“Hoqlandın açıqlamasında yeni bir şey yoxdur” Siyasət

“Hoqlandın açıqlamasında yeni bir şey yoxdur”

Minsk qrupuna həmsədrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, amma əslində, burada yeni bir şey yoxdur. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, hələ ötən il, Kerrinin Dövlət Departamentinə rəhbərliyi dönəmində Birləşmiş Ştatların yeni həll planı hazırladığı, orada əvvəllər irəli sürülən təkliflərin "konkretləşdirildiyi" və "təmizləndiyi" açıqlanmışdı. Hoqlandın açıqlamasında yeni sayıla biləcək həmin planın 3 hissədən ibarət olduğunun vurğulanmasıdır və bu 3 hissədə böyük ehtimalla təmas xəttində nəzarət mexanizminin yaradılması, işğalçının Dağlıq Qarabağ ətrafındakı bir neçə rayondan çəkilməsi, müəyyən bir müddətdən sonra isə status məsələsinin həlli təklifləri yer alıb.
Bu da bir növ mərhələli həll planıdır ki, Azərbaycan prinsipcə, ona qarşı deyil. Sadəcə, bu həll planında birinci sırada işğalçının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilməsi tələbi qoyulmalıdır. Nəzarət mexanizmi isə məhz bundan sonra yaradılmalıdır. Əks təqdirdə danışıqlarda heç bir irəliləyiş mümkün deyil. Ermənistan rəhbərliyi nəzarət mexanizmi yaradıldıqdan sonra təmas xəttinin de- fakto sərhəddə çevirldiyini görüb, status-kvonun indən sonra da qorunub saxlanması üçün hər cür məkrə əl atacaq. 25 illik təcrübə göstərir ki, həmsədr dövlətlər isə yenə də "tərəflər öz aralarında razılığa gəlməlidilər" kimi köhnə bayatılarından o yana getməyəcəklər.