Zərif ölkəsinin mövqeyini bildirib Siyasət

Zərif ölkəsinin mövqeyini bildirib

"İran Xəzəryanı ölkələrə beynəlxalq sulara çıxışa icazə verməyə hazırdır"

"Xəzəryanı ölkələr Xəzərin hüquqi statusuna dair Konvensiyanın böyük hissəsini razılaşdırıblar".
Bunu Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci toplantısında İran xarici işlər naziri Cavad Zərif deyib.
C. Zərif bildirib ki, görüşdə Xəzər dənizinə aid məsələlərin yalnız sahilyanı dövlətlər tərəfindən fikir mübadiləsi yolu ilə həllinin vacibliyi vurğulanıb: "Tərəflər xarici hərbi qüvvələrin dənizə daxil olmasına qadağa qoyulmasına dair yekdil olublar".
O qeyd edib ki, İran digər Xəzəryanı ölkələrə malların daşınması, neft və qazın nəql olunması məsələlərində beynəlxalq sulara çıxmaq üçün icazə verməyə hazırdır.
Xəzəryanı ölkələr arasında daha sıx əməkdaşlıq planları təklif edən C. Zərif deyib ki, tərəflər birgə investisiya fondunun yaradılması, gömrük məsələlərinin koordinasiyası məsələlərində razılığa gələ, habelə səfərlərlə bağlı viza tələblərini aradan götürə bilərlər.
Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair növbəti görüşün gələn il Astanada keçirilməsi gözlənilir.