“Son 3 ildə Ermənistana dünya dövlətləri tərəfindən investisiya yatırılmır” Siyasət

“Son 3 ildə Ermənistana  dünya dövlətləri tərəfindən investisiya yatırılmır”

Mübariz Əhmədoğlu: "Ermənistan Azərbaycandan üzr istəməli, qoşunlarını işğal edilmiş ərazilərdən geri çəkilməlidir"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Politoloq dünyada və bölgədə baş verən prosesləri şərh edib.
Ekspert bildirib ki, dünyada baş verən hadisələr prizmasından baxdıqda Dağlıq Qarabağ məsələsində aktivlik hiss olunur. O qeyd edib ki, İraq və İspaniyada keçirilən referendumlar Avropanı ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur etdi. Politoloqun sözlərinə görə, Qərb bu referendumlardan öncə ərazi bütövlüyünü passiv şəkildə dəstəkləyirdi. M. Əhmədoğlu əlavə edib ki, qonşu dövlətlər də ərazi bütövlüyü prinsipinə dəstək verir. Xüsusilə Rusiya, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin İraqın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Politoloq həmçinin əlavə edib ki, Ermənistanda blef kampaniyası nə qədər güclüdürsə, ölkə daxilində vəziyyət o qədər gərgindir: "Dağlıq Qarabağ münaqişəsinin həlli yeni mərhələyə daxil olub. Azərbaycan prezidenti İlham Əliyev münaqişənin həllinin nəzəri konsepsiyasını hazırlayıb. Dağlıq Qarabağ məsələsində hazırkı problem konseptual həllin praktiki mərhələyə keçməsidir".
Politoloq deyib ki, dünyada baş verən proseslər Ermənistana mənfi təsir edib. Onun sözlərinə görə, Rusiya Ermənistanı vadar edir ki, Suriyaya qoşun göndərsin. Suriyada İŞİD məğlub olur. Hazırda vəziyyəti idarə edəcək dövlət Suriyada quru qoşunu çox olan dövlətdir: "İranın quru qoşunu çox olduğu üçün Rusiya burada uduzur. Ona görə də Rusiya KTMT dövlətlərindən xüsusilə Ermənistandan Suriyaya quru qoşunları göndərmək istəyir. Bu isə Suriyada Ermənistanın İranla üz-üzə gəlməsidir". Politoloqun fikrincə, Ermənistan üçün Dağlıq Qarabağ tənzimlənməsində daha riskli məsələlər var.
Onun sözlərinə görə, Ermənistan Azərbaycandan aman istəməlidir: "Azərbaycanın investisiyası Ermənistana daxil olmayana qədər başqa dövlətdən ora investisiya daxil olmayacaq". O qeyd edib ki, son 3 ildə Ermənistana dünya dövlətləri tərəfindən investisiya yatırılmır. Politoloq vurğulayıb ki, buna görə də Ermənistan Azərbaycandan üzr istəməli, qoşunlarını işğal edilmiş ərazilərdən geri çəkilməlidir.
O həmçinin beynəlxlq siyasi vəziyyəti də analiz edib. M.Əhmədoğlu deyib ki, Suriyada gedən proseslər bütün dünyanın taleyini həll edəcək səviyyədədir. O qeyd edib ki, ABŞ İranla P5+1 formatında razılaşmanı dayandırmaq istəyir. Buna səbəb İranın nüvə proqramı ilə bağlı öhdəlikləri yerinə yetirməməsi göstərilir.
Politoloq vurğulayıb ki, İranla ABŞ arasında gizli öhdəlik məsələsi var. Bu öhdəlik ondan ibarətdir ki, İran Rusiyanın əleyhinə getməli idi: "Hazırda dünyada, xüsusilə də Suriyada gedən proseslərin Qarabağ tənzimlənməsinə təsiri var. Suriyada hazırda 4 güc var. Onların içərisində ən güclüsü Rusiyadır. Rusiya çalışacaq ki, ABŞ və Türkiyəni Suriyadan çıxarsın, İranla mübarizə aparsın". Politoloq deyib ki, Suriyada Rusiya ilə İranın arasındakı qarşıdurma bizim regiona da təsir edəcək.
Politoloq əlavə edib ki, Hindistan və Çin Myanma hadisələrinə münasibət bildirərək Myanma hökumətinin apardığı siyasəti açıq şəkildə dəstəklədilər. O qeyd edib ki, Rusiya Federasiyası Myanmada qarşıdurma tərəflərini dialoqa çağırdı. Ramzan Kadırovun və digər müsəlmanların hiper aktivliyi Rusiyada ani müsəlmanlara dəstək mövqeyi yaratdı və RF mövqeyini dəyişdi. Politoloq vurğulayıb ki, Səudiyyə Ərəbistanı Myanma hökumətini əhalini diskriminasiyadan qorumağa çağırdı. Myanmanın siyasi lideri, dövlət müşaviri və xarici işlər naziri, Nobel mükafatı laureatı Aun San Çji Myanmanın Rakxayn ştatında insan hüquqlarının pozulmasını pislədi: "Myanma hadisələrinin tarixi kökü var. Myanma müstəmləkəçilikdən azad olduqdan sonra müsəlman əhalisinə qarşı normal davranış qura bilmədi. Son dövrlərdə bu məsələ Əfqanıstanın Bamian əyalətində budda məbədinə qarşı radikal dini qruplaşma olan taliblərin etdiyi hücumdan başladığı barədə məlumatlar yayılır. Əgər belədirsə, taliblərin günahı ciddidir. Amma Myanmada müsəlmanlar uzun müddət qeyri-ordinar problem şəratində yaşamasaydı, özlərini dünyanın beşiyi hesab edən Hindistan və Çin bu qeyri ordinarlığa münasibət bildirsəydi, bəlkə də vəziyyət başqa cür inkişaf edərdi. BMT–nin Myanma qırğınlarına münasibəti irili-xırdalı bütün dövlətlər üçün əsas olmalıdır".Politoloq qeyd edib ki, Gülbəddin Hikmətyarın başçılıq etdiyi Əfqanıstanın İslam partiyası bəyanat yayaraq taliblərin törətdiyi bu hadisəni bir daha yada saldı.M. Əhmədoğlu əlavə edib ki, Çeçenistan, Türkiyə və İran olmasından asılı olmayaraq hansısa bir müsəlman qrupu taliblərlə ciddi iş aparmaq məqsədi ilə Əfqanıstana göndərilməlidir: " İslam dini buddizmi müdafiə etməyə qətiyyən icazə vermir. Amma İslam dini müsəlmanlara fəlakət gətirən istənilən qrupa qarşı vuruşmağı vacib hesab edir. Taliblərin buddanın məbədinin dağıtmasına müsəlmanın fəaliyyətinə problem yaradan hadisə kimi yanaşmaq olar. Biz müsəlmanlar özümüzü sonuncu dinin təmsilçiləri hesab edərək, özümüzü hamıdan ağıllı bilirik. Ağıllıyıqsa, ilk addımı da biz atmalıyıq. Əks-təqdirdə Myanmada başlayanlar Çin və Hindistanda da davam edə bilər. Hindistanda bunun əlamətləri başlayıb: Kəşmirdə hökumət müsəlmanlara məhərrəmlik mərasimlərini keçirməyə imkan vermədi".