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir: "Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam.
Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Və ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!".
Daha sonra isə deputatlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasına münasibət bildiriblər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir: "Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq". Z.Əsgərov tam əminliklə bildirib ki, birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir adamdır: "Bu sahədə özünün dediyi kimi möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsini cəmiyyətin sosial sifarişidir. O qeyd edib ki, bu təyinat eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının təcəssümüdür. S. Novruzov onu da bildirib ki, bu təyinat YAP üçün ikiqat sevinclidir: "Çünki 2013-cü ildə Mehriban Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi YAP-ın fəaliyyətinə yeni impuls verib".
Vitse-spiker Bahar Muradova isə deyib ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan xalqının rifahına xidmət edir: "Biz da daim onun yanındayıq".
Deputatlar Fəzail İbrahimli, Azay Quliyev, Rauf Əliyev, Sahibə Qafarova və digərləri Mehriban Əliyevanı təbrik edərək, təyinatı təqdir ediblər.
Yenidən söz alan M.Əliyeva təbriklərə və xoş sözlərə görə, millət vəkillərinə təşəkkür edib.
Xatırladaq ki, Mehriban Əliyevanın parlamentə budəfəki gəlişi Milli Məclislə vida xarakterli olub.
Mehriban xanımın deputat səlahiyyətləri Mərkəzi Seçki Komissiyasının 6 mart 2017-ci il tarixli qərarı ilə geri alınıb. Bu qərar onun Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə bağlıdır.
Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilmişdi.
Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Əli