“CNN-in aparıcısı Azərbaycan torpaqlarının işğalının pərdələnməsində təbliğat alətinə çevrilib” Siyasət

“CNN-in aparıcısı Azərbaycan torpaqlarının işğalının pərdələnməsində təbliğat alətinə çevrilib”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Burdenin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur "Buzzfeed news" media orqanına müsahibə verib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, H. Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün A. Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.
"Təəssüf edirik ki, Antoni Burden Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində təbliğat alətinə çevrilib. İşğal altında olan ərazilərdən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir".
Müsahibədə H. Hacıyevin "Twitter" profilində yer alan statusuna istinadən qeyd olunub ki, etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici, mənəviyyatsız hərəkətdir və bu, dayandırılmalıdır.