“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə optimist ifadələr səsləndirilib” Siyasət

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə optimist ifadələr səsləndirilib”

Fikrət Sadıqov: "Bütün bunlar masa arxasında konstruktiv məqamların olduğunu göstərir"

"Həmsədrlərin 25 illik fəaliyyəti onların regiona səfərləri ilə bağlı müsbət söz söyləməyə imkan vermir. Amma reallıqda var ki, sentyabr ayında Nyu-Yorkda BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra həmsədrlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə optimist ifadələr səsləndirilib. Bir müddət bundan öncə Ermənistan xarici işlər nazirinin işğal altında olan torpaqlarımızın 5 rayonun geri qaytarılması, daha sonra keçmiş amerikalı həmsədr Hoqlandın 6 prinsipdən ibarət təklifini xatırladan politoloq söyləyib ki, bütün bunlar masa arxasında konstruktiv məqamların olduğunu göstərir. Bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov da BMT sessiyası çərçivəsində həyata keçirilən ikitərəfli görüşdən sonra bildirmişdi. Bu da o deməkdir ki, problemin həllində müəyyən canlanma var". Bunu politoloq Fikrət Sadıqov deyib.

Onun fikrincə, Azərbaycan üçün bu məsələdə yenilik beynəlxalq hüquq normalarına əməl edilməsidir: "Bu da o deməkdir ki, aparıcı dövlətlər Ermənistana təzyiq göstərməlidirlər. Bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar 4 qətnamə var və bu dövlətlər Ermənistanı həmin qətnamələri yerinə yetirilməsinə məcbur etməlidirlər. Əgər həmsədrlər regiona məhz bu təkliflərlə gəlsələr o zaman onlar bizim maraqlarımıza cavab verə bilərlər. Yox əgər onlar köhnə amplualarında qalacaq, uzun illər səsləndirdikləri çeynənmiş ifadələri yenidən təkrar edəcəklərsə, o zaman yenə də heç bir nəticə əldə olunmayacaq".
Prezidentlərin görüşünə gəlincə politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşməsi üçün XİN başçıları, və ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təkliflər paketi ilə çıxış etməli, yeni təşəbbüslər irəli sürməlidirlər: " Çünki, Azərbaycan görüş naminə görüşdən imtina edir. Bu baxımdan təkliflər paketinin hazırlanması çox vacibdir. Belə olan halda, prezidentlər görüşə, imza da atıla bilər".
Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün mətbuata açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklərini bildirib. Onun sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər. "Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər". - deyə, E. Məmmədyarov qeyd edib.