Komitə sədri Seçki Məcəlləsinə edilən dəyişiklikləri şərh edib Siyasət

Komitə sədri Seçki Məcəlləsinə edilən dəyişiklikləri şərh edib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə edilən son dəyişiklikləri şərh edib.
Komitə sədri bildirib ki, 2010-cu il 18 iyun tarixli 1035-VQD nömrəli qanunu ilə Seçki Məcəlləsində dəyişikliklər edilərək qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı müddəalar məcəllədən çıxarılıb.
Ə. Hüseynli deyib ki, əvvəllər qeydə alınmış namizədlər istifadə etdikləri pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini həmin vəsaitdən ödəyirdilər, istifadə edilməmiş vəsaiti isə geri qaytarırdılar: "Bununla bağlı bir sıra maddələr məcəllədən çıxarılsa da, 162, 164, 195 və 197-ci maddələr ləğv edilməmişdi. Bu isə məcəllədə daxili ziddiyyətlər yaradırdı. Belə ki, hazırda qüvvədə olan məcəllənin 80.6-cı və 83.9-cu maddələrinə uyğun olaraq namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna pulsuz efir vaxtı verilməsi və dövri nəşrlərin səhifələrində pulsuz yer ayrılması ilə əlaqədar çəkilən xərclər müvafiq olaraq teleradio verilişləri təşkilatlarına, dövri nəşrlərin redaksiyalarına dövlət büdcəsindən ödənilir. Bu səbəbdən layihədə məcəllənin 162, 164, 195 və 197-ci maddələrinin ləğv edilməsi, 73-1.2-ci, 90.7-ci maddələrində isə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur".
Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişikliklər komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılır.