“Ermənistanın əhalisinin sayı kəskin şəkildə azalır” Siyasət

“Ermənistanın əhalisinin sayı kəskin şəkildə azalır”

Piter Teys: "Ermənistan iqtisadiyyatının Rusiya iqtisadi yardımından asılı olduğu faktdır"

"Ötən il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Moskvanın rolunun ATƏT-in Minsk qrupu, Vaşinqton, Brüssel və Parisin rolundan daha çox olduğu müşahidə olundu". Bu fikri ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib. O qeyd edib ki, eyni zamanda münaqişənin həllinə təsir edə biləcək dövlətlərin Rusiyadan daha çox səy göstərdiyini iddia etmək mümkün deyil: "ABŞ Dövlət Departamenti iyunun 21-də yaydığı bəyanatda Dağlıq Qarabağ məsələsinə toxunsa da, dövlət katibi hələ də Bakıya səfər etməyib".
P.Teys əlavə edib ki, Azərbaycanın 20%-dən çox ərazisini işğal edən Ermənistanın Naxçıvan MR-i iqtisadi blokadaya saldığını da unutmamaq lazımdır. O həmçinin əlavə edib ki, Ermənistan iqtisadiyyatının Rusiya iqtisadi yardımından asılı olduğu faktdır: "Ermənistanın əhalisinin sayı kəskin şəkildə azalır, bunu səbəbi də korrupsiya və Helsinki Yekun Aktına zidd olaraq müharibəni davam etdirməsidir".
"ATƏT tərəfindən təşkil edilən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret nəticə əldə ediləcəyini gözləmirəm", -deyən Piter Teys əlavə edib ki, Ermənistan Azərbaycanın işğal etdiyi yeddi rayonunu, həmçinin Dağlıq Qarabağdan qoşunlarını çıxartmadığı müddətdə münaqişənin həllinə dair hər hansı müsbət nəticə gözlənilmir: "XİN rəhbərlərinin görüşündə prezidentlərin görüşünün təşkilinə dair müzakirələr olacaq. Ancaq bütün bu görüşlərdən əvvəl Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, Naxçıvan Muxtar Respublikasını blokadada saxlamaqdan imtina etməlidir. Əfsus ki, biz beynəlxalq təşkilatlarınn Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə səsləyən, Ermənistanı işğalçılıq siyasətindən çəkindirən bəyanatlarının şahidi olmuruq. Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatlar açıq şəkildə rəsmi İrəvana təzyiq edən, onu Azərbaycanın suveren ərazilərinə hörmət etməyə səsləyən açıq bəyanatlar yaymalıdır.
Ermənistan Avropanın enerji məsələləri üzrə mühüm tərəfdaşı olan Azərbaycanın 20% ərazisini işğal edib. Ermənistan Azərbaycan ilə müharibə aparmaqdansa iqtisadiyyatını çiçəkləndirməyə, korrupsiyanı aradan qaldırmağa köklənməlidir. Bu, regionun sabitliyi və münaqişənin sülh yolu ilə həlli üçün əsas məsələdir.
Ermənistan hökumətinin məqsədi Qafqazda ancaq zərər vurmaq və qeyri-sabitlik yaratmaqdan ibarətdir. Lakin Azərbaycan münaqişənin həlli üçün bir sıra təşəbbüslər göstərib."