Oqtay Əsədov Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Siyasət

Oqtay Əsədov  Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

"Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar əmin-amanlıq şəraitində yaşayırlar"


Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
MM-dən verilən məlumata görə, spiker qeyd edib ki, ortaq dini-mənəvi dəyərlərimiz əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır. Bu dəyərlər arasında İslam amilinin rolu danılmazdı. Azərbaycan İslam dəyərlərinin qorunmasına və təbliğinə böyük önəm verir. Heç də təsadüfi deyildi ki, 2017-ci il ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunmuş və IV İslam həmrəyliyi oyunları ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilmişdir. Bu gün Azərbaycanda 2000-dən çox məscid fəaliyyət göstərir, onlardan 300-ü tarixi abidə kimi qorunur. Qafqazın ən qədim məscidlərindən biri Şamaxıda yerləşir. Söhbətdə sədr Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq burada müxtəlif dinlərə məxsus insanların birgə əmin-amanlıq şəraitində yaşayıb, fəaliyyət göstərdiklərini, ölkəmizin dünyada öz tolerantlığı ilə seçildiyini vurğulayıb. Qeyd edilib ki, münasibətlərimizin dərinləşməsinə parlamentlərimiz də öz tövhələrini verə bilər. Bu gün Milli Məclisdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Bizcə, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi işin xeyrinə olardı. Spiker Dağlıq Qarabağ probleminin həllində Özbəkistanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirərək, buna görə Özbəkistan dövlətinə və xalqına öz minnətdarlığını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, qeyd etdi ki, parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsi dost və qardaş xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Artukbek Yusupov Azərbaycanda İslami dəyərlərə olan dərin hörmət və ehtiramı yüksək qiymətləndirdi. O, İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımları alqışladı. Qonaq qeyd etdi ki, bu gün müstəqil Azərbaycan təkcə Qafqaz regionunda deyil onun hüdudlarından çox-çox kənarlarda da özünə böyük nüfuz qazanmışdır. O, ölkəsinin həyatın bütün sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb.