
ABŞ-ın sözdə İŞİD-ə qarşı mübarizə məqsədi ilə silahlandırdığı PYD qüvvələrinin Türkiəyə qarşı mübarizəyə hazırlaşdığı ilə bağlı informasiyalar yayılmaqdadır.
Maraqlıdır, artıq arsenalında çoxsaylı ağır silahlar olan PYD Türkiyə üçün ciddi problemə çevrilə bilərmi? PYD-nin Türkiyəyə hücum etməklə İŞİD-in bacarmadığını bacarması mümkündürmü?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri PYD-nin Türkiyə ilə açıq mübarizə aparmaq iqtidarında olmadığını vurğulayıb: "Əsas narahatlıq PYD-YPG-nin Türkiyəyə hücum təhlükəsi ilə bağlı deyil. Bu, real da deyil. Türkiyə kimi möhtəşəm bir orduya sahib olan dövlətlə 2-3 minlik hərbi gücə malik PYD-nin savaşması mümkün deyil. Lakin məsələ ondadır ki, ABŞ-ın PYD-yə verdiyi silahlar dolayısı ilə PKK-ya çatdırılır. PKK-ya qarşı Türkiyənin apardığı mübarizə çərçivəsində bu həqiqət ortaya çıxıb. Bu silahlar ələ keçib. Lakin hələ də ABŞ iddia edir ki, silahların PKK-nın əlinə keçməsinin qarşısı alınacaq. Fəqət baş verənlərdən görünür ki, ABŞ-ın niyyəti yalnız İŞİD-in simvolik paytaxtı Rakkanı PYD vasitəsi ilə almaq deyil. Həm də regionda Aralıq dənizinə çıxışı olan bir kürd koridoru formalaşdırmaq istəyir. Bu koridorla İraqın enerji mərkəzlərindən neft və qazın yeni yol xəritəsi varisəsi ilə Aralıq dənizinə çıxartmaq, oradan isə Avropaya çatdırmaq niyyətindədir. Türkiyə bu planları bilməmiş deyil. Türkiyənin "Fərat qalxanı" əməliyyatı da əslində kürd koridoru məsələsinin qarşısını almağa hesablanmışdı.
Türkiyə yenidən qüvvələrini Afrin kontoru istiqamətində cəmlşdirir və çox güman ki, yaxın gələcəkdə Azad Suriya Ordusu ilə birlikdə böyük hərbi əməliyyatlara başlayacaq. Bu konteksdə PYD-nin Türkiyəyə qarşı savaş aparacağı ilə bağlı informasiyalar dolaşır. Ola bilsin ki, bunun arxasında elə ABŞ-ın özü dayanır. Çünki bu cür informasiyalar Türkiyəni geri çəkilməyə vadar etməyə hesablanıb. Lakin hər bir halda Türkiyə bu probemi aradan qaldırmaq niyyətindədir və bunun üçün kifayət qədər gücü var".