“Gələcəyimiz hələ qabaqdadır” Siyasət

“Gələcəyimiz hələ qabaqdadır”

Malena Mard: "Ümid edirik ki, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın gündəliyi daha da genişlənəcək"

"Avropa Birliyi ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq mövcuddur". APA-nın məlumatına görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa Günü ilə bağlı təşkil olunan tədbirdə deyib. "Biz qonşularla birgə işləməyə böyük dəyər veririk. Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın möhkəm əsasları var. Ümid edirik ki, əməkdaşlıqla bağlı gündəliyimiz daha da genişlənəcək. Gələcəyimiz hələ qabaqdadır", - deyə diplomat bildirib. Səfir qeyd edib ki, bu əməkdaşlığın inkişafına öz töhfəsini vermək istəyir.
Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Günü münasibətilə Avropa Birliyinə daxil olan ölkələrin başçılarını, Avropada yaşayan xalqları təbrik edib və onlara sülh, əmin-amanlıq arzu edib. Nazir bəyan edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra AB ilə Azərbaycan arasında münasibətlər inkişaf etməyə başlayıb: "Bu gün həm siyasi, həm iqtisadi sahələrdə sıx əlaqələr mövcuddur. Azərbaycanın neft və qaz strategiyası eyni zamanda qonşu ölkələrə də çox töhfələr verib. Enerji sahəsində əlaqələrimiz yeni səviyyəyə çatıb. Azərbaycan Avropanın şərq ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır".