“Ermənistanın imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm” Siyasət

“Ermənistanın imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm”

Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
Ceyms Appaturay NATO adından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə edib.
Ceyms Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirib.
Prezident İlham Əliyev ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu deyib və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib.