“Merkel və Şultsun bəyanatları çox qorxulu bir tendensiyadan xəbər verir” Siyasət

“Merkel və Şultsun bəyanatları çox qorxulu bir tendensiyadan xəbər verir”

Elman Nəsirov: "Bunlar çox qorxulu proseslərdir və cəmiyyətə də təsirsiz qalmır"

"Kansler seçkilərinin Merkel üçün əvvəlkilərdən daha gərgin olacağı indidən proqnozlaşdırılır. Almaniyanın özündə islamofob qüvvələrin xeyli gücləndiyi bir reallıqda Merkelin qalibgəlmə şansları getdikcə azalmaqdadır. Alman ekspertləri ən azından bu cür fikirlər səsləndirirlər. Hətta deyirlər ki, Almaniyada beşpartiyalı deyil, yeddi partiyalı hökumət qurula bilər. Bu da ölkənin siyasi sistemində xeyli dəyişikliklərin olduğunu göstərir". Bu fikirləri millət vəkili, politoloq Elman Nəsirov səsləndirib. Onun sözlərinə görə, bu, ənənəvi partiyaların mövqelərinin zəifləməsi və digər partiyaların güclənməsi kimi dəyərləndirilə bilər: "Bunları dedikdə daha çox islamofob qüvvələrin gücləndiyini demək istəyirəm. Almaniyadakı proseslər eynilə Hollandiyada da yaşandı. Siyasi qüvvələr hakimiyyətlərini qoruyub saxlamaq üçün bir çox hallarda neofaşist qüvvələr kimi davranırlar. Onlar cəmiyyətdə nüfuzlarının artdığını dərk edərək, bir çox hallarda bəyanatlarını elə bir şəkildə verirlər ki, sanki neofaşistlər hakimiyyətə gəlib. Bu yerdə ölkə başçısı İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində "Rossiya 24" kanalına verdiyi müsahibə yadıma düşür. Cənab prezident müsahibəsində vurğulamışdı ki, on il bundan əvvəl desəydilər ki, neofaşist qüvvələr yenidən bu qədər fəallaşacaqlar, heç kim buna inanmazdı, deyəcəkdilər ki, bu, bir xülyadır. Amma bu gün Avropa ölkələrində bu qüvvələr o qədər fəallaşıblar ki, çox qorxulu bir tendensiya yaranıb. Onlar bu gün hakimiyyətə gəlməyiblər, amma gəlməyə iddialıdırlar. 5-10 il sonra bu qüvvələr hakimiyyətə gəlsələr, dünyamızı nə gözləyir? Təbii ki, fəlakətli günlər yaşaya bilərik. Bir dəfə 1933-cü ildə bu qüvvələr Almaniyada hakimiyyətə gəldilər, 70 milyon insanın ölümünə səbəb olan İkinci Dünya müharibəsi baş verdi. Ona görə cənab prezident həyəcan təbilini çalıb. Təəssüflər olsun ki, hazırda bir çox siyasətçilərin məsuliyyətsiz bəyanatlarının şahidi oluruq". O vurğulayıb ki, Almaniya kansleri Merkelin, eləcə də bu ölkənin kansleriyinə və baş nazirliyinə iddialı olan Şultsun verdiyi bəyanatlar, xüsusilə Türkiyə ilə bağlı dedikləri bu gün çox qorxulu bir tendensiyadan xəbər verir: "Hər iki siyasətçinin verdiyi bəyanatlar islamofob qüvvələrin dedikləri ilə üst-üstə düşür. Bunlar çox qorxulu proseslərdir və cəmiyyətə də təsirsiz qalmır. Əgər iki siyasətçinin dedikləri islamofob qüvvələrin dedikləri ilə üst-üstə düşürsə, bu alman cəmiyyətində yaşayan 3 milyon-bəzi məlumatlara görə, 10 milyona yaxındır - türkə qarşı antitürk düşüncəsinin formalaşmasına səbəb olur. Bu da çox qorxulu proseslərə doğru gedişdir. Türkiyədəki son referendum öncəsi Almaniya, Belçika və Hollandiya kimi ölkələrdə antitürk siyasətinin aparılması gözlərimizin qarşısında baş verdi. Bu gün Avropada hakimiyyətdə olan, yaxud hakimiyyətə iddialı qüvvələr bəyanatlarında məsuliyyət hissindən uzaq olurlar. Bu məsələlərdə Avropa liderləri çox məsuliyyətli olmalıdırlar. Əks halda, dünyamızı çox dəhşətli fəlakətlər gözləyə bilər. Sonda bir daha xatırladıram ki, 1933-cü il hadisələri qətiyyən unudulmamalıdır. O zaman Hitler hakimiyyətə zəbt yolu ilə deyil, şovinist şüarları hesabına gəlmişdi. Bu da dünya üçün böyük fəlakətlə nəticələndi".