“Təkbətək görüşdə Sarkisyanı məmnun etməyən məqamlar ortaya çıxa bilər” Siyasət

“Təkbətək görüşdə Sarkisyanı məmnun etməyən məqamlar ortaya çıxa bilər”

Qabil Hüseynli: "Etnik təmizləmə aparan dövlət sanksiyaya məruz qalmalıdır"

"Ermənistan prezidenti Serj Sarkisyan Cenevrə görüşündən öncə demişdi ki, o görüşdən heç nə gözləmir. Görüşdən sonra isə Sarkisyan bildirdi ki, iki prezidentin görüşü münaqişəni həll edə bilməz". Bu fikirləri politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, Sarkisyan Rusiyanın himayəsi altında hərəkət etməyə, həmçinin Rusiyanın dəstəyini çiynində hiss etməyə öyrəşib. Politoloq vurğulayıb ki, təkbətək görüşdə Sarkisyanı məmnun etməyən məqamlar ortaya çıxa bilər.
Q. Hüseynli hesab edir ki, onların əsas məqsədi Azərbaycan torpaqlarına sahiblənməkdir: "Bunu da beynəlxalq qüvvələrin köməyi ilə həyata keçirmək istəyirlər. Bu isə baş tutası deyil. Ona görə də görüş nəticəsiz qalır". Politoloq qeyd edib ki, Ermənistan işğalçı dövlətdir və öz səhvlərini diqtə edə bilməz: "Digər dövlətin ərazisini işğal edən, etnik təmizləmə aparan dövlət sanksiyaya məruz qalmalıdır. Təəssüf ki, bu sanksiya tətbiq edilmir. Bundan sonra ola bilsin ki, bu məsələ BMT və ATƏT çərçivəsində geniş müzakirə edilsin...Həmçinin Cenevrədə baş tutan görüşdə prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Düşünürəm ki, Ermənistan buna yenə də əməl etməyəcək". Ortada heç bir nəticənin olmadığını deyən politoloq bildirib ki, növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər: "Danışıqların davam etdirilməsi üçün həmsədrlər ortaya nəsə qoymalıdırlar. Bildiyiniz kimi Ermənistan uzun müddət idi ki, danışıqlardan yayınırdı. Düşmən ölkə danışıqlar masasına Rusiya və digər ölkələrin təzyiqi ilə qayıtdı. Amma buna baxmayaraq, Ermənistan danışıqlara yenə də danışıqlar xatirinə gəlmişdi. Danışıqların bundan sonra davam etməsi isə ciddi sual altındadır".