Azərbaycan prezidentindən Ermənistana açıq mesaj Siyasət

Azərbaycan prezidentindən Ermənistana açıq mesaj

Tofiq Abbasov: "Hazırda bir həqiqət var və bu da ondan ibarətdir ki, Ermənistanın nicat açarı Azərbaycanın əlindədir"
Anar Turan: "Erməni xalqına xatırladılıb ki, onların düşdüyü bu acınacaqlı vəziyyətin birbaşa səbəbkarı Ermənistanın hazırki iqtidarıdır"
Əli Orucov: "Prezident ermənilərə düşdükləri ağır durumdan çıxmalarının yolunu aydın şəkildə göstərib"

Azərbaycan prezidenti İlham Əliyev "Respublika Günü" münasibətilə keçirilən rəsmi qəbulda çıxışında deyib ki, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Dövlət başçısı bildirib ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmayıb: "Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə deyiblər, Ermənistan buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulub və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyil. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulub. İkinci erməni dövləti olmayacaq, qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcək. Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar var. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcək. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi var, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir...".
Prezident İlham Əliyevin erməni xalqına müraciəti hansı şərtlərdən və zərurətdən irəli gəlir?
Politoloq Tofiq Abbasovun fikrincə, Azərbaycanın dövlət başçısının ermənilərə müraciəti ondan xəbər verir ki, münaqişənin hazırkı vəziyyətində daha güclü və haqlı tərəf işğalçı dövlətin xalqının gözünü reallığa açmaq istəyir: "Bu müraciəti praqmatik gediş kimi qiymətləndirmək yerinə düşər. Azərbaycan artıq öz ərazi bütövlüyün bərpa etməyə qadirdir. Bunu vasitəçilər də, beynəlxalq təşkilatlar da, dünya birliyinin aparıcı ölkələri də anlayır. Belə olduqda ermənilərin münaqişənin həllində irəliləyişə mane olmaları və status kvonun dəyişməz vəziyyətdə qalmasına çalışmaları intihara bənzər bir şeydir. Azərbaycan rəhbəri dəfələrlə qarşı tərəfi agah edib, onun diqqətinə çatdırıb ki, öz imkanlarına görə Bakı istənilən məqamda Qarabağa nəzarəti bərpa etmək istiqamətində əməliyyata başlaya bilər. Belə olduqda itirən Ermənistan olacaq... Yeni dağıntılar, itkilər olmasın deyə, prezident İlham Əliyev öz erməni cəmiyyətini daha məsuliyyətli olub düzgün mövqe sərgiləməyə çağırır... Əgər bu baş verməsə, onsuz da özünün geosiyasi aqibətininn naməlumluğu ilə barışmış Ermənistanı daha da sərt, ciddi və hətta dağıdıcı imtahan qarşılayacaq... Ona görə də İlham Əliyev bir daha Ermənistan rəhbərliyinə mesaj verib ki, rəsmi İrəvan nə qədər tez təhlükəli mövqedən əl çəkib adekvatlıq atmosferinə doğru hərəkət etsə, onun özü üçün yaxşı olacaq. Hazırda bir həqiqət var və bu da ondan ibarətdir ki, Ermənistanın nicat açarı Azərbaycanın əlindədir. Bunun üçün İrəvan gərək Azərbaycan torpaqlarından qoşunlarını çıxarıb barışığa doğru addımlar atsın".
Politoloq Anar Turan vurğuladı ki, prezident İlham Əliyevin ermənilərə müraciət etməsi əslində dövlət başçısının münaqişəli vəziyyət olmağına baxmayaraq insan anlayışına hörmətlə yanaşdığının göstəricisidir: "Yəni Prezident İlham Əliyev erməni xalqına xatırladıb ki, onların düşdüyü bu acınacaqlı vəziyyətin birbaşa səbəbkarı Ermənistanın hazırki iqtidarıdır. Çünki, məhz onlar ölkəni bürümüş işsizlik, sosial problemlər, miqrasiya hallarını Qarabağ konflikti ilə ört-basdır etməyə cəhd göstərir, psevdopatriotizmlə erməni xalqını onillərdir təcrid olunmuş vəziyətə salıblar. Və onlar erməni xalqını bu vəziyyətlə barışmağa məcbur ediblər. Əgər erməni xalqı bu talançı rejimdən xilas ola bilsə onların vəziyyəti indikindən daha yaxşı olar. Çünki nə qədər ki, işğalçılıq bu dövlətin siyasətinin tərkib hisssəsidir onlarla heç bir kompromisdən söhbət gedə bilməz. Dünya da bununla barışmır. BMT Təhlükəsizlik Şurasının qətnamələri erməni dövlətin işğalçı mövqeyini dəfələrlə pisləmişdir. Yəni bu gedişlə Ermənistan hakimiyyəti uzağa getməyəcək. Prezidentin fikrincə Azərbaycanın öz torpaqlarına sahib olacağı gün uzaqda deyil. Münaqişənin uzanmasından zərər çəkən isə yalnız sadə erməni vətəndaşlar olacaqlar ki, bunun da günahı Sarkisyan iqtidarındadır. Erməni xalqı nəhayət başa düşməlidir ki, onların həyatlarının normal axara düşməsinin yeganə şansı Azərbaycan torpaqlarının boşaldılması və regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır. Əks halda Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək".
Siyasi ekspert Əli Orucov də vurğuladı ki, prezident İlham Əliyevin Respublika günü ilə bağlı "Buta" sarayında çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlər təqdir olunmalıdır: "Prezident bu niqtində tarixən alətə çevrilmiş ermənilərə həm xəbərdarlıq edib, həm də onlara düşdükləri ağır durumdan çıxmalarının yolunu aydın şəkildə göstərib. Əgər erməni xalqının ağlı olsaydı düşdükləri mövcud reallıqlara düzgün qiymət verib
doğru yola qayıtmalıdır. Həqiqətən də, Ermənistan bir dövlət kimi formal da olsa mövcudluğunu saxlamaq istəyirsə, ağılsız iddialarından və işğalçılıq niyyətlərindən əl çəkməlidir. Əks təqdirdə Azərbaycan ordusu onlara öz yerlərini göstərməyə qadirdir".

Əli