“Separatizm hədəf aldığı ərazidən asılı olmayaraq təhlükəlidir” Siyasət

“Separatizm hədəf aldığı ərazidən asılı olmayaraq təhlükəlidir”

Azərbaycan torpaqlarını işğal altında saxlayan, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq minlərlə həmvətənimizin qanını tökən Ermənistanın xüsusi xidmət orqanlarının əl buyruqçuları Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi separatçılara Rusiya ərazisindən ölkəmizə qarşı bölücü fəaliyyətlərini, çağırışlarını və təxribatlarını davam etdirməyə şərait yaradılması təkcə Azərbaycan qanunvericiliyinə deyil, o cümlədən Rusiyanın da müvafiq hüquqi-normativ aktlarına ziddir.
BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Rusiyada separatizmin bütün təzahürləri, o cümlədən separatçı çağırışlar da cinayət hesab olunur:
"Rusiya Cinayət Məcəlləsinin 280.1-ci maddəsində "Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına xidmət edən çağırışlar cinayət əməli kimi tövsif olunur və belə hərəkətlərə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Belə çağırışların həyata keçirilməsi istiqamətində atılan addımlar isə vətənə xəyanət sayılır. Bu məsələ ilə bağlı Rusiya qanunvericiliyinin, bütövlükdə hüququn fəlsəfəsindən çıxış etsək, bu ölkədə Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi separatçılar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Fəxrəddin Aboszadə və Zabil Məhərrəmovun əməlləri xalqlar arasında nifrət yaradılmasına, nifaq salınmasına xidmət edir və buna görə Rusiya Cinayət Məcələsinin 282 bəndində uzun müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub".
E.Mirzəbəyli hesab edir ki, adı çəkilən xəyanatkar ünsürlərin, iyrənc cəsusların Rusiyada fəaliyyət göstərmələrinə şərait yaradılması Azərbaycan və Rusiya arasında olan çoxşəxəli əməkdaşlıq münasibətlərinə, dövlətimizin qonşu ölkə ilə əlaqələrinin mahiyyətinə də qətiyyən uyğun gəlmir:
"Əslində, Rusiya belə məsələlərdə daha həssas olmalı və öz ərazisindən qonşu dövlətlərə qarşı separatçı fəaliyyətin həyata keçirilməsinin qarşısını almalıdır. Çünki Rusiya federativ dövlətdir və çoxmillətli bir dövlət üçün separatizm hədəf aldığı ərazidən asılı olmayaraq təhlükəlidir".