“AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsiz və qərəzlidir“ Siyasət

“AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsiz və qərəzlidir“

"Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına alınması haqda qərarında obyektiv gerçəklik nəzərə almayıb. Qərar qərəzlidir və Avropa Şurasının qəbul etdiyi normaların özünə ziddir".
Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, insan hüquq və azadlıqları o zaman dəyərli olur ki, ona yanaşma və qiymətləndirmədə obyektiv kriteriyalar tətbiq edilir: "Əgər insan hüquq və azadlıqlarına siyasi gözlə baxırsınızsa, insan hüquq və azadlıqları kimi qlobal dəyərləri Qərb imperializminin milli dövlətlərə təzyiq mexanizmi kimi görürsünüzsə, mahiyyət dəyişir. Düşünürəm ki, AŞPA-nın qəbul etdiyi bu qərar da məhz qərblilərin özlərindən kənarda olan coğrafiyaya imperialist baxışının nəticəsidir. Uzun illərdir ki, Avropada islamofob düşüncə bir ənənə halını alıb. Eyni zamanda, Avropada özündən olmayanları rədd etmə fəlsəfəsi hakimdir. Avropa imperializminin maraqlarına cavab verməyən, onun diktəsi ilə oturub-durmayan dövlətləri cəzalandırmaq məqsədilə bu cür təşkilatlardan istifadə edilir. Belə təşkilatlar imperializmin bir alətinə çevrilir. AŞPA-nın Türkiyəyə münasibətdə qəbul etdiyi qərar da dediyimiz əsaslara söykənir".
Hikmət Babaoğlu qeyd edib ki, Avropa Şurası xüsusilə müsəlman dövlətlərinə qarşı həmişə insan hüquq və azadlıqları kimi dəyərlərdən bir silah kimi istifadə edib: "O cümlədən, Azərbaycana münasibətdə AŞPA zaman-zaman qərəzli mövqe tutub. Bizim heç birimizin yaddaşından çıxmayıb ki, AŞPA-da Kristofer Ştrasserin Azərbaycanda qondarma "siyasi məhbus" məsələsi müzakirə olunub. Onlar tam bir siyasi şou düzəldərək Azərbaycana təzyiq mexanizmi düzəltməyə çalışıblar. Bu, artıq AŞPA-nın ənənəsidir. Ona görə də, mən düşünürəm ki, bu məsələlərlə AŞPA-nın qarşısına qoyduğu məqsədə nail olmaq çətindir. Çünki get-gedə bu cür qərarlarla AŞPA daha çox özünü ifşa edir. Onların qlobal dəyərlərlə nə qədər asan manipulyasiya etdiyi hər kəs tərəfindən dərk olunur. Hesab edirəm ki, belə bir ciddi təşkilat öz nüfuzunu qorumaq istəyirsə, bu cür populist, siyasi məqsədlərə xidmət edən qərarlardan imtina etməyi bacarmalıdır. Təzyiqə məruz qalan Avropa Şurasına üzv ölkələr də buna etiraz əlaməti olaraq birgə sinxron addımlar müəyyənləşdirməli və öz maraqlarını müdafiə edən qərarlar qəbul etməyi bacarmalıdırlar".
Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov APA-ya deyib ki, AŞPA-nın aprelin 25-də keçirilmiş sessiyasında Türkiyə ilə bağlı qəbul edilən qərar ədalətsizdir və qərəzlidir: "Bu qərar haqlı olaraq Türkiyə və Azərbaycan ictimaiyyətlərində etiraza səbəb olub. Məlum qərar haqsız və ədalətsizdir. Türkiyə artıq bir dəfə, 1996-2004-cü illərdə monitorinq altına alınıb. Səkkiz il bu proses gedib. 2004-cü ildən başlayaraq Türkiyə post-monitorinq mərhələsinə daxil olub. Türkiyənin apardığı islahatlar, atdığı addımlar müsbət dəyərləndirilib və bu mərhələyə layiq görülüb. Lakin yenidən Türkiyəni 13 il əvvəlki mövqeyinə qaytarmaq, Türkiyəni guya insan hüquqlarının pozulmasında, vətəndaşlarının hüquqlarının tapdanmasında ittiham etmək olduqca qərəzli yanaşmadır və bu, bir daha onu göstərir ki, bu gün Avropada islamofob, ksenofob qüvvələr kifayət qədər güclənib. Onlar Türkiyəyə qarşı öz iradələrini yeritmək istəyirlər və çalışırlar ki, Türkiyəni təzyiq altında saxlasınlar. Məqsəd də birdir. Məqsəd odur ki, Türkiyənin inkişafının qarşısını alsınlar. Heç bir vəchlə onlar həzm edə bilmirlər ki, müsəlman Türkiyə bu cür müstəqil siyasət həyata keçirir. Heç bir halda həzm edə bilmirlər ki, Türkiyədə hakimiyyət güclüdür və xalqın hakimiyyətə dəstəyi var. Bütün bunları həzm edə bilmirlər. Amma reallıqda isə onlar məsələyə obyektiv yanaşsaydılar, Türkiyəyə bəlkə min dəfə təşəkkür etməli idilər. O səbəbdən ki, Türkiyə bu gün Avropa Şurasının üzvü olaraq həm İŞİD-ə, həm PKK-ya qarşı mübarizə aparır. Eyni zamanda, Türkiyə bu gün 3 milyon 200 mindən artıq qaçqına, miqranta qucaq açıb, onların problemlərini həll edir. Bunun əvəzində Türkiyəyə 3 milyard avro vəsait verəcəkdilər. Onun da cəmisi 750 milyon avrosunu ödəyiblər. Budur reallıq. Bütün bunlar bir daha göstərir ki, həqiqətən bu qurumda çox ciddi siyasi islahatlara ehtiyac var. Bu gün Avropa Şurası çox ciddi böhran yaşamaqdadır. Bu qurumda islamofob qüvvələrin sayı həddən artıq artmağa başlayıb. Bundan başqa, qərar qəbul edilərkən çox ciddi qanun, prosedur pozuntusu baş verib. Çünki bu qurumda 324 parlamentar var, amma cəmi 170-i toplanıb, onlardan da 113-ü Türkiyə əleyhinə səs verib. Digərləri bu prosesdə iştirak etməyib. Burada AŞPA-nın siyasi iradəsi ortaya qoyulmayıb. Bir qrup islamofob, kimlərinsə əlində alət olan qüvvələr Türkiyəni hədəf seçib və beləcə bir sənəd qəbul ediblər".
Elman Nəsirov qeyd edib ki, Azərbaycan dövləti də dəfələrlə belə qüvvələrin hədəfində olub: "Bir neçə il əvvəl AŞPA Azərbaycanla bağlı Kristofer Ştrasser adlı bir məruzəçi təyin etmişdi. O da anti-Azərbaycan, qərəzli, ikili standartlardan yoğurulmuş bir hesabatı hazırlamışdı. Bütün bunlar onu göstərir ki, Avropa Şurasında da, Avropa İttifaqında da bu gün təhlükəli proseslər baş verməkdədir. İndiki halda hər iki təşkilatda sivil qüvvələr birləşməli və öz müttəfiqlərini itirməməlidirlər. Türkiyə Qərb dünyasının müttəfiqidir. Öz müttəfiqinə qarşı belə bir davranış heç bir təşkilata başucalığı gətirməz".