“Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi tam bizim mövqeyimizə oxşayır” Siyasət

“Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi tam bizim mövqeyimizə oxşayır”

Mübariz Əhmədoğlu: "Bir neçə dövlətin Ermənistanla diplomatik münasibətləri yoxdur"

"Elə proseslər var ki, biz onlardan kənarda qala bilmərik. Belə proseslərdən biri Rusiya və Türkiyə prezidentlərinin Soçidə baş tutan görüşü idi". Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iki dövlətin münasibətlərinin düzəlməsi üçün çox iş görmək lazımdır: "Rusları türklərdən çox biz tanıyırıq. Türkiyə Rusiya münasibətlərinin çox yaxşı olduğunu deməklə biz Türkiyəyə ziyan vururuq". Politoloq deyib ki, Türkiyə hakimiyyətinə tənqidi yanaşmır, Türkiyə daxilində hakimiyyəti tənqid edən kifayət qədər insanlar var. O bildirib ki, Rusiya cəmiyyətinə yaxşı bələd olduğumuz üçün Türkiyəyə təhlillər təqdim edə bilərik və bu yolla Türkiyəyə kömək etmiş olarıq: "Türkiyədə proseslərin normal getməsi üçün biz və qazaxlar işləməliyik. Türkiyə əgər mənə inanmırsa, qazaxlara inansın".
Politoloq digər proseslərdən də danışıb. O, bildiirb ki, İran XİN-in sözçüsü Bəhram Qasiminin "Dağlıq Qarabağ məsələsini tək dövlət həll edə bilməz" bəyanatı Ermənistana referans verir. Mübariz Əhmədoğlu qeyd edib ki, bu ideyanı başa düşmək Qasiminin beyninin gücü deyil: "Qasiminin intellektual səviyyəsi çatmır, mövzunu bilmir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir. O da istəyir ki, Azərbaycanı sancsın". Politoloq əlavə edib ki, İran mövqeyini və siyasətini dəyişməlidir.
"Koreya problemi çox böyük problemdir və ABŞ-ın nəfəsini kəsir. Şimali Koreyanın son sınaqdan keçirdiyi raket ABŞ-ın Florida ştatını vurmaq gücündədir", - deyən ekspert vurğulayıb ki, Rusiya Koreyaya dəstək vermir, çəkinir, Çin isə dəstək verir: "ABŞ prezidenti Donald Tramp bu məsələdə Çinə arxalanırdı, Çin isə imtina etdi. Çin bildirdi ki, bu məsələ dinc şəkildə həll edilməlidir". O qeyd edib ki, Koreya prezidenti Kim Çin İn dil bilmir, söhbət dil bilmək səviyyəsindən gedir. O ətrafındakı 4-5 adamdan başqa heç kimlə danışmır. Tramp isə bunu başa düşməyib Kim Çen İni görüşə dəvət etmişdi. Politoloq vurğulayıb ki, ona görə də Tramp Rusiyanı Şimali Koreya məsələsinə cəlb etmək istəyir.
Onun fikrincə, Mərkəzi Asiyanın bir çox dövlətləri dini ekstremizmə qarşı mübarizəni Azərbaycandan öyrənib, o cümlədən Qazaxıstan da. O qeyd edib ki, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi tam bizim mövqeyimizə oxşayır. Politoloq bildirib ki, bir neçə dövlətin Ermənistanla diplomatik münasibətləri yoxdur: "Türkiyə, Cibuti və Pakistan. Lakin bunlarla müqayisədə Qazaxıstanın Ermənistanla diplomatik münasibəti olsa da, Qarabağa münaqişəsində onun mövqeyi bizim mövqeyə çox yaxındır".