“Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ədalətsiz yanaşmadır” Siyasət

“Ümumrusiya Azərbaycanlıları Konqresinin  qeydiyyatının ləğvi ədalətsiz yanaşmadır”

Qənirə Paşayeva: "Bu qərar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək"

Sahib Alıyev: "Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına vurulan zərbədir"

Tahir Mirkişili: "Qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz"

"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ədalətsiz bir yanaşmadır və kəskin qınanılmalıdır. Bu qərar eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək bir hadisədir". Bunu millət vəkili Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, Rusiya Ədliyyə Nazirliyinin məsələyə yanaşması onu gösətrir ki, bu qurum vəziyyətin yaxşılaşması üçün deyil konkret təşkilatın bağlanılması üçün çalışıb: "Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük tədbir keçirən Moskva bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana gəlincə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyadan bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi heç bir zaman ədalətli mövqe gözləməyin mümkünsüz olduğunu bir daha ortaya qoydu". Millət vəkili bildirib ki, Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır və orada yaşayan azərbaycanlıları da ciddi şəkildə narahat edən bir hadisədir: "Bu addımı atanlar Azərbaycana və ya azərbaycanlılara hansısa maraqlar üçün təzyiq etdiyini düşünə bilər, amma bəlkə də Azərbaycan və azərbaycanlılar da bu qərarın nə qədər hiddət doğurduğunun fərqində belə deyililər. Çünki bütün azərbaycanlılar bu qərarın siyasi bir addım olduğunu anlayır və əgər belə deyilsə Moskva bu qərardan vaz keçməlidir. Ümid edirəm ki, Rusiya tərəfi bu məsələləri ətraflı araşdıracaq və ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək". Bu məsələdə erməni faktorunun təsirinə gəlincə, millət vəkili bildirib ki, təbii ki, belə bir təsir var. Çünki onlar hər zaman Azərbaycan və azərbaycanlılar əlehinə aktiv fəaliyyət göstərir və Moskvanın rəsmi dairələrində olan antiazərbaycan qüvvələri ilə ciddi işbirliyi qurublar. Amma burada söhbət daha da ciddi bir məsələdn gedir. Onun sözlərinə görə, Rusiyanın ÜAK-ı ləğv etməsi ciddi narahatçılıq, hiddət və təssüf doğurur və Azərbaycan-Rusiya münasibətlərinə sadəcə mənfi təsir edəcək: "Ümid edirik ki, Rusiyada bunu anlayacaq sağlam qüvvələr fəallaşacaqlar və bu qərarın ləğvi üçün addımlar atılacaq. Əks halda bu qərar daha ciddi mətləblərdən xəbər verəcək. Azərbaycan xalqı isə hər şeyin fərqindədir və bu yolla heç bir təzyiqi qəbul etməyəcək". Q.Paşayeva əlavə edib ki, Rusiya tərəfindən belə bir addımın atılması gözlənilən idi: "Şəxsən mən hər zaman onlardan bu cür addımların atılmasını gözləyirəm. Çünki Rusiya əksər hallarda bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana münasibətdə ədalətli mövqe sərgiləmir. Ümid edirəm ki, bu ölkədə yaşayan azərbaycanlılar Ali Məhkəmənin bu qərarının ədalətsiz olması ilə bağlı daha yuxarı məhkəmə instansiyalarına və Rusiya rəsmilərinə müraciətlərini davam etdirəcək və bu qərarın ləğvi üçün müraciət edəcəklər. Daha doğrusu bu ölkədə yaşayan tanınmış azərbaycanlılar fəallıqlarını daha da artıracaqlar".
Deputat Sahib Alıyev bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər. Ancaq məqsədin nədən asılı olmasına baxmayaraq, bu ilk növbədə Rusiya hakimiyyətinə, prezident Vladimir Putinə qarşı edilən "ayı" xidmətidir: "Təbii ki, bu, iki ölkə arasındakı əlaqələrə təsirsiz ötüşə bilməz və ötüşməyib də. Bu, Azərbaycan-Rusiya əlaqələrinin elə bir mərhələsində olub ki, Azərbaycan-Rusiya əlaqələri bizim ölkəmiz müstəqillik əldə edəndən heç belə hamar müstəvidə olmayıb. Keşməkeşli yollar keçmişik, bu bölgədə zamanında qatı antirusiya əhval-ruhiyyəsi olub və bu isə əsassız deyildi. Amma Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra ulu öndər Heydər Əliyevin təklif etdiyi əməkdaşlıq - mehriban qonşuluq modeli dəstəkləndikdən sonra bu əlaqələr normallaşmağa başladı və strateji tərəfdaşlığa qədər gəlib çatdı. Artıq Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru irəliləyən bir əlaqə idi. Dövlət başçıları da öz görüşlərində dəfələrlə vurğulayıblar ki, Azərbaycan-Rusiya əlaqələri digər dövlətlər üçün, o cümlədən MDB dövlətləri arasında örnək sayıla biləcək səviyyədədir. Belə reallıqda bu cür addımın atılması təkcə Azərbaycanın maraqlarına, Rusiyadakı soydaşlarımızın maraqlarına vurulan zərbə deyil. Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına da vurulan zərbədir".
Millət vəkili Tahir Mirkişili deyib ki, Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi narahatlıq doğurur. O qeyd edib ki, bu qərar Rusiya ilə Azərbaycan münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir: "Bu qurumun məqsədi Rusiya ilə Azərbaycan əlaqələrinin yaxşılaşmasına dəstək verməkdən ibarət olub. Bu qurum təkcə Rusiyada yaşayan azərbaycanlıların birliyi deyil. Konqres həm Rusiya, həm də Azərbaycan ziyalılarını birləşdirən bir platformadır. Düzdür, bu qərar Rusiyanın daxili işidir. Amma qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz. Rusiya qanunlarına görə, ölkə ərazisində fəaliyyət göstərən hər hansısa bir qurumun sənədlərindəki çatışmazlıqlar Rusiyanın maraqlarına ziddirsə, bu halda həmin qurumun fəaliyyəti dayandırıla bilər. Əgər ölkə maraqlarına zidd deyilsə, təşkilatın sənədləri qanuna uyğun şəklə salınmalıdır. ÜAK-ın fəaliyyət göstərməsi üçün çatışmayan sənədlər də Rusiyanın maraqlarına heç bir xələl gətirmir". T.Mirkişili hesab edir ki, Rusiyada yaşayan azərbaycanpərəst qüvvələr və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edən şəxslər iki ölkənin çoxtərəfli əlaqələrini rəhbər tutaraq bəlli olmayan səbəbdən bu qurumun ləğv edilməsinin qarşısını alacaq.