QDİƏT-də sədrlik Türkiyədən Ukraynaya keçib Siyasət

QDİƏT-də sədrlik Türkiyədən Ukraynaya keçib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı diplomatik missiyaları idarəçilərinin İstanbulda başa çatan toplantısından sonra mətbuat konfransı keçirilib. Türkiyə xarici işlər nazirinin müavini Ahmet Yıldız, Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko və təşkilatın baş katibi Mixail Xristidis jurnalistlərin suallarını cavablandırıblar.
APA-nın Türkiyə müxbiri mətbuat konfransını keçirənlərə iki sual ünvanlayıb:
- Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasındakı ticarət dövriyyəsi nə qədərdir və bu rəqəm ölkələrin təşkilatdakı ticarət dövriyyəsinin neçə faizini təşkil edir? Məsələn, AB ölkələri arasındakı ticarət dövriyyəsi təxminən 70%-dir;
- Türkiyə prezidenti mərhum Turqut Özalın təşəbbüsüylə 25 iyun 1992-ci ildə yaradılan bu təşkilatın əsas məqsədi bölgə ölkələri arasında ticarət əlaqələrini gücləndirərək münaqişələrinin qabağını almaq idi. Ancaq üzərindən 25 il keçdikdən sonra ortaya çıxmış mənzərə təşkilatın məqsədinə çatmadığını göstərir. Ticari-iqtisadi münasibətlər müharibələrin və münaqişələrin qarşısını niyə almadı?
Türkiyə xarici işlər nazirinin müavini Ahmet Yıldız bildirib ki, dünyada uğurlu təşkilatlar, uğurlu inteqrasiyalar da var, uğursuzlar da: "Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı uğurlu təşkilatlardandır. Uğur qazanan birliklərdən biri AB-dir. Bu gün AB-nin hörmətli təmsilçisi də müşahidəçi kimi bizim iclasımızda iştirak edirdi. Üzv ölkələrin nümayəndələri də AB ilə daha yaxın dialoqa ehtiyac olduğunu bildirdilər. Biz də ona çalışırıq. Sizin soruşduğunuz rəqəmi mən dəqiq bilmirəm. Çünki son dövrdə ticarət rəqəmləri çox dəyişdi. Hörmətli baş katibdən xahiş edəcəyəm ki, açıqlasın. Çünki neftin və qazın qiymətindəki dəyişikliklər üzv ölkələr arasındakı ticarət dövriyyələrini də dəyişdirdi. Üzv ölkələrin öz aralarındakı ticarət dövriyyəsi AB ölkələriylə müqayisədə çox azdır. Buraya enerji sahəsindəki ticarət dövriyyəsini əlavə etsəniz fərqli rəqəm, onu əlavə etməsəniz, fərqli rəqəmlər çıxır. Ona görə, dəqiq rəqəmi bilmirəm.
QDİƏT baş katibi Mixail Xristidis deyib ki, bu sual 1-2 əvvəl verilsəydi, fərqli rəqəmlər olardı: "Mənzərə çox sürətlə dəyişir. Təəssüf ki,, QİƏT ölkələri arasındakı ticarət dövriyyəsi azdır. Məncə, üzv ölkələr arasındakı ticarət onların ümumi ticarət dövriyyəsinin 16%-ni təşkil edir. Biz ticarət dövriyyəmizi artırmağa çalışmalıyıq. Təşkilatımızın əsas hədəflərindən biri üzv ölkələr arasındakı ticarət əlaqələrini daha çox şaxələndirməkdir. Çünki ölkələr arasındakı iqtisadi əlaqələrin daha çox şaxələndirilməsi o ölkələrin iqtisadiyyatlarının güclənməsinə səbəb olacaq. Biz fərqli tarixi və iqtisadi infrastrukturu olan ölkələrin üzv olduğu təşkilatıq. Eyni zamanda, AB ilə müxtəlif səviyyələrdə əlaqələri olan ölkələr təşkilatımızın üzvləridir. Ümumi mənzərə barədə mən sizə dəqiq məlumat verərəm. Ancaq indiki halda bunu deyə bilərəm ki, əlaqələrimizin güclənməsi iqtsadi-ticari dövriyyəmizi də artırır. Bu sahədə Qara dəniz İqtisadi İnkişaf Bankının önəmli rolu vardır. Nazir müavininin də dediyi kimi, təhlükəsizliyin 3 əsas şərti var ki, bunlardan biri iqtisadi şərtdir. Ona görə də, əgər biz iqtisadi əlaqələrimizin gücləndirilməsinə daha çox diqqət yetirsək, bölgədə sülhün və sabitliyin təmin olunmasına dəstək verəcəyik.

Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko qeyd edib ki, keçən il Türkiyə və Ukrayna öz aralarındakı ticarət dövriyyəsini 30%-ə qədər artırıb: "Ticarəti nə qədər çox inkişaf etdirə bilsək, aramızdakı konfliktləri də o qədər çox aradan qaldırmağa müvəffəq olacağıq. Bununla təşkilatımızın çəkisi artacağı kimi, bizim buradakı üzvlüyümüzün dəyəri də artacaq. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xəritəsinə baxanda ən mərkəzi nöqtədə Krımı görəcəksiniz. Ora işğal edilib. Sizin sualınıza qayıtsaq, təəssüf ki, ticari əlaqələr silahlı münaqişələrin qarşısının alınmasında önəmli faktor rolunu oynaya bilməyib. Ona görə də biz bu təşkilat daxilində təkcə iqtisadiyyata yox, məsələlərə kompleks şəkildə yanaşaraq əlaqələrimizi hərtərəfli şəkildə inkişaf etdirməliyik. Bu məsələ hamımız üçün çox əhəmiyyətlidir. Bu çərçivədə biz təşkilatın üzvü olan ölkələrlə, hər şeydən əvvəl, turizm sahəsində əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. Biz buraya gəlirik və eyni zamanda, biz sizə "xoş gəldiniz" deməyə hazırıq. Bu yanaşmanı bütün üzv ölkələrdən görmək istəyirik".
Qeyd edək ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında 6 aylıq dönəm sədrliyi Türkiyədən Ukraynaya keçib.