“Ermənistan-Rusiya birgə qoşun qruplaşması gəlib Qarabağdakı döyüşlərdə iştirak edə bilməz” Siyasət

“Ermənistan-Rusiya birgə qoşun qruplaşması gəlib Qarabağdakı döyüşlərdə iştirak edə bilməz”

Üzeyir Cəfərov: "Bu baş versə, çətin vəziyyətdə olan Rusiyanın vəziyyətini bir qədər də çətinləşdirəcək"

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər və hətta bunu Putinin göstərişi olmadan belə, həyata keçirmək iqtidarındadır. Ekspertlər Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan açıqlamasını cəfəng adlandırıblar.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Andranik Makaryan açıqlamanı məqsədyönümlü şəkildə vermişdi. Onun fikrincə, bu açıqlamadan sonra Azərbaycan tərəfinin susması 102 baza rəhbərliyinin özbaşına, qudurğan çıxış etməsinə gətirib çıxarır: "Prinsip etibarı ilə nə 102-ci baza, nə də Ermənistan-Rusiya birgə qoşun qruplaşması gəlib Qarabağdakı döyüşlərdə iştirak edə bilməz. Bu baş versə böyük qalmaqala səbəb ola bilər. Bu baş versə, çətin vəziyyətdə olan Rusiyanın vəziyyətini bir qədər də çətinləşdirəcək. Rusiya son zamanlar bir qədər fəallıq göstərmək istəyir. 102-ci baza heç bir halda Qarabağa gələ bilməz. Artıq 90-cı illər deyil. Türkiyədən bu məsələdə heç bir reaksiya gözləmirik. Putinlə Ərdoğanın görüşündə Dağlıq Qarabağ problemindən bəhs edilmədi. Proseslər Azərbaycanın ürəyi istədiyi şəkildə davam etmir".
Türkiyənin Naxçıvanda hərbi bazı yarada biləcəyi ilə bağlı məsələyə gəldikdə isə hərbi ekspert bildidi ki, Türkiyə Naxçıvana görə məsuliyyət daşıyır: "Türkiyənin Naxçıvana görə məsuliyyəti Qars müqaviləsində göstərilib. Eyni zamanda Türkiyənin özündən də bir hərəkət olmalıdır. Azərbaycan cəmiyyəti olaraq biz istəyirik ki, Türkiyənin hərbçiləri daimi əsaslarla Naxçıvanda olsun. Ancaq çox təəssüflər olsun ki, Türkiyədən hansısa bir mesajları, istəyi görmürük. Bunun özü bizi istəməyən qüvvələrə imkan yaradır ki, Azərbaycana qarşı hansısa bəyanatlar səsləndirsinlər".